Azərbaycan və Qazaxıstan arasında "yaşıl istiqraz"lar sahəsində təcrübə mübadiləsi və texnologiyaların tətbiqi imkanları müzakirə edilib.
"Report" bu barədə "Bakı Fond Birjası" QSC-yə (BFB) istinadən xəbər verir.
Məlumata görə, Birjanın nümayəndə heyəti Qazaxıstanın Almata şəhərinə işgüzar səfər edib.
Səfər çərçivəsində Qazaxıstan Fond Birjasının (KASE) rəhbər heyəti ilə görüş keçirilib. Görüş zamanı hər iki birjanın nümayəndələri 2024-cü ilin yekun nəticələrini, ticarət platformalarının və məlumat mübadiləsi mexanizmlərinin inkişafını, "yaşıl istiqraz"lar sahəsində təcrübə mübadiləsini və texnologiyaların tətbiqi imkanlarını müzakirə ediblər.
Bununla yanaşı nümayəndə heyəti KASE-nin "Tabadul Hub" platformasına qoşulması münasibətilə baş tutmuş Beynəlxalq Konfransda iştirak edib. Konfransda Qazaxıstan rəsmilərinin, korporativ sektor və beynəlxalq fond birjalarının nümayəndələrinin iştirakı ilə inkişaf edən bazarların keçdiyi yolları, regional ticarət üzrə əməkdaşlıq, Qazaxıstan fond bazarının investorlar üçün cəlbedici platformanın olması kimi mövzularda panel müzakirələri aparılıb.
"Tabadul Hub" platformasını Abu Dabi Qiymətli Kağızlar Birjası (ADX) regionun qarşılıqlı bazar modeli ilə fəaliyyət göstərən ilk rəqəmsal birja kimi 2022-ci ildə istifadəyə verib.