Ölkə başçısının Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsinə münasibət bildirən BQP başqanı, Millət vəkili Fazil Mustafa Azərbaycanın mövcud xarici siyasət xəttinin motivlərinin izah edilməsi, həm də qlobal siyasi proseslərin aktual problemləri ilə bağlı meydana çıxan bəzi suallara aydınlıq gətirilməsi baxımından əhəmiyyətli hesab etdiyini bildirib.
“Ümumiyyətlə, Azərbaycanın xarici siyasəti kifayət qədər praqmatizmə və və milli maraqlara söykənən siyasətdir. Şaxələnmiş xarici siyasətin nəticəsidir ki, Azərbaycan bu gün həm Avropa İttifaqının üzvü olan ölkələrlə, həm də region ölkələri ilə strateji tərəfdaşlıq və müttəfiqlik bəyannamələri imzalayıb. Müsahibədə qeyd edildiyi kimi Azərbaycanın təkcə Mərkəzi Asiya, Xəzər və Cənubi Qafqazda deyil, daha geniş coğrafiyada regional sabitliyə, regional sülhə verdiyi töhfə artıq qlobal, beynəlxalq aktorlar tərəfindən yüksək qiymətləndirilir.
Millət vəkili ölkə başçısının müsahibəsində Çinə xüsusi yer ayırmasına diqqəti çəkib: “Müsahibədə dünyanın böyük iqtisadi gücə və insan potensialına sahib ölkəsi olan Çinə münasibətə xüsusi yer ayrılması təsadüfi deyil. Azərbaycan - Çin münasibətləri qədim tarixə malikdir. Bu gün hər iki ölkə əməkdaşlığın inkişaf etdirilməsində, onu daha da irəliyə aparılmasında maraqlıdır. Azərbaycanla-Çin arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanmasının bu il bir ili tamam olur. Həmin müsahibədə qeyd edildiyi kimi: “Strateji tərəfdaşlıq çox yüksək səviyyəli qarşılıqlı etimad, əməkdaşlıq deməkdir”. Çin dünyanın böyük və getdikcə artan iqtisadi qüdrətə malik ölkəsi olmaqla yanaşı, həm də ciddi siyasi gücə və qlobal miqyaslı təsirlərə malik dövlətidir. Bədxahlarımızın təşəbbüsü ilə Azərbaycanla bağlı çıxarıla biləcək qərar və qətnamələrin necə nəticələnməsi BMT Təhlükəsizlik Şurasının daimi fəaliyyət göstərən ali orqanında beş üzv ölkəsindən biri olan Çinin həm də sərgiləyəcəyi mövqedən asılıdır. Necə ki, buna qədər həmin platformada Çinin davranışları bizim maraqlarımıza əsasən uyğun olub. Çin, Azərbaycanın ərazi bütövlüyünə birmənalı dəstək verən ölkələr sırasında olub. Azərbaycanın Çinə qarşı mövqeyi də hər zaman beynəlxalq hüququn bu prinsipinə uyğun olub. Bu baxımdan Çinlə münasibətlərin inkişafı Azərbaycanın maraq və mənafeyinə cavab verdiyi üçün bu əlaqələrin zamanın tələbinə uyğun qurulması da zəruridir.
Çin vətəndaşlarını viza almaq tələbindən azad etdiyimiz kimi, Çinə sərbəst səyahət etmələri üçün eyni fürsətlərin Azərbaycan vətəndaşları üçün də Çin tərəfindən yaradılmasının vacibliyi fikrinin ölkə başçısı tərəfindən səsləndirilməsinin də lazımlı və yerində olduğu qənaətindəyəm. Bu ölkələrarası münasibətlərdə bərabərhüquqluluğun və paritetliyin təmin edilməsi baxımından lazımdır.
Ümumiyyətlə, CGTN telekanalında yayımlanan müsahibəni müasir qlobal zidfiyyətlər, onların səbəbləri və həlli ilə bağlı ölkənin mövqeyinin geniş auditoriyalara çatdırılması baxımından əhəmiyyətli hesab edirəm.