AZ

Kim bilmir ölüm-itim dünyasıdır…

Uşaqlıq dostlarının hər görüşündən əvvəl bir peşmançılıq, əngəl olar qorxusuna havalanıb gün sayıram. Hər toplantıdan sonra da ötən günün xiffəti içimi alır.

***

…15 fevral yığıncağı. Qırx fevraldır görmədiyim Xaliqə sarılıram.

9-10-cu sinifləri birgə oxumuşuq. Saf uşaqdır Abdullayev.

Ortaq sevgimiz vardı: “Neftçi”. Komandamız uduzan günün səhəri heç əl də tutuşmur, eləcə dilxor-dilxor başımızı bulayırdıq bir-birimizə, udan günün səhəri isə Xaliq üstümə yüyürüb məni bağrına basırdı.

Şəhərin ucqarında itib-batıb, üzə çıxmır Xaliq. Burnumun ucu göynəmişdi…

***

…Qızlarla əvvəlki iki görüşə gələ bilməmiş Səbuhi bu dəfə imkan eləyib.

10 il paralel oxumuşuq Hüseynovla, amma sinif yoldaşı deyəndə üç uşaq yadıma düşürsə, biri odur. Heç aralı olmadıq.

Tələbə vaxtı yataqxanalarında çaxırdan vurub hallanmışdıq. Məni bizim yataqxanaya qədər yola saldı. Çatanda dedim qayıdaq, səni ötürüm.

Çox aralı deyildi yataqxanalarımız. Ora yetişəndə Səbuhi dirəşdi, yox, mən səni yola salmalıyam.

Beləcə bir-birimizi o baş-bu baş yola salıb axırda orta bir nöqtədə ayrılmağa razılaşdıq.

***

…O biri Səbuhi – Yunusov qoltuqağacı ilə gəlib. Qızlar onu dövrəyə alıb oynayanda gözünü nəm tutur.

Özünə baxmır, heç kimi də eşitmir bu çətin adam. Payızda iki dəfə əməliyyat olunub. Dekabrda olası məclis buna görə yubanıb, gözləmişik babatlaşsın.

On il bir sinifdə oxumuşuq.

Bir ara sinif nümayəndəsi oldu. İki gündən bir pul yığırdı uşaqdan. Elxan – Komandir hər dəfə bunu yada salır:

– Korrupsiyaya qurşanmışdın, ona görə atdılar bayıra.

Səbuhi pul yığmağına yığırdı, amma iş də görürdü, sinif otağını abıra salmışdı, hər yan göz oxşayırdı.

Sinifkomluqdan çıxarılmasının başqa tarixçəsi var. Məktəbdə praktika keçən bir tələbə onu kart oynayan yerdə tutub satmışdı…

***

…Bəzi uşaqlara əlimiz çatmır. Tahir Şuşada işləyir. Hər görüş tərs kimi növbədə olduğu vaxta düşür.

Məmiyevi çox incitmişik Şakirlə. Musiqi məktəbində də oxuyurdu Tahir, tar çalırdı. İpək kimi uşaqdır. Gedib binalarının blokunda gözləyirdik, dərsdən qayıdanda tutub dirəşirdik “cip-cip” çal. Bir gün, beş gün, on gün… Yazıq “Cücələrim” çalmaqdan bezmişdi, axırda səbri daşdı, bizə dişinin dibindən çıxanı dedi, yaxasından qopduq.

Tahirdən əlimiz çıxandan bir müddət sonra Şakirin fitvası ilə Azərə girişmək istədik. O da tara gedirdi. Binalarının qabağında Şakirin “Bəlkə bizə bir “cip-cip” çalasan” deməyi Azəri elə qəzəbləndirdi ki, tarı divara vurub ikiyə böldü, qaçdıq.

Tahirin başına açdığımız oyundan xəbəri vardı Azərin…

Şakir çoxdan Rusiyada olur. Hərdən gəlir. Komandir axırıncı məclisin şəkillərini göndərib ona. Mənə zəng vurdu, dedi çox uşağı tanıya bilmədim.

***

…Vüqar məclisə telefonla qoşulur. Telefon dövrə vurub mənə çatanda bircə kəlmə deyirəm:

– Slava Ukraini!

Məktəbi bitirəndən Ukraynada yaşayır Vüqar. Doqquz il əvvəl gələndə yığışmışdıq.

Vüqarın atası Əsgər dayının “Zaporojets”i vardı. Uşaqlardan kimsə buna şeir qoşmuşdu:

Silindir, ay silindir,
Bu gələn “Zapı” kimindir?
82-55:
Əliyev Əsgərindir.

***

İslam Şuşadan zəng vurur:

– Elə bil ki, gələn dəfə Şuşada yığışaq, hər şey mənlikdir.

Qəlp söz danışan deyil İslam.

***

Siyahıda çox adam var. 1973-1983-cü illərdə Şuşanın 4 nömrəli məktəbində, üç paralel sinifdə oxumuş çox uşaq. Heç də hamını toplamaq mümkün olmur. Yarım addımlıqdan gəlib çıxmırlar.

Deyə bilmirsən ölüm-itim dünyasıdır.

Axı kim bilmir ölüm-itim dünyasıdır…

Hikmət Sabiroğlu

Seçilən
13
medianews.az

1Mənbələr