AZ

ADAU ilə Kırşehir Ahi Evran Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub

Bakı, 17 fevral, AZƏRTAC

Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov Azərbaycanda səfərdə olan Türkiyənin Kırşehir Ahi Evran Universitetinin rektoru Mustafa Kasım Karahocagilin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nazir müavini Elçin Zeynalov bildirib ki, Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətləri bütün sahələrdə olduğu kimi, aqrar sahədə də uğurla inkişaf edir. Son illər iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndiyini deyən nazir müavini kənd təsərrüfatı sahəsində kadr hazırlığı, elmi tədqiqatlar, müəllim-tələbə mübadiləsi sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.

Kırşehir Ahi Evran Universitetinin rektoru Mustafa Kasım Karahocagil, öz növbəsində rəhbərlik etdiyi ali təhsil müəssisəsinin maddi-texniki bazası, əmək bazarı üçün mütəxəssislərin hazırlanması, onların peşəkarlıq səviyyələrinin artırılması, universitetdə aparılan elmi-tədqiqatlar barədə ətraflı məlumat verib.

Görüşdə Azərbaycan Dövlət Aqrar Universiteti və Kırşehir Ahi Evran Universiteti arasında əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb, birgə layihələrin həyata keçirilməsi təklifləri müzakirə olunub.

Seçilən
48
5
azertag.az

10Mənbələr