Gəlin danmayaq və səmimi etiraf edək. Biz, millət kimi çox istedadlı millətik. Amma nə sirdisə nə özümüzü, nə də həmvətənlilərimizi təbliğ etməyi, dünya millətlərinə tanıtmağı xoşlamırıq. Elə bil fikirləşirik ki, hansısa başqa millətlər gəlib, bizi təbliğ edəcək və bizim haqqımızda geniş yazılar yazıb, bizi dünyada tanıdacaqlar. Amma belə deyil. Biz, düz fikirləşmirik. Hər millət istəyir ki, öz xalqını, onun elmini, ədəbiyyatını, mədəniyyətini tanıtsın və bu tanıtmada da öz millətinin başqa millətlərdən üstün, qədim, daha istedadlı olduğunu sübut eləsin.
Deməli, əsrlərlə biz gözləyə-gözləyə, dahi insanlarımızı, maraqlı şəxsiyyətlərimizi dünya səviyyəsinə çıxarmamaqla çox şeyi uduzmuşuq... Qonşulumumuzda olan, bədnam təfəkkürlü ermənilər təkcə bizim mətbəximizə yox, mahnılarımıza, xalq ədəbiyyatımıza, atalar sözlərimizə, tapmacalarımıza və sairlərə də sahib çıxıblar. Bütün bunların onlara məxsus olduğunu yazıb, dünyada yayıblar. Biz bunu yalnız indi dərk etmişik. Bununla bağlı, bunların bizə məxsus olduğunu indi nə qədər yazsaq da, desək də sübut etmək mümkün olmur...
Ona görə də nə qədər ki, gec deyil biz, istedadlı, bacarıqlı insanlarımıza sahib çıxmalı və onları nəyin bahasına olursa-olsun təbliğ etməliyik.
Bax, bu gün dünya səviyyəsinə çıxara biləcəyimiz və sənətilə dünya xalqlarını mat qoya bilən şəxsiyyətlərimizdən biri də Hüseyn Mirtəqəvidir. O, təkcə unukal rəssam yox, həm də çox maraqlı şair, nasir, coğrafiyaşünasdır. Amma çox əfsus ki, biz onu nəinki dünya səviyyəsində, heç Azərbaycan səviyyəsində də tanıda bilməmişik.
Mən onun rəsm emalatxanasında olanda, açığını deyim ki, heyrətə gəldim. Və gözlərimə inana bilmədim ki, bizim belə böyük istedadlı rəssamımız var. Özü də rəsm əsərlərini fırça ilə yox, cərrah bışağı ilə çəkir. Yəqin siz inanmayacaqsız və deyəcəksiniz ki, “məgər cərrah bıçağı ilə də rəsm əsəri çəkmək olar?”. Bəli. Demə olarmış. Biz bilməmişik. Bu, Hüseyn müəllimin kəşfidir. Onu da vurğulayım ki, dünyada heç bir rəssam əsərlərini cərrah bıçağı ilə çəkmir. Bu, yalnız və yalnız Hüseyn Mirtəqəvinin kəşfidir. Ona gərə də Azərbaycan Rəssamlar İttifaqına təklif edirəm ki, onun rəsm əsərlərini təbliğ etmək üçün Hüseyn müəllimin sərgisini təşkil etsinlər. Onda görəcəklər ki, onun bu rəsm əsərlərinə təkcə həmvətənlərimiz tərəfindən yox, əcnəbilər tərəfindən də necə böyük maraq olacaq. Bununla Azərbaycan Rəssamlar İttifaqı özü də məşhurlaşar.
Mən onun şeirlərini oxuculara təqdim etməmişdən əvvəl, onu oxucularla bir qədər də yaxından tanış etmək istəyirəm.
Hüseyn Seyidisa oğlu Mirtəqəvi 1952-ci ildə Təbrizdə doğulub.
Orta məktəb təhsilini Fizika-riyaziyyat təmayüllü internat-məktəbində alıb.
