Bakı, 17 fevral, AZƏRTAC
ABŞ-da tüğyan edən qasırğa və daşqınlar azı 9 nəfərin, o cümlədən Kentukki ştatında səkkiz nəfərin ölümünə səbəb olub. Yerli hakimiyyət orqanları sakinləri yollardan uzaq durmağa çağırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ştatın qubernatoru Endi Beşir bildirib. Onun sözlərinə görə, qasırğa nəticəsində 39 minə yaxın ev işıqsız qalıb. Təbii fəlakətin başladığı şənbə günündən bəri mindən çox xilasetmə əməliyyatı həyata keçirilib. Qubernator qasırğanı ştatın son on ildə üzləşdiyi ən ağır təbii fəlakətlərdən biri adlandırıb.
Qasırğa ərəfəsində fövqəladə vəziyyət rejimi elan edən Endi Beşir bildirib ki, Prezident Donald Trampın təbii fəlakətlə mübarizə və onun nəticələrinin aradan qaldırılması ilə bağlı yardım müraciətini təsdiqləyib.
Hazırda ABŞ-ın bəzi regionları əlverişsiz hava şəraitinin təsiri altındadır. Meteorologiya xidmətinin məlumatına görə, şimal düzənliklərində həddən artıq şaxtalı hava, Florida və Corciya ştatlarında isə şiddətli qasırğalar müşahidə edilir.