Türk Dövlətləri Təşkilatı heç kim üçün təhdid mənbəyi deyil və heç vaxt olmayacaq
Ortaq dəyərlərə, qardaşlığa, strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Türkiyə əlaqələri dərin tarixi köklərə söykənir. Eyni kökdən qaynaqlanan bu qardaşlığı birləşdirən siyasi, iqtisadi maraqlar daha da möhkəmlənir, dünyada unikal nümunəyə çevrilir.
Son illər dünyada, o cümlədən bölgəmizdə baş verən proseslər, bütün dövlətlər kimi, bu iki qardaşın birliyi üçün də sınaq oldu. Türk dünyasının birliyini istəməyən, bu dostluğa qısqanclıqla yanaşan qərəzli qüvvələrə qarşı birlikləri ilə cavab verən Azərbaycanla Türkiyə
bu qardaşlığın təntənəsini birgə yaşayırlar. Türk dünyasının dahi öndərləri Mustafa Kamal Atatürk və Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş mənəvi sərvətlər əsasında möhkəmlənən sarsılmaz qardaşlığın daha sıx tellərlə möhkəmlənməsi beynəlxalq müstəvidə belə təsdiqlənir.
Azərbaycanla Türkiyənin qarşılıqlı, faydalı əməkdaşlığını uğurlu edən başlıca strateji əsaslar məhz iki qardaş ölkənin beynəlxalq müstəvidə bir-birinə dəstək olması, eyni zamanda, Ankara ilə Bakının dünya siyasətində mövqelərinin güclənməsidir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qeyd etdiyi kimi, Azərbaycanla Türkiyə antitürk təbliğatına qarşı vahid cəbhədə qarşısıalınmaz güc kimi səfərbər olaraq varlıqlarını qorumuş və bu gün də qoruyurlar.
Türkçülük naminə bir ürək kimi döyünən, bir amal naminə birləşən hər iki xalq bu həmrəylik sayəsində erməni təxribatlarına qarşı birgə uğurlu mübarizə aparır. Qondarma erməni iddialarına qarşı qoşa qanad kimi birləşirlər. Bu gün Türkiyə-Azərbaycan birliyi, əməkdaşlığı türk dünyasına önəmli töhfədir.
Türk Dövlətləri Təşkilatının (TDT) Qazaxıstanın paytaxtı Astanada «Türk Əsri» çağırışı ilə keçirilən 10-cu yubiley Zirvə görüşü
quruma üzv dövlətlər arasında əlaqələrin daha da genişləndirilməsi, dövrün tələblərinə intensivləşdirilməsi baxımından tarixi hadisə idi. 2009-cu ildə Azərbaycanın qədim məskənlərindən olan Naxçıvan şəhərində keçirilən toplantıda Türk Şurasının yaradılması ilə bağlı sazişin imzalanması ilə oxşar tarixə, adət-ənənələrə, milli-mənəvi dəyərlərə malik dövlətlərin qarşısında mühüm vəzifələr qoyuldu. O vaxt sazişi imzalayan Azərbaycanın, Qazaxıstanın, Qırğızıstanın və Türkiyənin dövlət başçılarının birgə səyi ilə genişlənən dövlətlərarası əməkdaşlıq sayəsində 2021-ci ilin noyabrında Şura Türk Dövlətləri Təşkilatına çevrilməklə üzvlərinin də sayı artdı.
Bu gün 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edən TDT-yə üzv ölkələr arasında siyasi, iqtisadi, mədəni əlaqələr genişləndikcə təşkilatın beynəlxalq nüfuzu da artır. Şərqdən Qərbə uzanan, beynəlxalq əhəmiyyəti artan Orta Dəhliz layihəsinin qovşağında yerləşən, aparıcı rola, mühüm tranzit imkana malik Azərbaycan dünyanın nəqliyyat xəritəsini yeniləyən dövlət adlandırılmaqla türk həmrəyliyinin də aparıcı gücüdür. Bu birliyin vacibliyini «Türk dünyası böyük bir ailədir. Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq» sözləri ilə ifadə edən Prezident İlham Əliyev TDT-yə üzv ölkələr arasında iqtisadi, siyasi münasibətlərin möhkəmlənməsini qlobal problemlərlə zəngin əsrimizin mühüm amili adlandırır.
Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Orta Dəhlizin mühüm tərəfdaşlarından olan Azərbaycanda xüsusi diqqət yetirilən
nəqliyyat-logistika infrastrukturu müasir tələblərə tam cavab verir, bu marşrut üzrə yükdaşımaların həcmi nəzərəçarpacaq dərəcədə artır. Dünya birliyində etimad qazanan qurum kimi tanınan TDT-yə üzv ölkələr arasında iqtisadi əməkdaşlığın, dostluq və qardaşlıq əlaqələrinin güclənməsi təşkilatın inkişaf perspektivlərini şərtləndirən əsas amillərdən biridir. Bu birlik İkinci Qarabağ müharibəsində, 2023-cü ildə Türkiyədə baş verən «əsrin fəlakəti» adlandırılan dəhşətli zəlzələnin fəsadlarının aradan qaldırılmasında da bir sınaqdan uğurla çıxdı. Dünya ictimaiyyəti « Nə xoşbəxtdir, türkəm deyən!» aforizminin sadəcə söz olmadığını anladı. Türkün gücünün, qüdrətinin, dönməzliyinin əyani şahidi oldu. O güc ki, bu gün birlik , həmrəylik zəncirinin həlqələri kimi daha sıx birləşib. Bu gün işğaldan azad olunmuş Qarabağda, Şərqi Zəngəzurda xaruqələr yaradır. Təşkilata üzv dövlətlər Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərinə də layiqli töhfələrini verirlər. Füzulidə qardaş Özbəkistanın təşəbbüsü ilə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin, Qazaxıstanın xalqımıza hədiyyəsi olan Kurmanqazı adına UşaqYaradıcılıq Mərkəzinin istifadəyə verilməsi qardaşlıq töhfələrinin nümunələrindəndir. Cəbrayılda yaradılan Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi, Zəngilanda birinci mərhələsi açılan «Dost Aqropark”» ağıllı kənd təsərrüfatı kompleksi TDT-yə üzv dövlətlərin dəstəyinin ortaq soy-kök, ortaq tarix və mədəniyyət, milli dəyərlər, eyni zamanda, üzv ölkələr arasında qarşılıqlı əməkdaşlığın ifadəsi «Türk əsri»nin reallıqlarıdır.
Türk Dövlətləri Təşkilatının Astana Zirvə toplantısında qəbul olunan «Türk dünyasının perspektivləri - 2040» Bəyannaməsində türk birliyinin yol xəritəsi, perspektivləri dəqiqliyi ilə göstərilir. Qarşıdakı illər üçün nəzərdə tutulan sənəddə tərəflər terrorizm və qeyri-qanuni silah ticarəti ilə mübarizədə səylərini birləşdirəcəklərini bəyan ediblər. Tarixi İpək Yolunun üzərində yerləşən, Şərq-Qərb nəqliyyat dəhlizinin fəal iştirakçısı olan Azərbaycan türk dövlətləri arasında əməkdaşlığın genişlənməsinə də önəmli töhfələr verir. Türk dövlətləri arasında birlik və həmrəyliyin möhkəmlənməsində aparıcı rola malik ölkəmizin fəallığını «Biz enerji sahəsində əməkdaşlığa böyük əhəmiyyət veririk. Azərbaycan bu sahədə də öz imkanlarını təqdim edir. Mərkəzi Asiyadan olan tərəfdaşlarımızın enerji resurslarının bir hissəsi Azərbaycan vasitəsilə dünya bazarlarına nəql edilir» sözləri ilə ifadə edən Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 22-ci iclasının Bakıda keçirilməsini regional sabitliyin təmin olunması baxımından da önəmli hadisə adlandırmışdı . Müxtəlif vaxtlarda TDT-yə daxil olan ölkələrdə keçirilən, türk dövlətlərinin ümimi maraqlarını əks etdirən problemlərə həsr olunan Zirvə görüşləri, toplantılar tarixi əhəmiyyəti ilə də maraq doğurur.
Bu birliyin zirvə nöqtəsi hesab olunan Şuşa Bəyannaməsinin imzalanması, sənədin şərtlərinə uyğun davam edən, getdikcə daha da möhkəmlənən Azərbaycan –Türkiyə qardaşlığının yenilməzlik simvolu TÜRKPA-nın görüşlərində diqqətdə saxlanılır. Qurumun nümayəndə heyətini Bakıda qəbul edərkən bu birliyin möhkəmlənməsi üçün çağırışları, hədəfləri «Türk dünyası güclənsin. Türk dünyasının istəyi, niyyəti işbirliyidir, əməkdaşlıqdır, dostluqdur. Türk birliyi heç kim üçün təhdid mənbəyi deyil heç vaxt olmayacaq!» sözləri ilə diqqətə çatdıran Prezident İlham Əliyev türk dövlətlərinin parlamentlərarası əməkdaşlığının möhkəmləndirilməsini, parlament diplomatiyasının genişləndirilməsini TDT-na üzv ölkələr arasında siyasi dialoqlar kimi dəyərləndirmişdir.
