Azərbaycanın görkəmli ictimai-siyasi və dövlət xadimi, Ədalət Partiyasının sədri İlyas İsmayılov vəfat edib.
Mərhumun yaxınlarının Senzor.az-a verdiyi məlumata görə, o, bu gün müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib.
Xəstəxanadan isə bildirilib ki, İlyas İsmayılov multiorqan çatışmazlığı səbəbilə dünyasını dəyişib.
Qeyd edək ki, İlyas İsmayılov 1938-ci il martın 20-də Tovuz rayonunda anadan olub. 1985-1990-cı illərdə Baş prokuror, 1992-1995-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib. Milli Məclisin III və IV çağırış deputatı olub.
İ.İsmayılov 2001-ci ildən etibarən Ədalət Partiyasının sədri idi.
Partiyadan verilən məlumata görə, İlyas İsmayılovla vida mərasimi fevralın 18-də saat 10-dan 11.30-dək Heydər məscidində olacaq. O, vəsiyyətinə uyğun olaraq Nardaran qəbiristanlığında, oğlu Etimadın yanında dəfn ediləcək.
Allah rəhmət eləsin!