AZ

Avropa İttifaqının strateji geosiyasi proqnozları: ssenarilər və perspektivlər

K.Əlioğlu

VII məqalə

"Avro-Atlantika ittifaqı" və beynəlxalq münasibətlər

Avropa İttifaqı (Aİ) yaradılandan əsas müzakirə mövzusu Qərbin inteqrasiyası idi. Qərb alim və politoloqları Aİ fonunda yalnız birlikdən bəhs edirdilər. Bu kontekstdə də "Avro-Atlantika ittifaqı" məsələsi aktuallaşmışdı. Bir neçə il "Avro-Atlantika ittifaqı" ideyasına nikbinliklə yanaşaraq onu perspektivli proses kimi nəzərdən keçirirdilər. "Yumşaq güc" anlayışının praktiki siyasətdə aktuallaşması ilə "ittifaq" məsələsi yeni nəzəri potensial əldə etmiş oldu. Çünki Qərb strateqləri "yumşaq güc" vasitəsilə avrointeqrasiyadan "Avro-Atlantika ittifaqı"na uğurlu keçid etmənin mümkünlüyünə əmin idilər. Bu əsasda ümid edirdilər ki, ümumrifah dövləti modeli bütün Avro-Atlantika məkanına yayılacaqdır.

Bunun fonunda da xüsusi olaraq "avrosfera" anlayışının politoloji və ümumnəzəri tədqiqi intensivləşmişdi. Hətta bir sıra avropalı tədqiqatçılar daha irəli gedərək, ABŞ-ı "azad dünyanın lideri" postundan "atmaq" ideyasını irəli sürürdülər. Lakin daha sağlam düşünənlər Aİ ilə ABŞ arasında bərabərhüquqlu tərəfdaşlığa üstünlük verilməsini tövsiyə edirdilər. Çünki əsas məqsəd kimi "Avro-Atlantika ittifaqı"nı saxlamağı görürdülər.

Sonrakı illərdə bu istiqamətlərdə araşdırmalar daha da intensivləşdi. Lakin elə həmin mərhələdə də bir neçə əlamət aydın görünməyə başlamışdı. Birincisi, belə duyulurdu ki, Qərbdə "Avro-Atlantika ittifaqı" məsələsinin geosiyasi aspektinə ciddi fikir verilir. İkincisi, bu prosesdə fikir ayrılığı əzəldən vardı və o, getdikcə daha da dərinləşirdi. Fikir ayrılıqlarının başlıca stimulverici faktoru qlobal geosiyasətdə XXI əsrdə gözlənilməz dəyişikliklərin baş verməsi, çoxlu sayda riskli situasiyaların meydana çıxması ilə bağlı idi. Bu prosesin fonunda ABŞ-la Aİ-nin geosiyasi iddiaları arasında ziddiyyətlər də dərinləşməkdə idi. Əvvəllər həmin tendensiya elə də qabarıq görünməsə də, Breksit-dən sonra qərblilər onun üzərində daha ciddi düşünməyə başladılar. Bununla beynəlxalq münasibətlər sistemində yeni bir əlamət ortaya çıxdı.

Həmin əlamət "Avro-Atlantika ittifaqı" məsələsinin beynəlxalq münasibətlərin ana xətti olmasına yaranmış inamın sarsılması ilə bağlı idi. Artıq qərbli siyasilər və strateqlər bunun belə olmadığını qəbul edirdilər. Bu proses Qərbdə antiqlobalistlərin daha da fəallaşması və Çinin sürətli inkişafı fonunda xeyli aktuallaşdı, antiqlobalistlərin siyasi arenada əldə etdikləri uğurlar nəticəsində isə yeni praktiki məzmun almağa başladı. Bu sırada Donald Trampın ABŞ-da hakimiyyətə gəlməsi müəyyən mənada yeni seçim anı oldu. Çünki D.Tramp, faktiki olaraq, "Avro-Atlantika ittifaqı"nda gerçək çatlar yaratmağa xidmət edən addımlar atdı.

Bu proses özlüyündə Aİ-nin taleyi, o cümlədən Avropada inteqrasiyanın perspektivləri məsələsinə yeni müstəvidə baxmaq zərurətini meydana gətirdi. 2025-ci ildə isə artıq siyasi liderlər daha geniş və fundamental olaraq Avro-Atlantika məkanı kontekstində Aİ-nin gələcəyinə qiymət verməyə çalışırlar. İlkin faktlar avropalıların maraqları baxımından ürəkaçan deyildir. Onu iki fakt əsasında izah etmək mümkündür. Birincisi, ABŞ Prezidenti D.Tramp Avropa dövlətlərinə yeni rüsumlar tətbiq etmək qərarına gəlib. İkincisi, geosiyasi aspektdə Aİ-nin güclü dövlətləri ABŞ-la münasibətlərin gələcəyinə daha çox şübhə ilə yanaşmağa başlayıblar.