Azərbaycanın xarici siyasətində türk dövlətləri arasında münasibətlərin əsas prioritet kimi aktuallığını qoruması müasir dövrümüzdə daha önəmli və vacibdir. Dünya düzəninin gərginləşdiyi, qlobal hadisələrə baxışların çarpazlaşdığı, beynəlxalq müstəvidə yeni tələblərin səsləndirildiyi indiki məqamda təşkilatın qarşısında daha mühüm vəzifələr durur. Prezident İlham Əliyevin «Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz türk dünyasıdır» sözləri bu bu birliyin «tərcümeyi-halı» olmaqla hədəfləri də şərtləndirir.
Hazırda türk dünyasının sarsılmaz birliyi reallığa çevrilməklə, qlobal məsələlərin həllində iştirakı, məsələlərə təsiretmə imkanları təsdiqlənmiş və təkzibedilməz faktdır . Azərbaycan- Türkiyə strateji tərəfdaşlığı bu birliyə inteqrasiya prosesinin sadəcə iştirakçısı deyil, həm də inanılmış aparıcı qüvvəsidir. İki qardaş ölkənin birgə səyi ilə güc mərkəzinə çevrilən bu birlik sayəsində TDT regionda və dünyada cərəyan edən qlobal siyasi-iqtisadi proseslərə türk xalqlarının ortaq maraqları baxımından münasibət bildirir, İslam həmrəyliyinin möhkəmlənməsinə töhfə verir, antitürk təxribatlara, dini radikalizmə qarşı mübarizə aparır. Türk həmrəyliyi üçün rəmzi məna daşıyan Orta Dəhliz layihəsinin səmərəsini diqqətə çatdıran Prezident İlham Əliyevin vurğuladığı kimi, təşkilata üzv dövlətlərin nəqliyyat , enerji resurslarının bolluğu, insan kapitalı, artan əhali, demoqrafik vəziyyətin müsbət olması TDT-nin güc potensialıdır. Bu potensialın sarsılmaz gücə çevrilməsi ilə bağlı atılan addımlar təşkilatın beynəlxalq məsələlərin müzakirələrində rolunu artırır. Qardaş duyğularından qaynaqlanan bu yanaşma isə türk dünyasını, dünya miqyasında böyük bir güc mərkəzinə çevirir. Böyük coğrafiyanı əhatə edən, etnik, mədəni köklər üzərində möhkəmlənən bu birlik birgə səylərlə, praktiki addımlarla daha da güclənir.
Cənub Qaz Dəhlizi sayəsində türk dövlətləri Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayırlar”. Bu baxımdan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun, Orta Dəhliz”in potensialının tam üzə çıxarılması böyük əhəmiyyət kəsb edir. Ölkələrarası logistika xidmətlərinin təkmilləşdirilməsi, vahid nəqliyyat operatorlarının yaradılması, texniki və tarif şərtlərinin modernləşdirilməsi, inzibati maneələrin aradan qaldırılması və qapalı logistik dövrənin formalaşması ilə bağlı imkanlar nəzərə alınır.
Prezidentlərin bəyanatlarında qeyd olundğu kimi, 2022-2027-ci illərdə Orta Dəhlizin inkişafına dair yol xəritəsinin reallaşdırılması ilə bağlı perspektivlər ümidvericidir. Bu marşruta artan maraqdan tam yararlanmaq üçün bu infrastruktura üçüncü ölkələrin cəlbi əməkdaşlığın səmərəsini daha da artıracaq. Hazırda Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh sazinin başlıca şərtlərindən olan Zəngəzur dəhlizinin açılması türk birliyini daha da gücləndirəcək amil kimi önəmini qoruyur. Zəngəzur dəhlizinin bərpası ilə türk dünyasının pozulan coğrafi bağlantısının, tarixi ədalətin, TDT ölkələri arasında iqtisadi əlaqələrin yüksək səviyyə çatacağını «Mən demişdim ki, Zəngəzur dəhlizi təkcə dəmir yolu, avtomobil yolu, hava nəqliyyatı üçün deyil. Eyni zamanda, Zəngəzur dəhlizi enerji növlərinin ixrac edilməsi ilə bağlı öz rolunu oynayacaq» söyləyən Prezident İlham Əliyevin sözlərinin gerçəkləşəcəyi gün Turan yolunun açılışı, türk dünyasının həmrəylik bayramı olacaq.
Xuraman İsmayılqızı, «İki sahil»