Bakı, TurkicWorld
Türkiyənin xarici işlər naziri Hakan Fidan, Avropa ölkələrinin təhlükəsizlik və iqtisadi strukturlarını yenidən formalaşdırmaq istədiklərini və ABŞ-dan asılılığı azaltmaq yollarını axtardıqlarını bildirib.
TurkicWorld xəbər verir ki, nazirin sözlərinə görə, Avropa liderləri hazırda "Yeni təhlükəsizlik strukturu necə yaradıla bilər? Yeni iqtisadi strukturla necə irəliləyə bilərik? ABŞ-dan asılılığı necə azaltmaq olar?" sualları ətrafında düşünürlər.
Fidan qeyd edib ki, Ukraynadakı müharibə, Yaxın Şərqdəki gərginlik və ABŞ-ın Avropadan uzaqlaşması ehtimalı Avropa ölkələrini narahat edən əsas məsələlərdəndir. O bildirib ki, Avropa Türkiyəni etibarlı və güclü tərəfdaş kimi görür.
Türkiyə xarici işlər naziri Ukraynanın ərazi bütövlüyünü dəstəklədiklərini, lakin müharibə reallığının bəzi "ağrılı seçimlər" tələb etdiyini vurğulayıb.
"İdeal dünyada biz Ukraynanın ərazi bütövlüyünün qorunub saxlanmasını istərdik. Amma indi biz müharibə dövründəyik və təəssüf ki, bu müharibə nəticəsində bəzi seçimlər, bəzi ağrılı seçimlər etməliyik." - deyə Fidan bildirib.
Fidan İsrailin Qəzzadakı atəşkəsi pozmağa davam etdiyini və Netanyahu hökumətinin bu atəşkəsi qorumaq niyyətində olmadığını bildirib.
O, həmçinin ABŞ-ın Qəzzadakı vəziyyəti nəzərə alaraq hərəkətə keçməli olduğunu vurğulayaraq, "Tramp və onun administrasiyası Qəzzada növbəti soyqırımın qarşısını almaq vəzifəsi olmalıdır." - deyə bildirib.