Paytaxtın İnşaatçılar prospektində hərəkətin təşkili ilə bağlı problemlər müşahidə olunur. Avtosfer.az-ın verdiyi məlumata görə, problem xüsusilə Bəsti Bağırova küçəsi ilə kəsişmədə yaşanır. Burada hərəkət iştirakçılarının çaş-baş qalmasına səbəb olan əsas məqam yol nişanlanma xətlərinin silinməsi və kifayət qədər görünməz hala gəlməsidir.
Xüsusilə, svetoforun qarşısında olması gərəkən stop xəttinin tamamilə silinməsi sürücüləri çaşqın vəziyyətə salır. Belə ki, sürücülər svetofora yaxınlaşdıqda dayanmaq üçün harada saxlamalı olduqlarını müəyyən edə bilmirlər.
Müşahidələrə əsasən, bir çox sürücü svetoforun qarşısında dayanmaq üçün lazım olan yeri müəyyən edə bilmədiyi üçün geridə dayanır. Daha sonra stop xəttinin əslində daha irəlidə olduğunu başa düşərək avtomobillərini tədricən irəli sürürlər.
Bundan əlavə, ərazidə piyada keçidini bildirən xətlərin də silinərək görünməz vəziyyətə düşdüyü bildirilir. Nizamlanan piyada keçidinin qeyri-aydın olması piyadalar və sürücülər arasında anlaşılmazlığa səbəb olur və qəza riskini artırır.
Qanunvericiliyə əsasən, yol nişanları və nişanlanma xətləri hərəkət iştirakçılarının rahatlıqla qavrayacağı şəkildə olmalıdır. Nişanlanma xətlərinin silinməsi və ya aydın görünməməsi qəzaların baş verməsinə gətirib çıxara bilər. Mövcud qanunvericilik bu kimi problemlərin aşkarlandığı hallarda aidiyyəti qurumların operativ şəkildə tədbirlər görməsini tələb edir.
Ümid edirik ki, məsul qurumlar vəziyyətə dərhal müdaxilə edərək yol nişanlanma xətlərini bərpa edəcək və hərəkətin təhlükəsizliyini təmin edəcəklər.
Nərmin