Azərbaycanlı futbolçular Renat Dadaşov və Həsən Nəzərovun çıxış etdiyi Türkiyənin “Ankaragücü” komandası növbəti oyununu keçirib.
Arena.az xəbər verir ki, paytaxt klubu bu gün Türkiyə 1-ci Liqasının 2024/2025-ci illər mövsümünün 25-ci turu çərçivəsində “Sakaryaspor”la qarşılaşıb.
Ankara təmsilçisi səfər oyunundan xal itkisi ilə ayrılıb. Dörd qolluq matçda qalib müəyyənləşməyib – 2:2.
Əsas komandadan kənarlaşdırılmış Dadaşov bu oyunda iştirak etməyib. Onunla yanaşı, Nəzərov da 20 nəfərlik heyətdən kənarda qalıb.
“Ankaragücü” bu nəticədən sonra 31 xalla 20 iştirakçı arasında 17-ci pillədə qərarlaşıb. Azərbaycanlı futbolçuların komandası keçirdiyi 25 oyunda 9 qələbə qazanıb, 4 heç-heçə edib, 12 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Renat Dadaşov bu mövsümün əvvəlində İsveçrənin “Qrasshopper” klubundan “Ankaragücü” komandasına keçib. O, Ankara təmsilçisinin heyətində 17 oyuna çıxıb, 2 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub. Millimizin forvardı ötən mövsümdə də icarə əsasında Türkiyənin digər klubu “Hatayspor”un formasını geyinib.
Ankara klubunun öz yetirməsi olan Həsən Nəzərov isə əsas komandada 5 oyun keçirib.