Trampın yeni rüsumları və avrointeqrasiya "elegiyası"

Avropa inteqrasiyasını məcazi mənada "elegiya" adlandırmaq olar. Çünki avropalı siyasi liderlər inteqrasiyanı praktikada reallaşdırmaqdan çox onun Aİ-nin mürəkkəb problemlərinin fəlsəfi dəyərləndirilməsi ilə məşğuldurlar. Bunun da başlıca səbəbi Aİ-nin geosiyasi statusunu müəyyən etməsi prinsipləri ilə ABŞ-Aİ münasibətlərinin inkişafı şərtləri arasında Vaşinqtonla Brüssel arasında ciddi yanaşma fərqlərinin mövcudluğu ilə əlaqəlidir. Həmin baxımdan iki məqamı vurğulamaq lazım gəlir.

Birinci məqam ondan ibarətdir ki, ABŞ rəhbərliyi "Avro-Atlantika ittifaqı"na, onun tərkibində Aİ-nin yeri və roluna daha praqmatik kontekstdə yanaşmağa başlayıb. D.Tramp nəyə görə Aİ-yə əvəzsiz yardımlar etməli olduqlarını anlamadığını dilə gətirir. Bu çərçivədə NATO-da avropalıların xərclərinin artırılmasını tələb edir. Hazırda NATO-da xərclərin 50 faizdən çoxu ABŞ-ın üzərinə düşür. Buna görə də D.Tramp Aİ üzvlərini xəbərdar edir: ya xərcləri artırın, ya da sizləri himayədən çəkilirik!

Maraqlıdır ki, Aİ-nin güclü dövlətlərinin rəhbərləri bu məqamı təşkilatın mövcudluğuna təhdid kimi qəbul edirlər. Onlar (məsələn, E.Makron) hesab edirlər ki, Vaşinqtonun mövqeyi bütövlükdə Avropanın təhlükəsizliyinə və daha konkret deyilsə, Aİ-nin inkişafına fərqli yanaşmaya ehtiyac yarandığını ifadə edir. Belə ki, avropalıların öz müdafiə strategiyası, təşkilatı, ordusu və müstəqil hərbi sənayesi olmalıdır.

No

Bu neqativ gedişata D.Trampın yeni rüsumların tətbiqi ilə bağlı fikirləri daha da pis təsir göstərib. D.Tramp Aİ üzvlərinə ixracatda çox güzəşt edildiyini və Aİ-dən idxala da düzgün vergi qoyulmadığını deyir. Buna etiraz olaraq hətta təmkinli Almaniyanın kansleri də kəskin reaksiya verib. Olaf Şolts bəyan edib ki, əgər D.Tramp dediyini etsə, Aİ də öz addımını atacaqdır.

Bütün bunları ekspertlər "Avro-Atlantika ittifaqı"nda yaranmış çatlar kimi qiymətləndirirlər. Məsələnin beynəlxalq münasibətlərə söykənən başqa bir aspektinin də önəmi vurğulanır. Ekspertlər bu xüsusda ABŞ və Aİ-nin Çinə münasibətini nəzərdə tuturlar. Məhz bu kontekstdə yuxarıda vurğuladığımız geosiyasi aspektdə Aİ-nin böyük dövlətlərinin ABŞ ilə münasibətlərin gələcəyinə daha çox şübhə ilə yanaşmağa başlaması aktuallıq kəsb etməkdədir. Onun üzərində geniş dayanaq.

Çin dilemması

Çinə münasibətdə ortaq mövqeyə gəlmək ABŞ və Aİ arasında həqiqi mənada həll olunmaz dilemmaya çevrilib. Vaşinqton və Brüssel bu məsələnin müsbət məcrada həlli yolunu tapa bilmirlər. Aİ Amerikanı özünə qarşı düzgün vergi siyasəti yeritməməkdə ittiham edir və hədələyir ki, Çinlə əlaqələri daha da genişləndirəcək. Bu isə Amerikaya zərbədir. Çünki bu halda həm Aİ, həm də Çin birlikdə ABŞ-ın rəqibinə çevrilirlər ki, onun da fəsadlarının daha ciddi ola biləcəyi Vaşinqtonda narahatlıq doğurur.

Bunun əksinə, Brüssel hesab edir ki, Amerikanın təsirindən xilas olmaq təşkilatın gələcək perspektivləri üçün əlavə şans yaradacaq. Lakin burada Qərb üçün ortaq olan ciddi bir geosiyasi məsələ meydana çıxır.

