Avropa Gənclər Qış Olimpiya Festivalında Leylidən daha yüksək nəticə gözləyirdik.
Bunu “Report”a açıqlamasında Azərbaycan Qış İdmanı Növləri Federasiyasının (AQİNF) baş katibi Günel Bədəlova fiqurlu konkisürən Leyli Axundovanın Gürcüstanda keçirilən “Bakuriani-2025” Avropa Gənclər Qış Olimpiya Festivalında göstərdiyi nəticə ilə bağlı deyib.
Qurum rəsmisi bunun idmançı üçün ilk böyük yarış olduğunu vurğulayıb:
“Təbii ki, Leylidən daha yüksək nəticə gözləyirdik. Çünki potensialı buna imkan verir. Onun ilk böyük yarışı idi, həyəcan da sözünü dedi. Bu səbəbdən istədiyimiz nəticəni əldə edə bilmədik. Gürcüstandakı yarış onun üçün bir təcrübədir. Ümidvarıq ki, gələcəkdə daha yüksək nəticələr göstərəcək”.
Qeyd edək ki, Batumidə baş tutan festivalda L.Axundova qısa proqramda 33.84 xalla 28-ci olub. O, sərbəst proqramda isə 64.50 xalla 26-cı yeri tutub. Ümumilikdə fiqurlu konkisürən festivalı 31 iştirakçı arasında 28-ci pillədə başa vurub.