AZ

“Neftçi”nin binasının qarşısında taksi sürücüsünə basqın edən şəxslə bağlı QƏRAR

Ali Məhkəmədə quldurluqda təqsirləndirilən Uğur Rəhimovun (şərti) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, protest təmin edilməyib.

 

İttihama görə, hadisə dekabr 2022-ci il tarixdə saat 12 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsində yerləşən “Neftçi” Futbol Klubunun inzibati binasının qarşısında qeydə alınıb.

 

Belə ki, Uğur Rəhimov zərərçəkmiş Yusif Hacıyevin (şərti) taksi kimi idarə etdiyi “Toyota Prius” markalı avtomobilin sağ qabaq oturacağına sərnişin qismində əyləşib. O, “Neftçi” Futbol Klubunun inzibati binasının qarşısında avtomobil hərəkətdə olduğu zaman üzərindəki bıçaqla zərərçəkmişin qarnının sağ nahiyəsinə dirəyib, ondan pul tələb edib. Uğur Yusifə bildirib ki, puk verməyəcəyi təqdirdə bıçaqlayacaq. Zərərçəkmiş şəxs də cibində olan 30 manat pulunu ona vermək məcburiyyətində qalıb.

 

Hadisədən sonra Uğur Rəhimov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsi isə protesti təmin etməyib.

 

Kamal Məmmədov

 

Tarix: 18 Fevral 2025, 09:44   
Seçilən
28
pravda.az

1Mənbələr