Belə ki, Çin hər iki tərəflə "oynayaraq" öz maraqlarını təmin etməkdə usta davranır. Yəni, ABŞ-dan Aİ-yə qarşı və əksinə istifadə edir. Nümunə kimi onu göstərmək olar ki, Çin Aİ ilə əməkdaşlığı daha çox Amerikaya sərf etməyən istiqamətlər üzrə aparır və böyük sərmayə ilə Avropanı özündən asılı vəziyyətə gətirir. Bu isə perspektivdə Brüssel üçün arzuladığı qlobal güc olmaq şansını heçə endirir. Çünki Pekin çox diqqətlə işləyir, Aİ-nin müstəqil proyektlər həyata keçirməsi miqyasını məhdudlaşdırır.

No

Bu situasiyaya politoloqların "ikiqat cilovlama" ifadəsini tətbiq etmək olar. Burada fərq ondan ibarətdir ki, "ikiqat cilovlama" strategiyası ABŞ-ın Aİ və NATO-dan Rusiya və Çini "dayandırmaq, durdurmaq, cilovlamaq" konsepsiyası kimi qalmır, Çinin Rusiya və Aİ-dən istifadə edərək ABŞ-ı durdurmaq metoduna çevrilir.

Sonrakı mərhələ

Yuxarıda vurğulanan paradoksal xarakterli məsələlərə Aİ-nin daxili inteqrasiyası prosesi rakursundan baxsaq, bu təşkilatın sonrakı tarixi mərhələdə ciddi problemlərlə üzləşə biləcəyi qənaətinə gələ bilərik. Həmin problemlər genişlənmə kursuna, daxili inteqrativ proseslərin təkamülünə, müdafiə imkanlarının genişlənməsinə və bütövlükdə Avro-Atlantika məkanında parçalanma meyillərinin davamlı trendə çevrilməsinə yol aça bilər.

Burada ekspertlər daha çox genişlənmənin Aİ-ni daxildən iflic vəziyyətə sala biləcəyi proqnozu üzərində dayanırlar. Onlar hesab edirlər ki, onsuz da Aİ daxilində inkişaf rəvan getmir. Bu təşkilatın yüksək vəzifəli şəxslərinin də vurğuladığı kimi, Aİ-nin idarə olunması ilə geosiyasi funksiyasını böyük güc kimi həyata keçirməsi məntiqi arasında ziddiyyət dərinləşir. Bundan başqa, Aİ Amerika və Çindən iqtisadiyyat, elm, sərmayə qoyuluşu, yeniliklərin sürətli tətbiqi, yeni texnologiyaların yaradılması kimi mühüm sferalarda geridə qalır. Bu tendensiyanın da inkişaf etməsi ehtimalı az deyildir.

Bunlar, əlbəttə, bədbin mənzərə yaradır, lakin bütövlükdə pessimist sonuc olmaya da bilər. Mütəxəssislər bununla bağlı vurğulayırlar ki, Aİ güclü potensialı olan və dinamik inkişaf edən bir məkandır. Böyük texniki və texnoloji imkanları olan Avropa dövlətlərinin əksəriyyəti ənənəvi olaraq elm və texnologiyada ön sıralardadırlar. İndi də burada böyük elmi kəşflər edilməkdədir.

Bu kimi faktorlar sayəsində Aİ yaxın perspektivdə böhranlardan xilas olmaq şansını saxlayır, o cümlədən ABŞ ilə Avro-Atlantika məsələsində ortaq mövqeyə gələ bilərlər. Bu ehtimal Çinlə Rusiyanın yaxın perspektivdə geosiyasi alyans yaratmaq istiqamətində ata biləcəkləri addımlarla bağlıdır. D.Tramp indi Qərbə alternativ geosiyasi güclərin yaranması ehtimalından bəhs edir. Deməli, müəyyən məqamda ABŞ-Aİ alyansı daha dərin qatlarda məzmun ala bilər.

Bu isə onu göstərir ki, Aİ-nin gələcəyi ilə bağlı bədbin və nikbin proqnozlar paralel şəkildə mövcuddur. Onlardan hansının reallaşacağını zaman göstərəcəkdir!

Mənbələr

Hutton, W. The world we’re in. L.: Little, Brown, 2002. 528 p. Leonard, M. Why Europe will run the 21st century. N.Y.: Public Affairs, 2005. 170 p. Rifkin, J. The European dream. How Europe’s vision of the future is quietly eclipsing the American dream. N.Y.: Jeremy P. Tarcher Inc., 2004. 434 p. Schnabel, A.R. The nest superpower? The rise of Europe and its challenge to the United States. Lanham: Rowman & Littlefield Publishers, 2005. 199 p. Громыко, Ал.А. Геополитизация Евросоюза в свете перераспределения бремени безопасности в Евро-Атлантике // Вестник РГГУ. Серия "Политология. История. Международные отношения". 2023. № 4. С. 10-27.

Seçilən
7
turkustan.az

1Mənbələr