AZ

Azər Bağırov və Ayxan Abbasovdan heç-heçəyə şərh

“Kəpəz”in baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 1:1 hesabıyla başa çatmış matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Maraqlı alınan oyunda iki fərqli hissə izlədik. İlk yarıda daha yaxşı oynadıq. İkinci hissədə həm orta xətdə, həm də cinahlarda istənilən kimi çıxış etmədik. Əvəzetmələrimizdən sonra meydana çıxan futbolçular hardasa oyuna tam qoşula bilmədilər. Sevindirici hal odur ki, artıq üç turdur, çempionatda məğlub olmuruq, xallar qazanırıq. Bu, “Kəpəz” adına hələlik yaxşıdır. Futbolçulardan əsas tələbimiz odur ki, meydançada daha az səhv etsinlər. Rəqibə belə şans verməyək. Çatışmazlıqlar çoxdur, çalışırıq”.

Azər Bağırov bəzi oyunçuların çıxışından razı qalmadığını da bildirib: “Hakimlərə yox, öz futbolçularıma qəzəbli idim. Evdə qazanılan xallar çox vacibdir. Bu gün qələbə qazansaydıq, “Zirə” ilə matça fərqli motivasiya ilə çıxa bilərdik. Təəssüf ki, bu, alınmadı. Səhv başqa yerdə idi. Mərkəz oyunçuları onları istədiyimiz ötürmələrlə təmin etmədilər. Camal Cəfərov və Trent Buhaqyar sürətli futbolçulardır. Onların sürətindən yararlanmaq istəyirdik. Cavan futbolçumuz Nemət Musayev var. Amma onu birdən-birə meydana atmaq istəmədik. Hələ qarşıda 13 tur var. Növbəti oyunlarda meydanda ola bilər. Mahamadu Ba da o mövqedə yaxşı oynadı. Daha yaxşı olmağa çalışırıq”.

“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov isə heç-heçəyə belə şərh verib:

“Stressli oyun idi. Heç bir komanda məğlub olmaq istəmirdi. Hər iki komandanın xala ehtiyacı var idi. Oyunun gərginliyi futbolçularda da hiss olunurdu. Hər iki hissədə qol fürsətlərindən yararlana bilmədik. Kobud səhvdən qol buraxdıq. İstənilən halda xalımızın üstünə xal gəldi. Yolumuza davam edirik. Futbolçularımı təbrik edirəm.

Rəqibə yüz faizli epizod verdiyimizi deməzdim. Üstünlük bizdə idi. Amma oyunun gedişatına görə hər iki komanda 1 xala layiq idi.

Bu gün 3 itkimiz var idi. Bakiç də isinmə hərəkətləri zamanı zədələndi. Mikels və Pusi önəmli oyunçularımızdır. Mən hamıya güvənirəm. Gənc futbolçular özlərini meydanda rahat hiss edirlər. Bu da məni sevindirir”.

Seçilən
50
arena.az

1Mənbələr