AZ

Xərçəngi müalicə edir və ehtiraslandırır- Ekzotik meyvələrin faydası varmı? – Reportaj

Satıcılar tərifləyir, həkim isə xəbərdarlıq edir – reportaj qeydləri

Son illər Azərbaycana xaricdən gətirilən ekzotik meyvələrin çeşidi artıb. Hətta sosial şəbəkələrdə də bu cür meyvələrin reklamı aparılır və onlayn satışı həyata keçirilir. Onların yerli məhsullardan qat-qat baha olması isə diqqətdən yayınmır.

Satıcılar bunun əsas səbəbini nəqliyyat və gömrük xərcləri, həmçinin məhsulun nadir olması ilə izah edirlər. Bəzi vətəndaşlar bu meyvələri dadmaq üçün baha qiymətə almağa razı olsalar da, əksəriyyət onları əlçatan hesab etmir.

Bəs ekzotik meyvələr hansı ölkələrdən gətirilir, onların hansısa faydası varmı və əsas alıcıları kimlərdir? Suallara cavab tapmaq üçün əhali arasında sərfəli alış-veriş məkanlarından biri kimi tanınan “Yaşıl bazar”a baş çəkdik.

Bazarın daxilində ekzotik meyvələrin satışı ilə məşğul olan ayrıca bir neçə mağaza var. Burada meyvələr soyuducuda və qablaşdırılmış formada saxlanılır. Meyvələr həm çəki, həm də dənə ilə satılır. Satıcılardan birinə yaxınlaşıb, meyvələrin qiyməti, əsasən də xərçəngin müalicəsində istifadə edildiyi deyilən meyvə ilə maraqlanıram. Meyvə quanabana adlanır, sifarişlə 80 manata Tailanddan gətirilir.

Satıcının sözlərinə görə, xərçəng xəstələri bu meyvədən çox alırlar. O, immuniteti gücləndirir, bədəndə maddələr mübadiləsini fəallaşdırır. Bu meyvədən istifadə edərkən xüsusi şərtlərə əməl etməlisən: daima soyuducuda saxlamalısan və üzərini qapatmalısan ki, hava ilə təmasda olub xarab olmasın.

Kilosu 40 manata olan və yerli məhsullardan daha çox qara, iri gavalıya bənzəyən marakuyya haqda isə satıcı “cinsi zəifliyi aradan qaldırmağa kömək edir” deyir.

Bəs yüksək qiymətlər insanları çəkindirmirmi? Satıcının cavabı belə olur: “Bu həyatda hər şey fanidir. Pul da, var-dövlət də bu dünyada qalacaq. Ürəyin istədiyini alıb yemiyəcəksənsə, daha o pulu niyə qazanırsan. İnanırsınız, bu meyvələrin xüsusi alıcıları var. Zəng edib evlərinə sifariş verirlər. Qadınlar oturub evdə televizora baxa-baxa yeyirlər. Hətta alıb aparıb məclislərdə süfrəyə qoyanlar da olur. Satışı ilə bağlı ciddi problemimiz yoxdur. Biz bu məhsulları əsasən Dubaydan gətiririk. Ora isə müxtəlif ölkələrdən, məsələn, Argentinadan, Amerikadan Tailanddan və Afrika qitəsindən gətirilir”.

Adlarını bilmədiyimiz digər ekzotik meyvələrin qiyməti ilə də maraqlanırıq, bəlli olur ki, manqonun kiloqramı 30 manata, pitayanın bir ədədi isə 15 manata satılır.  Şirin alça dadını verən karanbula isə  9 manata satılır. “Əjdaha gözü”nün bir kilosu 30 manatdır.

Satıcılara görə, bu meyvələri bir aya yaxın soyuducuda saxlamaq mümkündür: “Onsuz da müştərilər olur, heç bir aya gedib çıxmır. İnsanlar fərqli təamları dadmağı sevir. Həm də bizdə elə yerli meyvələr də satılır ki, onları qış aylarında ancaq bizdə tapa bilərsiniz. Doğrudur, qiymətləri çox baha olur, amma hamilə qadınlar, xüsusi xəstəliyi olan insanlar üçün dadmağa lazım olur. Gilasın bir kilosunu indi 50-55 manata, alçanın bir ədədini isə 15 manata satırıq. Qarpız, yemiş də satırıq. Bir də görürsən ki, kimsə əl yandımda gəlib alır. Biz özümüz də ekzotik meyvələrin dadına baxırıq. Canımızdan artıq deyil ki…

“Dragon Fruit” Asiya, Mərkəzi Amerika və Cənubi Amerikanın tropik ölkələrində rast gəlinir. Bu meyvənin içi yumşaq və şirin dadlıdır, eyni zamanda təbii antioksidantlarla zəngindir. Mangostan “Meyvələrin kraliçası” adıyla tanınan böyük dönərləyə malik bir meyvədir. Asiyada geniş yayılan bu meyvə C vitamini və antioksidantlarla doludur. Ekzotik meyvələrin qidalandırıcı dəyəri çox yüksəkdir. Onlar vitamin, mineral və liflər baxımından çox zəngindir”.

Həkim-diyetoloq Leyla Zülfüqarlı qəzetimizə açıqlamasında bildirib ki, pasiyentlərinə ekzotik meyvələr yeməyi tövsiyə etmir: “Bu meyvələrin tərkibindəki maddələr genetikamıza yaddır. Bizim genetik yaddaşımız əcdadlarımızın qidalandığı maddələr qrupunu yadda saxlayıb. Ekzotik meyvələr isə xromosomlarımıza yaddır. Fiziologiyamız bizdən onu istəmir, əksinə, öyrəşdiyi maddələri tələb edir. Məsələn, avokadonun tərkibində elə maddələr var ki, biz onu balıq yeyəndə də alırıq. Manqo vitamin C və B ilə zəngindir. Biz bu vitaminləri  coğrafiyamızın öz məhsulları ilə də ala bilərk, şərt deyil ki, hansısa başqa ölkədən gələn meyvədən vitamin qəbul edək. Çünki yerli məhsullar orqanizmimizə daha yaxındır. Ekzotik meyvələr isə bizim insanların orqanizmində çətin sorulur. Onlar yalnız bitdikləri qitənin insanlarının xromosom quruluşuna uyğun gəlir. Buna görə də istifadəni məsləhət görmürəm. Epigenetikamızda bu cür meyvələrin rol aldığı həyat tərzi rol almamalıdır”.

Yeni Müsavat

Seçilən
33
2
tribunainfo.az

3Mənbələr