"Oyun çox maraqlı keçdi". Bunu SİA-ya Azərbaycan millisinin sabiq futbolçusu Ceyhun Sultanov deyib.
O, Azərbaycan Premyer Liqasının XXIII turunda "Neftçi" - "Qarabağ" (0:1) oyunu barədə danışıb.
Təcrübəli mütəxəssisin sözlərinə görə, ilk hissədə “Neftçi” daha yaxşı təsir bağışlayıb: "Presinq edirdi və yaxşı baxımlı oyun nümayiş etdirdi. Lakin əfsuslar olsun ki, 10 nəfərə qalan “Qarabağ”a qarşı qol imkanları yarada bilmədilər. Hücum xəttində problem var idi. Derbiyə uyğun abu-hava var idi. Azərkeşlərin çox olmağı matça daha da rəng qatırdı. Ümumi götürəndə isə çox maraqlı oyun alındı. “Neftçi” “Qarabağ”la oyununda heç vaxt heç birini favorit hesab etmirəm. Çünki buradakı vəziyyət 50/50-yə olur.“Neftçi” hansı vəziyyətdə olmasından aslı olmayaraq “Qarabağ”la oyuna çıxırsa şanslar 50/50-dir. Çünki bu derbidir. Ümumiyyətlə oyunların hamısının bu cür maraqlı keçməsinin tərəfdarıyam. Ümid varıq ki, gələcəkdə bütün oyunlarımız belə maraqla izləniləcək".
Qeyd edək ki, bu görüşdə Azərbaycan Premyer Liqasında 2024/25 mövsümünün tamaşaçı rekordu qeydə alınıb. Belə ki, “Neftçi Arena”dakı görüşü 9355 seyrçi izləyib.