ABŞ-ın keçən həftə Münhen Təhlükəsizlik Konfransında müttəfiqlərinə göndərdiyi mesaj avropalılar üçün şok oldu və “transatlantik alyansın klinik ölümü” ilə nəticələndi.
KONKRET.az xəbər verir ki, bu barədə Bloomberg-in köşə yazarı Mark Çempionun materialında deyilir.
Onun fikrincə, ABŞ-ın vitse-prezidenti J.D.Vensin çıxışı otaqda olanlara qarşı nifrət saçıb və Avropanın təhlükəsizlik perspektivlərini dəyişdirəcək bir neçə mesajı özündə ehtiva edib.
Müəllifin yazdığı kimi, Avropa ABŞ, Rusiya və Çinlə danışıqlar masası arxasında oturmağa layiq olmaq üçün çox zəifdir. Çempion qeyd edir ki, ötən həftə avropalılar üçün nəinki oyanış zəngi olub, həm də onların ən pis qorxuları gerçəkləşib.
Məqalədə deyilir: “Avropa lideriləri təkbaşına olduqlarını, ABŞ-ın NATO-nun 5-ci maddəsinə əməl etməyəcəyini və Trampın onları Ukrayna ilə bağlı razılaşmaya salmayacağını anlayırlar. Üstəlik, Volodimir Zelenski də daxil olmaqla, Vensin çıxışını dinləyən hər kəs bilir ki, Avropa təhlükəsizlik zəmanətləri də daxil olmaqla, Ukrayna ilə bağlı bütün xərcləri öz üzərinə götürməyə hazır deyil. Avropanın hələ də ABŞ-a ehtiyacı var və bunu bilir. Lakin Donald Trampın rəhbərliyi altında ABŞ artıq Avropaya ehtiyac görmür”, – müəllif vurğulayır.
Müşviq Tofiqoğlu
KONKRET.az