AZ

Naxçıvanın sabiq baş nazir müavininin toyuqlarını da əlindən alıblar - Şikayət

Naxçıvan Muxtar Respublikası baş nazirinin birinci müavini olmuş Asəf Məmmədovun qızının adına olan ev qanunsuz ələ keçirilib. Məlumata görə, Asəf Məmmədov işdən çıxarılandan sonra ona və ailə üzvlərinə məxsus 10-dan çox əmlak təzyiqlərlə ələ keçirilib...

Musavat.com-un əldə etdiyi məlumata görə, Vasif Talıbovun hakimiyyəti dövründə Asəf Məmmədov və ailə üzvləri əmlaklarını təhvil vermək istəmədikləri üçün ləğv edilmiş MTN-in zirzəmisində saxlanılıb, təzyiqlərə məruz qalıb.

Həmçinin Vasif Talıbovun qudası Fazil Ələkbərov Naxçıvanda daxili işlər nazir olan zaman da Asəf Məmmədov və ailə üzvlərini təzyiq altında saxlayıb. Hətta günlərlə nazirliyin zirzəmisində qanunsuz olaraq saxlatdırıb. Əmlakları təhvil verdikdən sonra onları və ailə üzvlərini buraxıblar.

Sabiq birinci müavin Asəf Məmmədovun və ailə üzvlərinin əmlaklarının alınması Fazil Ələkbərovun dövrünə təsadüf edir. Fazil Ələkbərov Asif Məmmədov və ailə üzvlərinə qarşı bu təzyiqləri “yuxarının göstərişi” kimi qələmə verib.

Asəf Məmmədov Vasif Talıbovun hakimiyyətdən uzaqlaşdırılmasından sonra əmlaklarını geri almaq üçün rəsmi qurumlara üz tutub. Hazırda onun hüquqi yollarla geri almağa çalışdığı əmlaklarından biri də qızı Aytəkin Məmmədovaya məxsus fərdi yaşayış evidir.

Asif Məmmədovun qızlarına məxsus evlər, Naxçıvandakı iki mağazası, Babək rayonundakı bağ sahəsi, qudasının oğlanlarına məxsus Bakıdakı parnik və qızlarının adına Bakıda olan əmlaklar da əllərindən alınıb. Maraqlı məqamlardan biri isə Asəf Məmmədova məxsus Babək rayonunun Xalxal kəndində olan bağ sahəsi əlindən alınan zaman oradakı toyuqların da aparılmasıdır.

Asəf Məmmədovun qızının əlindən alınan evi haqda...

İş üzrə məhkəmə araşdırması aparılsa da, Asəf Məmmədovun qızı Aytəkin Məmmədova hüquqlarını bərpa edə bilməyib. Onun evi 2019-cu ildə əlindən alınıb.

Maraqlıdır ki, onun əlindən alınan ev zamanın daxili işlər naziri olmuş Fazil Ələkbərovun göstərişi ilə Elnur İsmayılovun adına keçirilib. Sonra həmin mənzil Fazil Ələkbərovun göstərişi ilə polis əməkdaşı Ricat Mehdiyevin adına keçirilib. Sonra isə Rəşad Allahverdiyevə satılıb.

Aytəkin Məmmədova hər iki şəxslə bağlanmış müqavilənin etibarsız hesab edilməsi üçün məhkəməyə müraciət edib. Lakin qanunvericilikdə nəzərədə tutulmuş müddət ötürüldüyü üçün müraciət qəbul edilməyib.

Məhkəmə onu da qeyd edib ki, müddət keçməsəydi belə Aytəkin Məmmədova əmlakının hədə-qorxu və zorla alındığını mötəbər sübutlarla sübut edə bilmir.

İşdə diqqət çəkən başqa bir məqam isə əmlakın ilk satıldığı Elnur İsmayılovun dedikləridir. İsmayılov əmlakı Rəşad Allahverdiyevə satsa da, bunun qarşılığında heç bir ödəniş almayıb. Bunu məhkəmədə özü də təsdiq edib. Amma Elnur İsmayılov müqavilələrin və bank qəbzlərinin özü tərəfindən imzalandığını təsdiq edib.

