Ağ Ev Avropa rəsmilərini 2025-ci ilin Pasxa bayramına qədər Ukraynada atəşkəsə nail olmaq niyyəti barədə xəbərdar edib. Bu barədə məlumatlı mənbələrə istinadən “Bloomberg” məlumat yayıb. Bu il həm katoliklərin, həm də pravoslav xristianların bayramı aprelin 20-nə təsadüf edir.
Gələn həftə Səudiyyə Ərəbistanında ABŞ və Rusiya nümayəndələri arasında məsləhətləşmələr keçiriləcək. Bu görüşlər prezidentlər Donald Tramp və Vladimir Putin arasında mümkün danışıqları hazırlamaq məqsədi daşıyır. Tramp bazar günü gec saatlarda Putinlə "çox yaxında" görüşməyi planlaşdırdığını söylədi – “Bloomberg” əvvəllər belə bir görüşün fevralın sonundan əvvəl baş tuta biləcəyini yazmışdı. Rusiyanın "Kommersant" qəzeti bazar günü axşam öz mənbələrinə istinadən yazıb ki, ABŞ və Rusiya nümayəndələri arasında Ər-Riyadda danışıqların çərşənbə axşamı, fevralın 18-də baş tutması ehtimalı var. Bu zaman dövlət katibi Marko Rubio Səudiyyə Ərəbistanına səfər edəcək və prezidentin milli təhlükəsizlik üzrə müşaviri Maykl Vals da səfər edəcək.
Bu arada, bəzi Qərb rəsmiləri, “Bloomberg”-ə görə, aprelin 20-dək hərbi əməliyyatların dayandırılması planını çox iddialı və mümkünsüz hesab edirlər. “Bloomberg” mənbələrindən biri qeyd edir ki, atəşkəsin bağlanması üçün daha real tarix aprel deyil, 2025-ci ilin sonu ola bilər.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası bəyan edib ki, müharibənin başa çatmasının və danışıqların başlanmasının konkret vaxtı ilə bağlı mətbuatda yer alan məlumat reallığa uyğun gəlmir.
Almaz Həsənli