Sonra Azərbaycan Dövlət Universitetinin coğrafiya fakültəsində təhsilini davam etdirib. Bu ali məktəbi bitirəndən sonra təyinatla Azərbaycan Elmlər Akademiyasının Coğrafiya İnstitutunun təbiəti mühafizə şöbəsinə işə göndərilib.
Sonra Leninqradda ( indiki Sankt-Peterburqda) SSRİ EA Gölşünaslıq İnstitutunda Hidrokimya üzrə ixtisaslaşmada olub. Bu ali məktəbi bitirəndən sonra isə Kür hövzəsi sularının hidrokimyasını tədqiq edib. Bu maraqlı işindən sonra Qızıl-ağac Dövlət qoruğunda işləyib.
Hazırda “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzində redaksiya müdiridir.
O, Azərbaycan Rəssamlar İttifaqinın üzvüdür. Yuxarıda yazdığım kimi dünyada yeganə rəssamdır ki, cərrah bıçağı ilə faner üzərində rəsmlər çəkir.
Mən, tezliklə onun haqqında daha geniş yazı yazacam. Amm indi sizə onun şeirlərindən bir neçəsini təqdim edirəm əziz oxucular. İnanıram ki, bu şeirlərin orijinallığını görüb, belə istedadlı azərbaycanlı qardaşımızı siz də layiqincə təbliğ edəcəksiniz.
Ağalar İDRİSOĞLU,
yazıçı, dramaturq, rejissor,
Əməkdar incəsənət xadimi
Hüseyn MİRTƏQƏVİ
ANAM
(Anam Fatimə xanıma və bütün analara ithaf)
Anam! Mələk Anam, səmatək ucam!
Mənim hifz edənim, ruhumsan uçan!
Mənim çiçək Anam, bahartək gözəl!
Anam! - yaradanım, Tanrıya bənzər!..
Anam! - süd verənim, həyat verənim!
Mənim ad verənim, qanad verənim!
Ana! - ilkin sözüm, ilk həmsöhbətim!
Anam! - ilk sevincim, ilk məhəbbətim!
Şirin duyğuların zirvəsi Anam!
Könlümün ən həzin nəğməsi Anam!
Adın çəkiləndə titrəyir səsim,
Sənə baş əyirəm, ey müqəddəsim!
mart 2016
АZƏRBAYCAN
Dünyanın ən gözəl bayrağı mənim!
Dünyanın ən gözəl paytaxtı mənim!
Müstəqil ölkəmdir dayağım mənim,
Azərbaycan!
Sən günəş ölkəsi, odlar ölkəsi,
Anamın laylası, muğamın səsi,
Dilimin ən şirin, əziz kəlməsi -
Azərbaycan!
Uçan göyərçinsən xəritələrdə!
Tarixin boylanır qərinələrdən!
Torpağın bəzənib dəfinələrdən,
Azərbaycan!
Qarabağ - Ana yurd, müqəddəs ocaq!
Bizimdir! Əbədi bizim olacaq!
Zamanın tələbi Birlikdir ancaq,
Azərbaycan!
Biz böyük yoldayıq, səfər öndədir!
Arzular gül açır, bəhər öndədir!
Öndərin arzusu, Zəfər öndədir,
Azərbaycan!
Dünyanın ən gözəl bayrağı mənim!
Dünyanın ən gözəl paytaxtı mənim!
Müstəqil ölkəmdir dayağım mənim,
Azərbaycan!
Hər yarış qələbən, bayrağın uca!
Hər sərgi bu günün, sabaha uçan!
Geniş qapıların dünyaya açan –
Azərbaycan!
Dünya axıb gəlir görməyə səni,
Səni eşitməyə, bilməyə səni,
Bənzədir bir açıq ürəyə səni,
Azərbaycan!
GÜZGÜ (İki dünya arasında)
İki dünya arasında
Hamı təkdi, mən iki!..
