“Barselona”nın yarımmüdafiəçisi Fermin Lopes “blauqrana”nın bu mövsüm UEFA Çempionlar Liqasının final oyununda iştirak edəcəyinə əmindir.
Arena.az xəbər verir ki, ispan futbolçu ÇL-in bu mövsüm may ayının 31-də Münhendə keçiriləcək həlledici oyununda iştirak edəcəklərini bəyan edib:
“Barselona” sonuncu dəfə UEFA Çempionlar Liqasını qazananda (2014/2015-ci illər mövsümü – redaktorun qeydi) mənim 12 yaşım vardı. Mən qələbəni ailəmlə birlikdə bayram etmişdim. Bu ilin may ayının 31-də mən orada, UEFA Çempionlar Liqasının finalında olacağam”, deyə Lopes əminliklə vurğulayıb.
Xatırladaq ki, Fermin Lopes “Barselona”nın öz yetirməsidir. 21 yaşlı mərkəz yarımmüdafiəçisi 2023-cü ildən Kataloniya təmsilçisinin əsas komandasında forma geyinir. İspan futbolçu indiyə qədər “Barselona”da 67 oyuna çıxıb, 16 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub. O, cari mövsümdə cəmi 25 oyuna çıxıb, 5 qol və 5 assistlə diqqət mərkəzinə düşə bilib.
Lopes bir müddət “Linares”də də icarədə olub və 40 oyuna 12 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Fermin 2024-cü ilin iyunundan İspaniyanın əsas yığma komandasında forma geyinir. O, milli komandanın heyətində 2 oyuna çıxıb, 1 məhsuldar ötürmə müəllifi olub. Lopes Paris-2024-də çempion olan İspaniyanın Olimpiya millisinin heyətində meydana çıxdığı 6 matçda 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
“Transfermarkt” internet-portalı 21 yaşlı ispan yarımmüdafiəçinin transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.