Azərbaycanın kişi basketbolçularından ibarət yığmasının baş məşqçisi Tahir Baxşıyev Kosovoya səfəri ərəfəsində yetirmələrinə son tapşırıqlarını verib.
Offsideplus.az xəbər verir ki, Dünya çempionatı-2027-nin seçmə mərhələsi çərçivəsində Bakıdakı hazırlıq prosesi bu gün "Sərhədçi" Olimpiya-İdman Mərkəzində yekunlaşıb.
Milli komandanın üzvləri məşq ərzində müxtəlif təmrinləri yerinə yetiriblər. Ən sonda isə Tahir Baxşıyev basketbolçuları başına yığaraq, onlara səfərqabağı axırıncı tapşırıqlarını, göstərişlərini verib. Məşqçi korpusu və oyunçular dairə yaradaraq, "3, 4... Azərbaycan" qışqıraraq, hazırlıq prosesinin son akkordlarını nümayiş etdiriblər.
Xatırladaq ki, Kosovo - Azərbaycan görüşü fevralın 20-də Priştinada gerçəkləşəcək.