Aynur Turan
(əvvəli BU LİNKDƏ)
...Ancaq bu bəraət digər repressiya qurbanları kimi, onların da taleyini dəyişmədi…
Sürgündə olarkən ümidsizlik girdabında çırpınan bir nalə qopurdu sanki qadın qəlbindən. O nalə “Günəşim bir daha dogmayacaqmı ?” deyirdi.
Gunəşim bir daha dogmayacaqmı?
Vəhşi qaranlığı bogmayacaqmı?
Kölgələri şəfəq qovmayacaqmı?
Sordum, ümidini qırma dedilər…
Ümidini qırmamağa çalışsa da, bir qadın qəlbi sonsuzadək əzaba dözə bilmir, inciyir, sızlayır, yara bağlayır, döyünməkdən yorulur və bir gün… susur. Rəsulzadə ailəsinin tanınmış nümayəndələrindən biri də şairə Ümmügülsüm xanımdır. “Rəsulzadə Ensiklopediyası”ndakı məlumata görə novxanılı Məhəmmədrəsul Rəsulzadənin üç övladı olub: Ələkbər, Əbdüləziz, Dostuxanım. Məhəmmədrəsulun böyük oğlu Ələkbər MəhəmmədəminRəsulzadənin atasıdır. Digər oğlu Əbdüləzizin üç övladı olub– Məhəmmədəli, Ümbülbanu, Ümmügülsüm.
Məhəmmədəmin Rəsulzadə Əbdüləzizin – öz əmisinin böyükqızı – Ümbülbanu ilə evlənib.Ümbülbanu xanımın bacısı isə tanınmış şairə Ümmügülsümdür ki, onun da həyat yoldaşıyazıçı Seyid Hüseyn olub. Məhəmmədrəsulun qız övladı olan Dostuxanım isə (M.Rəsulzadənin bibisi) 1930-cu ildə vəfat edib, onun övladı olmayıb.
Ümmügülsüm xanım 1900-cü ildə Novxanıda doğulub. Gənc yaşından şeirlər yazan şairənin “İqbal”, “Yeni iqbal”, “Açıq söz”, “Qurtuluş”, “Dirilik”, “Məktəb”, “Qardaş köməyi”, “Azərbaycan” və s. qəzet və jurnallarda əsərləri işıq üzü görüb. 1915-ci ildə şairənin “Qurtuluş” jurnalında “Solğun çiçək” hekayəsi nəşr olunub.
Ömür yarımçıq olmur
Cümhuriyyət dövründə milli dövləti tərənnüm edən şairənin “Türk ordusuna”, “Ey Türk oğlu”, “Çəkil, dəf ol”, “Əsgər anasına”, “Dərdli nəğmə”, “Yurdumuzun qəhrəmanlığına”, “Yollarını bəklədim” adlı şeirləri dərc olunub. Rusiyanın Azərbaycanı işğalından sonra “Hicran”, “Bayrağım enərkən” kimi şeirlərlə üsyanını bildirib. “Bayrağım enərkən” şeiri 3 may 1920-ci ildə Azərbaycan bayrağının parlament binasından götürülməsi münasibətilə qələmə alınıb. Yazıçı Seyid Hüseynlə ailə həyatı quran Ümmügülsüm ərinin həbsindən sonra özü də repressiyaya məruz qalıb. Onun həbsi ilə bağlı qərarda yazılıb: “00486 nömrəli əmri əldə rəhbər tutaraq vətən xaininin arvadı kimi Sadıqova Ümmügülsüm Əbdüləziz qızı həbs edilsin və Bakı şəhərində gözətçi nəzarəti altında ümumi həbsxanada saxlanılsın. Mənzilində axtarış aparılsın, silah, qiymətli əşyalar və əksinqilabi ədəbiyyat götürülsün. Qalan əmlakı müsadirə edilsin və dövlət hesabına köçürülsün”.
