Məşhur alim İsaak Nyuton 1704-cü ildə yazdığı bir məktubda dünyanın sonunun nə vaxt gələcəyini proqnozlaşdırıb. Cazibə qüvvəsi qanunlarını kəşf etməsi ilə tanınan riyaziyyatçı və fizik, bu təxminini bir sıra riyazi hesablamalara və İncilin protestant təfsirinə əsaslandırıb.
Yenicag.az “The Independent”ə istinadən xəbər verir ki, Nyutonun hesablamalarına görə, dünya 2060-cı ildə sona çatacaq. O, bu nəticəyə İncildəki tarixi hadisələri və 1260, 1290, 2300 kimi rəqəmləri əsas götürərək gəlib. Bu rəqəmləri “il” kimi şərh edən alim “Dünyanın 1260 il sonra sıfırlanacağını” bildirib.
Nyutonun hesablamaları
Tarixi araşdırmaları əsasında Nyuton “Daniel” kitabında metaforik şəkildə bəhs edilən kilsənin tərk edilmə tarixini eramızın 800-cü ili kimi müəyyən edib. Bu tarix, eyni zamanda Müqəddəs Roma İmperiyasının qurulduğu dövrə təsadüf edir. Buradan yola çıxaraq alim dünyanın 1260 il sonra – yəni 2060-cı ildə yenidən formalaşacağını bildirib.
1704-cü ildə yazdığı məktubda Nyuton sonun müharibələr və epidemiyalarla gələcəyini irəli sürüb. Lakin o, bu proqnozunu ehtiyatla qeyd edərək əlavə edib:
“Bu tarixin daha gec olması mümkündür, lakin daha erkən baş verməsi üçün heç bir səbəb görmürəm. Mən bunu dünyanın sonunun nə zaman olacağını iddia etmək üçün yox, tez-tez vaxt təyin edib, sonra da yanılaraq müqəddəs kəhanətləri gözdən salan xəyali proqnozları təkzib etmək üçün deyirəm”.
Nyutonun proqnozu: dünyanın sonu, yoxsa yeni bir dövr?
Kanadanın Nova Skotiya əyalətindəki “King’s College” Universitetinin elm və texnologiya tarixi üzrə professoru Stiven Snobelen Nyutonun dünyanın sonu ilə bağlı dəqiq bir tarix müəyyən etməkdə ehtiyatlı davrandığını bildirir. Alimin əsas narahatlığı, ilahi proqnozlara əsaslanan, lakin səhv çıxan insan təxminlərinin İncilin nüfuzuna zərər verməsidir.
Professor Snobelenin fikrincə, Nyuton əslində 2060-cı ili dünyanın sonu kimi deyil, “yeni bir başlanğıc” kimi görüb. O, bunu “köhnə bir dövrün sonu və yeni bir eranın başlanğıcı – yəhudilərin Məsih dövrü, yaxud premillenari xristianların “Tanrı Krallığı” adlandırdığı dövr” kimi təsvir edib./qaynarinfo