AZ

"Dövlət nəzarəti olmasa vəziyyət daha da pis hal alar" - ŞƏRH EDILDI

“Coca-Cola" və ya hansısa brend məhsul dünyada artıq ad qoyub. Biz bunu Azərbaycanda istehsal olunan hansısa məhsul ilə müqayisə edə bilmərik. İlkin səbəb budur ki, elə bir məhsulumuz yoxdur ki, dünya arenasına ad ilə tanınsın, nəinki dünya daxili bazarda belə yoxdur. Ola bilər hansısa məhsulun satışı, ixracı yükək olsun, amma hansısa xarici vətəndaş o məhsulu vitrində görəndə Azərbaycan ağıla gəlmir. Adları qeyd olunan məhsulların özünəməxsus satış strategiyası var. Həmin brendlər reklamdan, məhsulun satış sayından qazanır. Nümunə üçün ramazan ayına iftar süfrəsində “coca-cola” reklam olunur. Xristian ölkələrinin bayramında reklam çarxında bizim məhsul varmı? Burada söhbət təbii ki, irqçilik, dini ayrımçılıqdan getmir. “Coca-cola” və digər brendlərin qiyməti cüzi də olsa zaman-zaman artır stabil qalmır. Azərbaycanda bu brendlərə məxsus məhsullar yoxdur, hətta tam əksi sahibkar çalışır ki, hər fürsətdə sui-istifadə etsin və 5-10 qəpik də olsa məhsul başına qiyməti artırsın. Bugün əksər müəssisələr dünya arenasına çıxmaq marağında deyil. “Azacıq aşım ağrımaz başım" prinsipindədirlər. Hamıya məlumdur ki, artıq saxta qida, içkilər sürətlə yayılıb. Organik məhsulu tapmaq müşkül məsələdir. Bu əslində bir fürsətdir. Organik məhsul istehsal edib, “made in Azerbaijan” brendi adı altında satmaq, dünya arenasına çıxarmaq elə ən böyük uğur olar. Yuxarıda qeyd etdiyim kimi ya sahibkar maraqlı deyil, ya da bu işin mütəxəssisləri müəssisə daxilində azdır. Dövlət də dəstəkdir, bəs problem nədir? Xarici valyuta axınının özü elə dövlətə dəstək olmaq deməkdir”. Bu sözləri İqtisad Elmləri üzrə fəlsəfə doktoru, iqtisadçı ekspert Günay Hüseynova SİA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, əslində qiymət sabitliyi və müştəri güvəni zəruri ehtiyac malları olmayan məhsullar arasında tərs mütənasibdir. “Yuxarıda qeyd etdiyimiz məhsul Coca-Cola" buna nümunədir. Bu məhsulun qiyməti sabit də qalsa, ensə də alıcı 1 maximum 2 ədəd alacaq. Yəni məhsulun qiyməti alıcılıq qabiliyyətinə təsir etmir. Bu prosedur bəzi zəruri ehtiyac malları üçün də keçərlidir. Çörəyin qiyməti bu gün 10 qəpik olsa kim gedib kisə yaxud kiloqramla alacaq? Burda yəni qiymət sabitliyi məhsula görə dəyişir. Bundan əlavə milli satış strategiyamız, məhsula olan maraq da var”.

İqtisadçı ekspert həmçinin bildirib ki, Azərbaycanda qiymətini uzun müddət sabit saxlayan məhsul demək olar ki yoxdur: “Bunun üçün də bir çox səbəblər var. Əvvəla əksər məhsullarda birbaşa və ya dolayı yolla idxaldan asılıyıq. Özümüz hansısa məhsulu istehsal etsək belə onun qablaşdırmasını və ya hansısa lazım olan mal materialı biz xaricdən idxal edirik. Onun üçün qiymətlər sabit qalmır. Bundan əlavə bizdə sahibkar qiymətləri sabit tutmağa maraqlı deyil. Gündəlik istifadə məhsullarından tam olmasa da çörəyin qiymətini deyə bilərik.Tam stabil də deyil, müxtəlif dövrlərdə 5-10 qəpik artır. Zəruri ehtiyac, gündəlik tələb olunan məhsul olduğu üçün dövlət basqısı var. Bu gün Azərbaycan bazarında dövlət nəzarəti olmasa vəziyyət daha da pis hal alar".

Müəllif: Xeyrənsə Piriyeva
Seçilən
5
sia.az

1Mənbələr