AZ

Beynəlxalq müstəvidə etibarlı və strateji tərəfdaş

Mansur Quliyev,

YAP Ağdam rayon təşkilatının sədri

Azərbaycan regionda etibarlı strateji tərəfdaş nüfuzuna sahib olan dövlət olaraq hər zaman balanslaşdırılmış siyasət həyata keçirməkdədir. Bu gün Azərbaycan beynəlxalq müstəvidə etibarlı və strateji tərəfdaş kimi tanınmışdır. Ölkəmizin nüfuzlu beynəlxalq tədbirlərə evsahibliyi etməsi bu inamın göstəricisidir. Beynəlxalq əlaqələrimizin möhkəmləndirilməsində ikitərəfli ticari-iqtisadi əlaqələrin inkişafı məqsədilə keçirilən iclaslar da böyük əhəmiyyət kəsb edir.

Müasir dünya siyasətində etibarlı tərəfdaş kimi tanınan, Cənubi Qafqaz regionunun lider ölkəsi olan Azərbaycan həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Respublikamızın xarici siyasətinin səciyyəvi xüsusiyyətlərindən biri bu strateji kursun müstəqillik və suverenlik prinsiplərinə əsaslanmasıdır.

Məlum olduğu kimi Azərbaycanda səfərdə olan Somali Prezidenti Hasan Şeyx Mahmud ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında görüş keçirilib.

Fevralın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud mətbuata bəyanatlarla çıxış ediblər. Dövlət başçısı cənab İlham Əliyev mətbuata bəyanatla çıxışı zamanı Azərbaycanla Somali dövlətləri arasında gələcək əməkdaşlıq prinsipləri barədə geniş məlumat vermişdir. Prezident cənab İlham Əliyev bildirdi ki, "Bu, tarixi səfərdir və ölkələrimiz arasında ikitərəfli münasibətlərin tarixində ilkdir. Əminəm ki, səfər ölkələrimiz arasında sıx dostluq münasibətlərində yeni səhifə açacaq. Bu gün Prezidentlə görüşümüz zamanı biz qarşılıqlı maraq doğuran kifayət qədər böyük sayda məsələləri artıq müzakirə etdik. Bu gün müzakirələrimizi nümayəndə heyəti üzvlərinin iştirakı ilə davam etdirəcəyik. Bu gün imzalanmış sənədlər ikitərəfli əlaqələrimizi çox sahələrdə inkişaf etdirməkdə qarşılıqlı iradəmizi aydın şəkildə nümayiş etdirir. Əminəm ki, hazırda Bakıda imzalanmış bütün razılaşmalar həyata keçiriləcək və münasibətlərimizi daha yüksək səviyyəyə qaldıracaq. Biz regionlarımızda geosiyasi vəziyyəti, ölkələrimizin üzləşdiyi çağırışları geniş şəkildə müzakirə etdik, ölkələrimizin ərazi bütövlüyünə və suverenliyinə qarşılıqlı dəstəyimizi, eləcə də terrorçuluğa və ekstremizmə qarşı mübarizədə ortaq mövqeyimizi bir daha vurğuladıq."

Azərbaycan müstəqil bir dövlət olaraq beynəlxalq hüququn qayda və prinsiplərinə sadiqdir. Eyni zamanda ölkəmiz bütün dövlətlərlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursu və heç bir hərbi bloka qoşulmadan tarazlı siyasət həyata keçirir.

Xüsusilə qeyd etmək lazımdır ki, artıq bu gün Azərbaycan bölgədə neft-qaz, enerji ixracatçısı kimi və lider dövlət olaraq etibarlı strateji tərəfdaş mövqeyini nümayiş etdirir. Azərbaycanın gündən-günə artan qüdrəti müstəqil dövlətimizin parlaq gələcəyinə və ölkəmizin çiçəklənməsinə çox böyük zəmin yaradır.

Seçilən
24
yeniazerbaycan.com

1Mənbələr