Xəbər verildiyi kimi, fevralın 14-də Bakıda “Türk İnvestisiya Fondu və TCCI: Biznes Liderləri üçün Məlumatlandırma Görüşü və B2B” keçirilib.
“İki sahil” xəbər verir ki, tədbir Türk Ticarət və Sənaye Palataları Birliyinin təşəbbüsü və Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı ilə baş tutub.
Açılış mərasimində İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Omuraliyev, TCCI-nin fəxri prezidenti və TOBB-un prezidenti Rıfat Hisarcıklıoğlu, Türk İnvestisiya Fondunun prezidenti Bağdat Amreyev, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) İcraçı direktoru Yusif Abdullayev, TCCI və ASK-nın prezidenti Məmməd Musayev çıxış edərək, Türkdünyasının iqtisadi əlaqələri, birgə əməkdaşlıq layihələri və qarşılıqlı ticarət dövriyyələrinin artırılması üçün perspektivlərə toxunublar.
Daha sonra Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiyasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva Türk dövlətləri arasında dayanıqlı tekstil sənayesinin inkişafını dəstəkləyən yeni layihəni ictimaiyyətə təqdim edib.
İdarə Heyətinin sədri çıxışında layihənin tekstil sənayesində bacarıq çatışmazlığını aradan qaldırmağa və rəqəmsal transformasiyanı sürətləndirməyə hədəflədiyini, eyni zamanda yalnız tekstil sektorunun inkişafını sürətləndirməklə kifayətlənməyəcəyini, həm də Türk dövlətləri arasında əməkdaşlığın daha da möhkəmlənməsinə kömək edəcəyini bildirib.