İddiaçı tərəf məhkəməyə təqdim etdiyi sənədlərdə alqı-satqı müqavilələrində bəzi imzaların saxtalaşdırılması ilə bağlı da məhkəmədən araşdırma tələb edib. Lakin bu imzaların araşdırılması üçün ekspertiza təyin edilməyib.

Aytəkin Məmmədovaya məxsus olmuş Naxçıvan şəhəri, 10-cu məhəllə, ev 3A ünvanında, 670 m2 torpaq sahəsində yerləşən, ümumi sahəsi 218,16 m2 olan fərdi yaşayış evinin 2019-cu il tarixinə orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 300 min manat olub. Lakin alqı-satqı müqavilələrində əmlak dəyərindən aşağı göstərilib.

Aytəkin Məmmədovaya məxsus fərdi yaşayış evinin alqı-satqısı zamanı iştirakı olmuş Rzayev Bəxtiyar Çingiz oğlu və Hüseynov Asim Qafar oğlu da həmin zaman Daxili İşlər Nazirliyinin işçiləri olublar. Onlar da zamanın naziri Fazil Ələkbərovun göstərişini yerinə yetiriblər.

İddiaçı Aytəkin Məmmədovanın şikayətinə Naxçıvan Şəhər Məhkəməsində baxılan zaman Qurbanov Sultanəli Abbasəli oğlu da ifadə verib. Sultanəli Qurbanov Asəf Məmmədovun qudasıdır. S.Qurbanov bu proseslərdə təhqirə, hədə-qorxulara məruz qaldıqlarını bildirib.

O, öz vəsaiti hesabına oğulları üçün Bakı şəhərində parnik düzəltdirdiyini, həmin parnikin də əllərindən alındığını deyib.

“Asəf müəllim mənə dedi ki, nə istəyirlərsə, ver, mən sənin əmlaklarını özünə qaytaracam. Bu vaxta kimi də heç bir əmlakımız qaytarılmayıb. Hətta bu səbəbdən Asəf müəllimlə aramızda narazılıq da yaranmışdı. Məni və oğlumu Daxili İşlər Nazirliyinin zirzəmisində qeyri-qanuni saxlayıb, incidiblər. Ali Məclisə şikayətə getdim. Heç kim məni qəbul etmədi. Dedilər ki, kimdən kimə şikayət edirsən? Bildirdilər ki, Seymur (Vasif Talıbovun oğlunu nəzərdə tutur - red.) müəllimin tapşırığıdır və əmlakların hamısını verməlisən. Asəf Mehdiyevi MTN-in zirzəmisində də saxlayıblar” - deyə S.Qurbanov qeyd edib.

Asəf Məmmədov isə izahatında bildirib ki, ona və qızlarına məxsus nə qədər əmlakları olubsa, keçmiş rəhbərliyin göstərişi ilə əlindən alınıb:

“Hədə-qorxu, zor tətbiq etməklə əlimizdən alıblar. Qızlarımın adına olan evlərin alqı-satqısından əldə olunan vəsaiti bilmirəm. Əvvəl sənədləri vermədiyim üçün MTN-in zirzəmisində saxladılar. Pensiya kartımdan 2 illik pensiyamı da götürdülər. Təkcə yaşadığım evi əlimdən almayıblar. O vaxtkı hakimiyyətin dövründə kimdən kimə şikayət edə bilərdim? Mənim də aqibətim digər işdən azad edilmiş rəhbərlərin aqibəti kimi olacaqdı.

Qeyd edək ki, Aytəkin Məmmədova Naxçıvan instansiya məhkəmələrində üzləşdiyi haqsızlıqdan kassasiya şikayəti verib. Şikayətə Ali Məhkəmədə Aqil Abbasovun sədrliyi ilə baxılacaq.

Poliqon.info

 

Seçilən
13
2
poliqon.info

3Mənbələr