Hazırlanmış bu arayışdan sonra 1 noyabr 1937-ci ildə AzSSR XDİK DTİ-nin 8-ci şöbəsinin inspektoru Kolçinin imzası ilə SSRİ MİK-in 4 iyul 1934-cü ildə qəbul olunmuş sənədinə əsasən, Sadıqov Seyid Hüseyn Mirkazım oğlunun həyat yoldaşı olduğuna görə Sadıqova Ümmügülsüm Əbdüləziz qızının həbs edilməsi barədə qərar qəbul edildi. Qərarı noyabrın 1-də Az.SSR XDİK müavini DT mayoru Borşov təsdiq etdi. Həmin qərar 4 dekabr 1937-ci ildə Sadıqova Ümgülsümə elan edildi. 2 noyabr 1937-ci ildə Sadıqova Ümgülsümün yaşadığı Zamkovski döngəsi, 74 nömrəli evdə axtarış aparıldı. Lakin evdə XDİK əməkdaşlarının marağını cəlb edən bir şey tapılmadı". Bayıl türməsinə gətirilən Ümmügülsüm 8 il həbs cəzasına məhkum edilərək, 1938-ci ildə Temlaq əmək islah düşərgəsinə göndərilib. Həbs dövrü ilə bağlı “Qala xatirələrim” və məktubları yadigar qalıb. 1943-cü ildə Ümmügülsüm SSRİ Xalq Daxili İşlər Komissarlığına ərizə ilə müraciət edərək azadlığa buraхılmasını istəyib. 1944-cü ildə buraxılan şairəyə Şamaxıda yaşamağa icazə verilib. 17 sentyabr 1944-cü ildə Şamaxıda vəfat edib. Ümmügülsüm xanım haqqında 2005-ci ildə Aydın Hüseynzadənin geniş həcmli kitabı işıq üzü görüb, onun həbsi ilə bağlı yuxarıda verdiyimiz bilgi də həmin əsərdəndir. İstər həyatı, istərsə də yaradıcılığı tədqiqatçılar üçün maraqlı olan Ümmügülsüm xanım haqqında davamlı araşdırmalara ehtiyac var. Bir neçə il öncə mühacir şair Almas İldırımın Türkiyədə “Özleyiş” jurnalında onun haqqında yazdığı məqaləni ilk dəfə olaraq ictimaiyyətə təqdim etmişdik. Bu dəfə isə Türkiyənin “Ulus” qəzetində Ümmügülsümün bir şeirinin çapı barədə olan yazını təqdim edirik. Bu kiçik həcmli yazının Ümmügülsüm xanımın araşdırıcıları üçün maraq doğuracağı qənaətindəyik. Bu yazı çıxdığında şairə xanım bir il idi ki vəfat etmişdi. Türkiyənin “Ulus” qəzetinin 23 dekabr 1945-ci il tarixli sayında “T.İ” imzası ilə “Bir kəlmə, bir qoşma” başlıqlı yazı dərc olunub. Yazıda Ümmügülsüm xanımın yazdığı şeirdəki “soraq” kəlməsi müzakirə olunub. Həmin yazını olduğu kimi təqdim edirik:
Bir kəlmə, bir qoşma .Qəzetçilikdə böyük ustadımız mərhum Əhməd Rasimin nəvəsi Osman Nihat Akın rəsmi işlərinin xaricində ədəbiyyat və şeirlə də məşğul olan yoldaşımızdır. Onunla zaman-zaman məktublaşır, görüşürük. Mənim özünəməxsus bir kolleksiyam vardır. Osman Nihat dədəsinin məşhur gözlüyünü də kolleksiyama ərməğan edib. Ustadın nəvəsindən əvvəlki gün bir məktub gəldi. Bu zərifməktuba bir də mənzuma əlavə edilmişdi. Osman Nihat bu qoşmada keçən “soraq” kəlməsinin (mübahisə etdiyi üçün) mənasını məndən soruşurdu. Məktubda yazılmışdı: “…
Azərbaycanlı Ümmügülsüm adlı bir qadın tərəfindən yazıldığı rəvayət edilən bu qoşmadakı “soraq” kəlməsi üzərində ilişib qaldım.
