AZ

"Intel"dən AMD və "Nvidia" haqqında sərt iddialar

"Intel" 2024-cü il üçün hazırladığı Məhsul Təhlükəsizliyi Hesabatında rəqibləri AMD və "Nvidia"nı ciddi təhlükəsizlik zəifliklərinə görə sərt şəkildə tənqid edib. 

Valyuta.az xəbər verir ki, şirkət təhlükəsizlik sahəsində "rəqabət üstünlüyünə" malik olduğunu bildirərək, AMD və "Nvidia"nın platformalarında aşkar olunan zəif nöqtələri vurğulayıb.

"Intel": Təhlükəsizlik üstünlüyümüz var

"Intel"in hesabatına görə, 2024-cü ildə şirkətin məhsullarında aşkar olunan yeni təhlükəsizlik boşluqlarının 96%-i daxili araşdırmalar nəticəsində müəyyən edilib. Eyni zamanda, Intel-in bütün hardware problemləri öz tədqiqat qrupu tərəfindən aşkarlanıb.

Bununla yanaşı, "Intel" rəqiblərini də hədəfə alıb. Şirkət AMD-nin "Intel" ilə müqayisədə 4,4 dəfə daha çox hardware proqram təminatı zəifliyi və məxfi hesablama texnologiyalarında 1,8 dəfə daha çox təhlükəsizlik boşluğu bildirdiyini iddia edir. 

Bundan əlavə, hesabatda qeyd olunur ki, AMD-nin bildirilən platforma təhlükəsizlik problemlərinin yalnız 57%-i şirkət tərəfindən aşkar edilib və 78 təhlükəsizlik zəifliyi hələ də düzəldilməmiş qalır.

"Nvidia" da hədəfdə

"Intel" yalnız AMD-ni deyil, "Nvidia"nı da təhlükəsizlik problemlərinə görə tənqid edib. Şirkət "Nvidia" GPU-larında 18 yüksək risk dərəcəsinə malik təhlükəsizlik açığının olduğunu və bunlardan 13-nün uzaqdan kod icraetmə zəifliyi ilə bağlı olduğunu bildirib. Müqayisə üçün, "Intel" GPU-larında cəmi 10 problem aşkar edilib və yalnız biri kritik səhv kimi qiymətləndirilib.

Bazar rəqabəti qızışır

Mərkəzi prosessor (CPU) bazarında Intel hələ də dominant güc olsa da, AMD 2024-cü ilin üçüncü rübündə bazar payını 5,7% artıraraq irəliləyiş əldə edib.

Qrafik prosessorlar (GPU) sahəsində "Nvidia" mübahisəsiz lider mövqeyində olsa da, "Intel" yaxın zamanda "Gaudi 3" adlı rəqib GPU modelini təqdim edib və bu məhsuldan böyük gözləntiləri var.

"Intel"in bu iddiaları, texnologiya sənayesində təhlükəsizlik mövzusunun daha çox ön plana çıxacağını və şirkətlər arasında rəqabətin yalnız performans üzərindən deyil, həm də təhlükəsizlik məsələləri ətrafında gedəcəyini göstərir.

Paşa Məmmədli

Seçilən
114
50
valyuta.az

10Mənbələr