AZ

Etnadakı aktivlik hava nəqliyyatına mənfi təsir göstərib

Roma, 17 fevral, AZƏRTAC

İtaliyanın Siciliya adasındakı Etna vulkanında müşahidə olunan fəallıq hava nəqliyyatına mənfi təsir göstərib.

AZƏRTAC xəbər verir ki, geniş əraziyə yayılan kül və toz dumanına görə vulkanın cənub-qərbindəki hava məkanı uçuşlara bağlanıb.

Vulkanda müşahidə olunan aktivliyə görə son bir neçə gündə Kataniya hava limanından 30-dan çox aviareys başqa aeroportlara yönəldilib. Bəzi aviaşirkətlər Kataniyaya olan uçuşlarının bir qismini ləğv edib.

Kataniya hava limanını idarə edən SAC şirkətindən bildirilib ki, hazırda aviareyslərə heç bir məhdudiyyət yoxdur. Sərnişinlərdən uçuşların vəziyyətini yoxlamadan hava limanına gəlməmələri xahiş olunur.

Bir neçə gündür Etna vulkanın cənub-şərqindəki “Yeni ağız” adlı kraterində partlayış baş verib və lava axını olub. Hündürlüyü təxminən 3330 metr olan Etna Avropanın ən hündür və aktiv vulkanıdır.

 
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Seçilən
34
1
azertag.az

2Mənbələr