AZ

ABŞ və Belarus siyasi məhbusların mübadiləsinə dair saziş hazırlayır

ABŞ prezidenti Donald Trampın administrasiyası Belarus prezidenti Aleksandr Lukaşenko ilə “geniş miqyaslı” saziş hazırlayır, onun çərçivəsində Belarus hakimiyyəti bir çox siyasi məhbusları, o cümlədən tanınmış məhbusları azad edəcək.

Musavat.com xəbər verir ki, bu barədə “New York Times” qəzeti yazıb.

Nəşrin yazdığına görə, bu saziş müqabilində ABŞ Belarus banklarına qarşı sanksiyaları və Belarusun əsas istehsalçısı olduğu kalium gübrələrinin ixracını yüngülləşdirməlidir.

Dövlət katibinin köməkçisinin müavini Kristofer Smit fevralın 13-də Vilnüsdə Qərb diplomatları ilə qapalı görüşdə mümkün razılaşmadan danışıb. Bir gün əvvəl, nəşrin məlumatına görə, o, danışıqlar üçün Minskə səfər edib.

NYT qeyd edir ki, bu, Lukaşenkonun Dövlət Departamentinin yüksək vəzifəli nümayəndəsi ilə son beş ildə ilk görüşü olub. Müzakirələr nəticəsində üç nəfər – ABŞ vətəndaşı və iki Belarus siyasi məhbusu azad edilib.

Görüşdə iştirak edənlərin sözlərinə görə, Smit Lukaşenkonun repressiyaları azaltmağa hazır olduğunu bildirib. O, ABŞ-ın bu prosesdə əsas məqsədlərini çoxlu sayda siyasi məhbusu azad etmək, həmçinin “Lukaşenkoya Rusiyanın təsir orbitindən kənarda möhlət vermək” niyyəti adlandırıb.

“Viasna” hüquq müdafiə təşkilatının məlumatına görə, hazırda Belarusda 1226 siyasi məhbus var. Son aylarda Aleksandr Lukaşenko 200-dən çox məhbusun əfv edilməsi haqqında fərman imzalayıb. Lakin müxalifət fəallarının sözlərinə görə, eyni zamanda daha çox insan həbs edilib.

ABŞ 2021-ci ilin avqustunda Aleksandr Lukaşenkonun qalib elan olunduğu 2020-ci il prezident seçkilərinin birinci ildönümündə Belarus iqtisadiyyatına qarşı sektoral sanksiyalar tətbiq edib. Həmin vaxt ölkə boyunca kütləvi etirazlar başlayıb və hakimiyyət tərəfindən vəhşicəsinə yatırılıb. Daha sonra bir sıra müxalif siyasətçilər uzun müddətə azadlıqdan məhrum ediliblər, onlardan bəziləri, o cümlədən Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya xaricə gedib. Qərb ölkələri seçkinin nəticələrini tanımayıb. Avropa İttifaqı, Kanada və Böyük Britaniya da Belarusa qarşı sanksiyalar elan ediblər.

Seçilən
39
ictimairey.az

1Mənbələr