AZ

Strateji müttəfiqliyin başlanğıcı

12-13 fevral tarixlərində Somali Prezidenti Hasan Şeyx Mahmud ölkəmizdə rəsmi səfərdə oldu. Hər bir səfər münasibətlərin inkişafında yeni mərhələ kimi dəyərləndirilir. Gündəmə gətirilən məsələlər, imzalanan sənədlər münasibətlərin yeni istiqamətlər üzrə inkişafına böyük stimul verir.

Azərbaycan-Somali münasibətlərinin tarixinə qısa nəzər salaq. İki ölkə  arasında diplomatik əlaqələr 2004-cü ildə qurulub. İki ölkə arasında diplomatik münasibətlərin qurulmasından ötən dövr ərzində, xüsusilə son illərdə Azərbaycan-Somali təmaslarının artması əməkdaşlıq perspektivlərinin müzakirəsində faydalı rol oynayır. Azərbaycanla Somali arasında siyasi məsləhətləşmələr haqqında imzalanmış sazişə uyğun olaraq, əməkdaşlığın genişləndirilməsində bu kimi mexanizmlərdən istifadə olduqca vacibdir. Bir sıra istiqamətlər, o cümlədən kənd təsərrüfatı, balıqçılıq, neft və qaz sənayesi, yaşıl enerji, humanitar, təhsil sahələri üzrə əməkdaşlığın inkişafı üçün kifayət qədər geniş potensial mövcuddur. Bu istiqamətlərdə qarşılıqlı təmasların və təcrübə mübadilələrinin aparılması xüsusi əhəmiyyətə malikdir.

Onu da qeyd edək ki, vaxtilə Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinə dair İƏT-in Kontakt Qrupunun üzvü kimi Somali daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən ölkələrdən biri olub. Bundan əlavə, Somali-Türkiyə münasibətləri Azərbaycanın maraqlarına uyğun şəkildə inkişaf edir, çünki Türkiyə Azərbaycan üçün strateji tərəfdaşdır və onun Afrika ilə əməkdaşlığında mühüm rol oynayır. Somali, həmçinin iqtisadi baxımdan inkişaf etməkdə olan ölkədir və Azərbaycanla enerji, logistika, kənd təsərrüfatı və humanitar sahələrdə əməkdaşlıq potensialı böyükdür.

Səfər çərçivəsində Prezidentlərin keçirilən təkbətək və geniş tərkibdə görüşlərində, mətbuata birgə bəyanatlarında bu kimi məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Cənab İlham Əliyev bildirdi ki, müdafiə əməkdaşlığımızın mühüm sahələrindən biridir. Bununla bağlı sənəd imzalandı və Prezident Hasan Şeyx Mahmud  Azərbaycanın müdafiə imkanlarının, o cümlədən müdafiə sənayesinin bəzi elementləri ilə tanış oldu.  Nümayəndə heyətlərinin görüşü zamanı bu imkanları birmənalı şəkildə müzakirə edildi. Azərbaycan müdafiə avadanlığının əksər hissəsini istehsal edərək, güclü müdafiə sənayesi potensialını yaradıb. Həmin avadanlıq həm bizə lazımdır, həm də müasir müdafiə avadanlığına malik olan 10-a yaxın ölkənin mühüm ixracatçısına çevrilmək imkanıdır. Burada təlimlər də var, çünki İkinci Qarabağ müharibəsi və sonradan antiterror əməliyyatı hərbi qulluqçularımızın yüksək peşəkarlığını nümayiş etdirdi. Onlar altı və ya yeddi müdafiə xəttinə, müxtəlif müdafiə istehkam infrastrukturuna baxmayaraq, təxminən otuz il işğal altında olan ərazimizi çox mürəkkəb coğrafi relyef şəraitində azad edərək, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qısa müddət ərzində tam bərpa edə bildilər. Səfər çərçivəsində, həmçinin xüsusi təyinatlılarımız Somali  Prezidentinə təqdim olundu. Cənab İlham Əliyev bu çağırışı etdi ki, müdafiə sahəsində əməkdaşlıq, təlimlər və potensial qaydada müdafiə avadanlığının birgə istehsalı, Azərbaycandan Somaliyə onun təchizatı əməkdaşlığımızın mühüm sahələrindən biri olmalıdır.

Dövlət başçısı İlham Əliyev dövlət xidmətləri sahəsində də işbirliyinin əhəmiyyətini vurğuladı.  İmzalanmış razılaşmalardan biri həmin sahəni əhatə edir. Azərbaycanda artıq uğurla işləyən sistem – ASAN dövlət xidmətləri sistemi bir çox beynəlxalq mükafatlara layiq görülüb. Ən mühüm mükafat isə Azərbaycan xalqının verdiyi qiymətdir. Çünki Azərbaycanda ASAN xidmətlərin bəyənilmə reytinqi 100 faizə yaxındır. Bu, həqiqətən göstərir ki, həmin xidmət insanların həyatını daha da asanlaşdırır. Somali Prezidentinin proqramında həmin xidmət mərkəzlərindən birinə səfər də oldu.

Xarici siyasətimizin əsas tərkib hissəsi olan ikitərəfli və beynəlxalq təşkilatlar  daxilində əməkdaşlığın inkişafı istiqamətində atdığımız addımlar daim təqdir edilir. Qarşılıqlı etimad münasibətlərimizin inkişafında əsasdır. Somali Prezidenti bu əminliyi ifadə etdi ki, səfər, sadəcə, diplomatik əməkdaşlıq deyil. Bu, həqiqətən iki qardaş ölkələrimiz arasında tərəfdaşlıq üzrə səmərəli və strateji müttəfiqliyin başlanğıcı deməkdir. Somali və Azərbaycanın inkişaf, təhlükəsizlik və tərəqqi ilə bağlı baxışları üst-üstə düşür. Bu gün biz əsasən tərəflər arasında daha sıx əməkdaşlığın dərinləşdirilməsinə sadiqliyimizi bildirdik.

Fəxrəddin Vəliyev,
​YAP Şəmkir rayon təşkilatının sədri

Seçilən
20
1
ikisahil.az

2Mənbələr