Bakı, 18 fevral, AZƏRTAC
Ötən əsrin 60-70-ci illərindəki tədqiqatlarda üçü yalançı, dördü doğruçu olmaqla əvvəllər yeddi çərşənbənin keçirildiyini göstəriblər. Bu gün ənənəvi olaraq dörd doğruçu çərşənbə – Su, Od, Yel və Torpaq çərşənbələri qeyd olunur. Sonuncu ilaxır çərşənbə isə digər özündən əvvəlki üç çərşənbəyə nisbətən daha böyük coşqu ilə və geniş miqyasda bayram edilir. Görünür ki, bunun əsas səbəbi həm də özündən əvvəl gələn çərşənbələrin də müəyyən mənada “əvəzini çıxmaq”, onların hamısının bayram coşqusunu özündə cəmləşdirib ümumiləşdirmək kimi missiyanı öz üzərinə götürməklə əlaqəlidir. Çünki ilaxır çərşənbə bir il ərzində keçiriləcək bütün “çərşənbə əhvalatlarına” – çərşənbə şənliklərinə yekunlaşdırıcı akkordunu vurmuş olur.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA Folklor İnstitutunun əməkdaşı filologiya üzrə fəlsəfə doktoru, dosent Şakir Albalıyev söyləyib.
Dosent Ş.Albalıyev qeyd edib ki, xalqın adət-ənənələrinin, bayramlarının, inanclarının, bir sözlə, folklorunun qorunduğu ən mühafizəkar bölgələr adətən beynəlmiləlçi şəhər həyatından, mərkəzi dairələrdən çox-çox uzaq olan yerlərdir: “Belə bölgələrdən biri də Zəngəzur, Qarabağ ərazisidir. Qərbi Zəngəzurda Qarakilsə rayonunda, Şərqi Zəngəzurda Cəbrayıl rayonunda və ətraf yerlərdə məcburi köçkünlük və qaçqınlıq dönəmindən əvvəllərdə – yəni 1988-1993-cü illərə qədər yalançı çərşənbə adı altında keçirilən bir bayram əhvali-ruhiyyəsinin şahidi olmuşam. Erməni vandalizmi əhalimizi doğma yurdlarından deportasiya etməklə yanaşı, xalqımızın bayram adət-ənənələrinin sıradan çıxarılıb unutdurulmasına rəvac verdi. Ona görə də bugünkü gənc nəsil bir çox adət-ənənlərimizlə yanaşı, bayramlarımızı da yalnız özündən əvvəlki nəsillərin dilindən, yaddaşından eşitməklə kifayətlənəsi olur. Çünki məskunlaşdıqları şəhər mühiti bu bayramların (Xıdır Nəbi, Yalançı çərşənbə və s.) keçirilməsi üçün əlverişli təbii-coğrafi şəraitə malik deyil”.
Folklorşünas alimin sözlərinə görə, yalançı çərşənbələrin sonuncusu öz izini 1993-cü ilədək Cəbrayıl rayonu və onun kəndlərində qoruyub saxlayıb: “Adından da göründüyü kimi, çərşənbə sözünün əvvəlinə əlavə olunmuş “yalançı” epiteti bu bayramın əsl bayram deyil, “yalançı” olduğunu göstərir. Lakin bunun da öz rəmzi-metaforik mənası olub. Yalançı çərşənbə dörd doğruçu çərşənbədən əvvəl gəlir və doğruçu çərşənbələrdə olduğu kimi böyük bayram coşqusu ilə keçirilmir; yəni hər kəs öz qapısında zəif bir ocaq qalayır, şən əhvali-ruhiyyə ilə o tonqalın başına cəm olub, yalançı çərşənbənin yüngülvari şənliyi kimi müəyyən zaman intervalında özlərində şən ovqat yaradırdılar. Bununla sanki kiçik çilləyə bir acıq vermiş kimi olurdular və davranışları ilə müsbət emosiyaya köklənərək növbəti həftədə doğruçu çərşənbələrin gəlişinə özlərini kökləyərdilər. Bununla sanki ilaxır çərşənbələrin başlanğıcına bir işarə vurar, qışın sərt kiçik çilləsinə gülüşləri, şən davranışları ilə acıq verir, meydan oxuyardılar.
Bu yalançı çərşənbə özlüyündə həm də vaxtilə özündən əvvəl mövcud olmuş iki yalançı çərşənbənin ümumiləşmiş formasını təcəssüm etdirirdi. Necə ki, ilaxır çərşənbə özündən əvvəlki üç doğruçu çərşənbənin də bayram coşqusunu təmərküzləşdirib öz bətnində – öz simasında təcəssüm etdirməklə daha böyük təntənə ilə bayram edilir, elə o sayaq da Zəngəzur – Qarabağ bölgəsində mövcud olmuş Yalançı çərşənbə bayramı iki yalançı çərşənbənin də əlamətlərini öz üstünə götürüb, bunu əvəz edirdi. Yalançı çərşənbə birinin o birinə yalançı hərbə-zorba gəlməsi timsalında olub, əslində hərbə-zorbaya zəmin hazırlamaq məqsədi daşıdığı kimi, doğruçu çərşənbələrin də gəlişinə bir növ zəmin hazırlayır”.