AZ

Rusiyada “halal qida” bazarı sürətlə genişlənir

Yazını böyüt
Yazını kiçilt

Rusiyada halal qida məhsullarına maraq sürətlə artır. Bu sektor hər keçən il genişlənib və ölkə 2015-ci ildə Birləşmiş Ərəb Əmirliklərinə halal qida ixracı üçün ilk rəsmi sertifikatı aldı.

Hafta.az-ın yazdığına görə, 2018-2023-cü illər arasında Rusiyanın halal ət və quş əti ixracı 38 faiz artıb. Qlobal miqyasda halal sənayesinin dəyəri 2,4 trilyon dollara çatıb və illik 8 - 9,3 faiz artımı gözlənilir. Bu artım, xüsusilə Malayziya və İndoneziya kimi ölkələrdə müsəlman əhalinin artması ilə dəstəklənir. Rusiya bu tortdan pay almaq üçün ixracını artırmağı hədəfləyərək Səudiyyə Ərəbistanı, Körfəz ölkələri, Şimali Afrika və Cənub-Şərqi Asiya bazarları üzərində işləyir.

“Profil” jurnalının araşdırmasına görə, Rusiyada halal qida məhsulları indi təkcə məscid bazarlarında deyil, hətta böyük supermarket şəbəkələrində də xüsusi bölmələrdə satılır. Rusiya Pərakəndə Şirkətlər Assosiasiyasının (AKORT) məlumatına görə, son üç ildə halal qida məhsullarına tələbat durmadan artıb. Bəzi supermarketlərdə halal ət, quş əti, konservlər və dondurulmuş qidalar da daxil olmaqla 150-200 çeşiddə məhsul var. AKORT-un məlumatlarına görə, halal təzə ətin Rusiyada ümumi bazarda payı 2 ilə 20 faiz arasında dəyişir, halal quş ətinin payı 4,5-16 faiz, halal konservləşdirilmiş ətin payı isə 1-29 faiz arasındadır. Halal uşaq qidaları da daha çox yayılır. Xüsusilə, ət əsaslı pürelərin demək olar ki, yarısı halal sertifikatı ilə istehsal olunur.

Halal istehsal prosesi həm bahalı, həm də mürəkkəb olduğundan, halal məhsulların qiyməti ümumiyyətlə daha yüksəkdir. İstehsalçılar sertifikatlaşdırma prosesinə böyük büdcələr ayırmalıdırlar. Halal ət kəsimi İslam qaydalarına uyğun olmalı olduğundan kəsim prosesi yalnız müsəlmanlar tərəfindən əl ilə edilir və heyvanların əziyyət çəkməməsi üçün xüsusi texnika tətbiq olunur. Bundan əlavə, halal istehsal edən fabriklər digər məhsullarla çarpaz çirklənmənin qarşısını almaq üçün ayrıca istehsal xətlərindən yararlanırlar. Bu, istehsal xərclərini artırır. Daxili bazarda halal qidaların qiyməti standart məhsullardan 3-10 faiz baha olduğu halda, ixrac bazarında bu fərq 10-15 faizə qədər ola bilər.

Digər tərəfdən xəbərlərə görə halal qidalara artan tələbat bəzi bədxah istehsalçıları da fürsətçiliyə sövq edib. Son illər müxtəlif bölgələrdən gələn xəbərlər halal ət və ət məhsullarında donuz ətinin aşkar edildiyini üzə çıxarıb. Mikroskopik səviyyədə olsa belə donuz əti DNT-sinin aşkarlanması məhsulun halallığını itirməsinə səbəb olur. Bəzi istehsalçıların da saxta halal sertifikatlarından istifadə etdiyi aşkarlanıb. Mütəxəssislər istehlakçıların bu cür saxtakarlıqlara qarşı diqqətli olmalarını və real halal sertifikatı olan etibarlı istehsalçılardan almağın vacibliyinə diqqət çəkmələrini bildirirlər.

Seçilən
10
hafta.az

1Mənbələr