Bu axarda, bu qaçarda
Kimdi görən məni ki!..
Parçalanıb, xırdalanıb,
Səpilmişəm qum kimi...
Könlüm kobud ovuclarda
Nə yumşalıb, mum kimi...
Bu torpağa atılsam da
Toxum kimi, tum kimi...
Cücərdikcə quruyuram,
Nə budağam, nə güləm...
Qorxuram ki, bu payızda
Yarpaq kimi töküləm!..
İki dünya arasında
Hamı təkdi, mən iki!..
Bu axarda, bu qaçarda
Kimdi görən məni ki!..
BİR OVUC QUMDU ÖMÜR...
Bir ovuc qumdu ömür, axmada barmaq arasından...
Ağ qum - ağ gün, qara günlər yaranıbdır qarasından.
Tanrıdan töhfə gəlir, amma bilinmir götürülmüş harasından.
Sənli-mənli hamımız gəldi-gedərlər sırasında...
Bir ovuc qumdu ömür, axmada barmaq arasından!..
Bir əsən yeldi ömür, yellər apardı qumu, neynim?..
Əriyib döndü muma şam ürəyim! Mən muma dönmüş mumu neynim?
Alnımda qırışlar şuma bənzər! Şuma bənzər şumu neynim?..
-Gəl sən də dayan gəldi-gedərlər sırasında,
Bir ovuc qumdu ömür, axmada barmaq arasından!..
Bir axan seldi ömür, gurluğa dözmək gərək indi!
Çör-çöp kimi olsan səni hətta qurtarammaz fələk indi!
İnsaf kiçilib... Mərdlərə meydan oxuyur ku-kələk indi...
Aşığındandı Araz, Kür topuğundan! Xəzri dərya harasından!..
Bir axan seldi ömür, sellər aparmış Sarasın da!..
Bir zərif teldi ömür, qoyma qırılsın əzəlindən,
Nə də ki, qorxma qışından, payızından, xəzəlindan...
Baş əy əcdada! Odur şah, genetiklik nəzərindən!
Yaxşı meynə tanınar yarpağı ilə qorasından!
Bir ovuc qumdu ömür, axmada barmaq arasından...
Bir zərif güldü ömür! Ömrü gözəllər bəzəyirmiş!..
Onu bir nurlu baxış və zərif əllər bəzəyirmiş!..
Ömrü xoş söz və xoş əhval və əməllər bəzəyirmiş!..
Sevdada keçən gündü ömür! Qaldı ürəklər parasında!..
Bir ovuc qumdu ömür, axmada barmaq arasından,
Hardayam indi görən, addımım ömrün harasında?!..
BİR PAYIZ NƏĞMƏSİ OXU MƏNİMÇÜN
Bir payız nəğməsi oxu mənimçün!.. –
Zamanı nəğmənlə geriyə qaytar...
Ömrümə gələn qış qayıtsın geri
Qayıtsın sevgimi aparan qatar...
Bir payız nəğməsi oxu mənimçün! –
Köçməsin durnalar, qanad saxlasın,
Yarpaqlar düşməsin budaqlarından,
Qoyma, xısın-xısın yağış ağlasın...
Bir payız nəğməsi oxu mənimçün! –
Qızarsın Günəşin üfüq duvağı,
Gecikmiş sevginin işartısıtək
Çaşıb çiçəkləsin gilənar bağı...
Bir payız nəğməsi oxu mənimçün! –
Küləklər qısqanıb qovsun dumanı,
Bu qoca vaxtımda hansı gülünsə
Oyansın könlündə sevgi gümanı...
Bu nəğmədən sonra qalmaq da olar,
Bu nəğmədən sonra ölmək də olar!..
Vallah, nəğmən ruha döndərər məni,
Uçaraq cənnəti görmək də olar!..
Nə olar, zamanı geriyə qaytar,
Bir payız nəğməsi oxu mənimçün!..