Ramazan ayında iki Müqəddəs Məscidin Nəzarətçilərinin Xurma Təminatına dair Hədiyyə Proqramı çərçivəsində 700 ton xurma 102 ölkədə insanlara paylanılacaq.
Hafta.az-ın yazdığına görə, xurma sovqatı İslam İşləri, Dəvət və İrşad Nazirliyinin, həmçinin Krallığın səfirliklərindəki attaşeləri vasitəsilə paylanacaq.
Qeyd edək ki, bu il paylanılacaq sovqatın həcmi ötən ilki ilə müqayisədə 200 ton çoxdur.
Səudiyyə Ərəbistanının İslam işləri, dəvət və hidayət naziri Şeyx Əbdüllətif bin Əbdüləziz əl-Şeyx Səudiyyə Ərəbistanı rəhbərliyinə dünyanın müxtəlif ölkələrində, xüsusən də mübarək Ramazan ayında müsəlmanlara göstərdiyi səxavətli qayğıya görə təşəkkür edib.
Nazir İslam dininə və müsəlmanlara xidmət etmək, İslamın dəyər və prinsiplərini yaymaq, nifrət, ekstremizm və fanatizmlə mübarizə aparmaq üçün üzərinə düşən vəzifəni yerinə yetirmək üçün rəhbərlikdən davamlı olaraq aldığı dəstəyi diqqətə çatdırıb.
Nazirlik xurmaların 2025-ci ilin Ramazan ayı ərzində paylanması üçün benefisiar ölkələrə göndərilməsi məqsədilə bütün hazırlıqları tamamlayıb.