AZ

“HaberGlobal” telekanalı: Azərbaycan və Türkiyə liderləri təxribatlara qarşı uğurlu mübarizə aparırlar

Ankara, 18 fevral, AZƏRTAC

Prezidentlər Rəcəb Tayyib Ərdoğanla İlham Əliyevin birgə səyləri nəticəsində Azərbaycan və Türkiyə arasında münasibətlər yeni səviyyəyə yüksəlib. Qardaşlıq bağları həm masa arxasında, həm də konkret proqram və layihələrdə özünü aydın göstərir ki, bu da Ankara və Bakının rəqiblərinin bütün planlarını məhv edir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Türkiyənin “HaberGlobal” televiziyasının reportajında yer alıb.

Telekanal qeyd edir ki, Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” ifadəsi bu gün də iki dövlətin sarsılmaz dostluğunu daha yaxşı xarakterizə edir.

“Türkiyə və Azərbaycan müxtəlif dövrlərdə erməni silahlı dəstələrinin fəaliyyəti, Qərbin təxribatları və ictimai fikrin manipulyasiyası kimi bir çox çağırışı dəf edə bilib. Dialoq və prezidentlərin həqiqi qardaş münasibətləri o qədər güclüdür ki, dövlətlərin yolunda istənilən maneəni məhv etmək qüdrətinə malikdir”, - deyə “HaberGlobal” vurğulayıb.

Qeyd olunub ki, Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət Türkiyə olub, iki ölkə arasında diplomatik münasibətlər isə 1992-ci ildə qurulub. “O gündən Ankara ilə Bakı arasında əlaqələr genişlənməyə davam edib. Dövlət rəhbərlərinin şəxsi mövqeləri bu yolda güclü stimul olub”, - deyə reportajda bildirilir. Vurğulanır ki, Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin bütün tövsiyələrinin həyata keçirilməsində qətiyyətlidir.

Daha sonra deyilir ki, Türkiyə Prezidentinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfəri çərçivəsində 2021-ci il iyunun 15-də Şuşa bəyannaməsi imzalanıb. Bu, “iki qardaş ölkənin əlaqələrini yeni strateji müttəfiqlik səviyyəsinə qaldırıb və bununla da rəqiblərin planlarını məhv edib”.

Telekanal diqqətə çatdırıb ki, Qərbdə bəzi qüvvələr 44 günlük müharibə qazanılan qələbədən sonra Azərbaycan və Türkiyə prezidentlərinin münasibətlərinə xələl gətirməyə çalışır. Lakin, bu təxribatlar ermənipərəst qüvvələrin ortaya atdığı digər uydurmalar kimi uğursuzluğa düçardır.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Seçilən
32
1
azertag.az

2Mənbələr