Çıxdım ki yollardan alayım soraq
Dediyinə baxarsaq, “soraq” burada ya “cavab”, yaxud da
“xəbər” mənasına gəlməkdədir. Əgər “sormaq” məsdərindən gələn “soraq” sual yerinə işlənilirsə, şair bunu işlədə bilməmişsə bu bizim daha çox işimizə yarar və bundan belə “soraq” kəlməsini zənn edirəm ki, dilimizdə çox yaxşı işlədə bilərik. Məsələn: “Sorağım neçə vaxtdır qarşılıqsız qalmışdır” cümləsi mənə “sualım çox vaxtdan bəri cavabsız qalmışdır” mənasını verə bilər…”
Bir solğun çiçəyəm, bir sarı yarpaq,
Candan şikayətkar, canandan iraq.
Çıxdım ki, yollardan alayım soraq,
Xəbər verən yoxdur, sorma dedilər.
Ayrılınca hilal qaşlı yarımdan,
Mən yaslara yatdım, geymədim əlvan.
Düşünüb o yıldız gözləri hər an,
Ardınca qoşarkən, varma dedilər.
Könül şəkvəsini kimə söyləsin?
Qəlbimin dərdini kimlər dinləsin?
Səni sevən, sənsiz ömrü neyləsin?
Adı istiqlalımızla qoşa çəkilən Rəsulzadələr ocağında doğulan, aylı-ulduzlu bayrağına tapınan, türklüyü ilə qürur duyan, sözü qılıncdan kəsərli, özü hələ yazılmayan şeirlərin ən gözəli, duyğuları çiçəklərin ləçəyindən incə şair Ümgülsüm xanım haqqında danışmaq özü də olduqca ağrılıdır. O, ən çətin məqamda-NKVD-nin zəhmi dağlar yaran zirzəmilərində belə heç kəsin üzünə durmağı özün sığışdırmayan, dünyadan kişi kimi köçən, mərdliyi ilə əbədi ömür qazanan yazıçı Seyid Hüseynin həyat yoldaşıdır. O,Azərbaycanın istiqlalını tərənnüm edən, Cümhuriyyətin süqutundan sonra sovet rejiminə etiraz eləyən, nifrətini gizləməyən, 37-ci ildə repressiyaya uğrayan yeganə xanımşairimizdir.
Ədəb-ərkanı, incə əl işləriylə xanımlığa, həyat yoldaşına sədaqətiylə qadınlığa, övladlarına olan sevgisiylə analığa şərəf gətirən, şeirləri, hekayə və məktublarındakı düşüncələri, misraları, sətirləriylə heyrət və qibtə doğuran bənzərsiz, təkrarsız bir söz adamıdır. Tanrı ona o qədər yüksək keyfiyyətlər vermişdi ki, əgər bəxt də versəydi, bəlkə başqalarına qarşı ədalətsizlik eləmiş olardı... Ədalətin bu cür tənzimləndiyi bu Yer üzündə Ümgülsüm kimi şairin taleyi elə belə də olmalıydı..."Necə?" sualının cavabını o, özü verəcək-məktubları, şeirləri, yadigar
yazılarıyla... Onları oxuduqca qəlbinizdə Ümgülsüm xanıma sevgi, ehtiram və heyrətdən yoğrulmuş bir heykəl ucalacaq. Mən saralib-sollam qərib ellərdə Ədəbiyyat Arxivi, onunla bağlı sənədlər… Kağız qovluqlarda şəkillər, məktublar... Burda həyatda olduğu kimi onları - Seyid Hüseynlə Ümgülsümü bir-birindən ayırmadıqları, hər ikisiylə bağlı sənədləri eyni fondda saxlanır. Bunca ayrılıqlardan, həsrətdən, zülümlərdən, gözləntilərdən, ölümlərdən sonra vüsala bax, qovuşmağa bax...
(ardı var)
Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği
QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur