AZ

Ülviyyə: "Balacaboy olduğuma görə, lağ edənlər olur"

25 yaşlı gənc aktrisa Ülviyyə Qarayeva səhhətindəki problemlərə görə 10 yaşına qədər məktəbə getməyib.

Uşaqlıq illərinin müəyyən hissəsini həkimlərdə keçirən Ülviyyə deyir ki, uşaqkən ən böyük arzusu həkim olmaq və uşaqlara kömək etmək idi.

Amma televiziyada baxdığı hind filmləri və dinlədiyi hind mahnıları onu aktrisa olmağa həvəsləndirib.

Gənc aktrisa rəqs etməyi təkbaşına öyrəndiyini deyir. Ülviyyə bir çox rəqs yarışlarında iştirak edib və mükafatlar qazanıb.

Məktəb vaxtı üzləşdiyi çətinliklər belə onu öz məqsədindən döndərə bilməyib.

Onun sözlərinə görə, məktəb direktoru onun digər uşaqlardan fərqli olduğunu deyərək başqaları ilə eyni sinifdə oxumasını istəməyib və evdə təhsil almasını deyib. Ülviyyə isə bunu qəbul etməyib, hər kəs kimi məktəbə gedib oxumaq istədiyini təkid edib.

Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirən Ülviyyə Qarayeva hazırda magistratura imtahanlarına hazırlaşır.

Ülviyyə fiziki fərqi və əlilliyi olan insanların cəmiyyətdən təcrid edilməməsini istəyir.

O, gündəlik həyatında bəzən maneələrlə, bəzən də gülməli hadisələrlə qarşılaşdığını deyir.

Onun sözlərinə görə bəzən ictimai nəqliyyatda onun uşaq olduğunu düşünüb valideyninin harada olduğunu soruşurlar.

Ülviyyəyə görə, cəmiyyətin fərdi qəbul etməsi üçün ilk addım, insanın özünü qəbul etməsi və özünə dəyər verməsidir.

Jurnalist Könül Şahinin BBC Azərbaycanca üçün hazırladığı videoya YouTube kanalımızda baxın.

Seçilən
195
bbc.com

1Mənbələr