Həcc ibadətini icra etmək üçün müsəlman həddi buluğa çatmış və mükəlləf olmalıdır
Həcc ziyarətinə uşaq aparmağın qadağan edilməsi ilə bağlı bizə rəsmi bildiriş gəlməyib.
Bunu QMİ Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri APA-ya açıqlamasında deyib.
“Bununla bağlı Səudiyyə Ərəbistanın bəzi xəbər portallarında məlumat yayılıb. Amma çox güman ki, bu, ərəbistanlılara aiddir. Ümumən, biz körpə uşaqları aparmırıq. 12 yaşdan yuxarı uşaqların getməsinə icazə veririk. Kimsə aparmaq istəsə, tövsiyə edirik ki, uşaq orada əziyyət çəkəcək. Məsələn, bu il müraciət edən zəvvarlardan biri uşaqlarını aparmaq istəyirdi, bizdən tövsiyə aldı, biz də bildirdik ki, uşaq üçün təhlükəlidir", - o qeyd edib.
Məsələni dəyərləndirən ilahiyyatçı Tural İrfan “Sherg.az”a açıqlamasında deyib ki, ziyarətə uşaqların aparılmasına dair bir qadağa yoxdur:

“Amma ölkəmizdə məsul din xadimləri ziyarətlə ibadəti fərqləndirib cəmiyyətə doğru məlumat vermədiyinə görə insanlarda çaşqınlıq yaranır. Həcc ziyarət yox ibadətdir. İbadətin isə icra edilməsi üçün bəzi şərtlər var. Bunlar həddi buluğa çatmaq, ağıllı və sağlam olmaqdır. Əgər söhbət Həccdən gedirsə maddi imkan da vacib nüanslardandır. Ziyarət isə fərqlidir və sərbəstdir. Tutaq ki, hansısa seyyid, övliya, İmamı ziyarət etmək kimi. Belə ziyarətlərə uşaqları aparmaq olar, bəlkə də müsbətdir. Ən azı məlumatlı olarlar. Amma Həcc isə ibadət olduğu üçün ora uşaqların aparılması doğru deyil və onlar mükəlləf deyillər. Eyni zamanda oradakı çətinliklər, iqlim şəraiti və digər hallar da bunu təsdiq edir ki, ora uşaqların aparılması doğru olmaz. Amma bununla yanaşı haram və qadağan da deyil. Fəqət bunu ənənə halına salmaq Peyğəmbərin zamanında da olmayıb. Həcc ibadətini icra etmək üçün müsəlman həddi buluğa çatmış və mükəlləf olmalıdır”.