AZ

Revanşizmdən avrointeqrasiyaya doğru

Sanki qapısını kəsdirdikləri Avropada hayları yaxşı tanımırlar və Ermənistanı tezliklə, həm də gül-çiçəklə Aİ-nin üzvü qəbul edəcəklər. Yenə Qərblə Şərq arasında “yol ölçən” rəsmi İrəvan birinci qütbə yarınmaqdan ötrü hər vasitəyə əl atmaqdadır. Nikol Paşinyan iqtidarı “Ermənistanın Avropa İttifaqına daxil olması prosesinin başlanması haqqında” qanun layihəsini təntənəli şəkildə parlamentə təqdim edib. Doğrudur, layihə yalnız birinci oxunuşdadır, amma Paşinyan komandasının ABŞ-a yönəlik siyasətindəki uğursuzluqları fonunda indi də Aİ istiqamətində “bir addım irəli düşmək” istəyi anlaşılandır. 

Ötən həftə Münxen Təhlükəsizlik Sammiti çərçivəsində Avropanın tanınmış liberal siyasətçiləri ilə görüşən Paşinyanın bu cəbhədə hansısa uğur qazanmaq ehtimalı olduqca azdır. Çünki Aİ ölkələrində qüvvələr nisbətinin dəyişməsi, ABŞ Prezidenti Donald Trampın “Qoca qitə”yə artan təzyiqləri fonunda hayların baş nazirinin güvəndiyi liderlərin oyundankənar vəziyyətə düşəcəkləri qaçılmazdır. Onlar, sadəcə olaraq, Ermənistanın revanşist dairələri ilə, bir növ, siyai oyunbazlıq edirlər. Bu isə İrəvanın avrointeqrasiya planının iflasa uğraması və sülh prosesinə arxadan zərbə vurması anlamına gəlir. Ortada müşahidə etdiyimiz mənzərə erməni şovinizminin Qərblə uzlaşma kimi utopik taktikasından başqa bir şey deyil.
* * *
“Vətəndaş cəmiyyəti təşəbbüs irəli sürdü, hökumətimiz qanun layihəsini təsdiqlədi və parlamentimizin onu qəbul edəcəyi ehtimalı yüksəkdir. Bu, o deməkdir ki, biz Avropa İttifaqı ilə inteqrasiya prosesinə başlayırıq”. Baş nazir Nikol Paşinyan bunu Davosda Dünya İqtisadi Forumu çərçivəsində panel müzakirələrdə deyib. 

İndiki şəraitdə Azərbaycan özünün xarici siyasi xəttinə sadiq qalmaqla yanaşı, “Kollektiv Qərb”in Qafqazda sülhün bərqərar olması əleyhinə apardığı ikiüzlü siyasətinin qiymətini ödəyəcəyini açıq şəkildə nəzərə çatdırır. Bölgədə baş verən heç bir hadisə Bakının gözündən yayınmır. İrəvanın Avropaya inteqrasiya təşəbbüsləri də o cümlədən.  

Ermənistan parlamentində Aİ-yə üzv olmaq barədə qanunun lehinə 63 deputat səs verib (Paşinyanın “Mülki müqavilə” fraksiyasında 70-ə yaxın deputat var). Deməli, parlamentdəki iqtidar fraksiyasının öz içində parçalanma gedir. Əgər bu addımı atmaq üçün öz fraksiyasını səfərbər edə bilməyən Nikol Paşinyanın məsləkdaşlarından kimlərsə “Avropaya inteqrasiya” layihəsindən şübhələnib. Qanun layihəsinin parlamentə imza toplanması yolu ilə “kənardan” təqdim edilməsi ilə, guya, Ermənistanın Aİ-yə daxil olmasına vətəndaşların təşəbbüs göstərməsi illüziyasını yaratmağa çalışan iqtidar bu məsələdə “Respublika” partiyasının liderlərindən biri Artak Zeynalyanı irəli verib. Yeri gəlmişkən, oxuculara xatırladaq ki, 1990-cı illərin əvvəllərindən Azərbaycana qarşı silahlı təcavüzdə və torpaqlarımızın işğalında iştirak edən ultramillətçi fəal Zeynalyan sonradan revanşistlərin əsas təşkilatının – Yerkrapa Könüllülər Birliyinin yaradıcılarından biri oldu. Amma, bu, daşnak-şovinistə uzun illər USAID-in layihələrində iştirakına mane olmadı. Qərbin üstünlüyü ideologiyası Avropaya inteqrasiya üçün ilkin şərt kimi irəli sürülür. Ona görə ki, “sivilizasiya” Qərbin bir qrup keçmiş imperiyaları və onlardan asılı ölkələrlə bağlıdır.

Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov mövzu ilə bağlı ­XQ-yə açıqlamasında dedi ki, özünün hərbi gücünü artırmaq istəyində olan Ermənistan müharibədən əvvəl də ən qüdrətli, “məğlubedilməz” orduya malik olduğunu iddia edirdi: “İndi isə yaman günə düşüb və müqavimət gücünü artırmaqdan ötrü cidd-cəhdlə çalışır və müxtəlif vasitələrə əl atır. Amma heç nəyə nail olmayıb. Çünki həm 44 günlük müharibədə, həm də birsutkalıq antiterror əməliyyatları zamanı Ermənistan ordusunun hərbi texnikasının, sursatının, demək olar ki, üçdən ikisi ya qənimət kimi götürülüb, ya da darmadağın edilib. İndi ordusunu təzədən qurmağa, yeni texnika almağa çalışır. Doğrudur, əvvəlki kimi, Rusiyadan silah-sursatı müftə ala bilmir, amma Fransadan, Hindistandan nələrisə pulla alıb gətirir. Hər halda, onların Azərbaycanın qarşısında durmaq üçün nə indi, nə sabah, nə də o birisigün imkanları olacaq. Ermənistanın silahlanmaya xərclədiyi bir dollara qarşı Azərbaycan beş dollar xərcləmək iqtidarındadır. Əgər hərbi büdcələrimizi müqayisə eləsək, Azərbaycan özünün təhlükəsizlik sisteminə Ermənistandan üçqat çox xərc çəkir”.

Ermənistanın Avropa Birliyinə qəbulla bağlı başladığı prosesə, inteqrasiya məsələsinə toxunan politoloq bunu ermənisayağı gülünc bir addım kimi dəyərləndirdi: “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxacağını bəyan edən İrəvanın bu addımı atmağa cəsarəti çatmır. Əgər KTMT-nin toplantılarında iştirak etmirsənsə, yaz ərizəni çıx. Bunu etməkdən qorxur. Rusiyanın sərhəd qoşunlarını addım-addım sərhədlərindən uzaqlaşdırmağa çalışmaqla nəsə bir iş görmək istəyir. Amma yenə gedib ABŞ-a yalvarır ki, gəl mənə kömək elə, təkbaşına qorxuram. Yəni Nikol Paşinyan elə addımlar atır ki, nəticə etibarı ilə Avropa Birliyindən, ABŞ-dan ona yardım etsinlər, üstəlik, “afərin” desinlər. Eyni zamanda, Rusiya ilə olan bağları da qırmaq istəmir. Bu, doğrudan da, haysayağı davranışdır. O baxımdan ki, Ermənistanın bölgənin güclü dövlətinə çevrilmək kimi şansı yoxdur. Əlbəttə, Paşinyan öz hakimiyyətini qoruyub saxlamaddan ötrü bəzi məsələləri həll etməyə girişib. Onun Avropaya inteqrasiya jestləri isə yerli auditoriyaya hesablanmış ssenaridir. Guya, Ermənistana Avropadan, ABŞ-dan dəstək verirlər. Bu ölkəyə, ənənəvi olaraq, Rusiyadan da pullar axır. Moskvanın başı Ukrayna ilə müharibədən açılandan sonra İrəvana çox şeyləri xatırladacaq. O vaxta qədər Paşinyan manevrlər edir. Bakı bütün bunları ciddi nəzarətdə saxlayır”.     
* * *   
Belə görünür ki, İrəvan Aİ-yə və Rusiyanın əsas inteqrasiya layihəsi olan Avrasiya İqtisadi İttifaqına üzvlüyü birləşdirmək yolunu tutub. Paşinyanın bəzi bəyanatları hərdən Aİİ-də qalmaqallara səbəb olsa da, bütövlükdə Ermənistan hakimiyyəti bu təşkilatın faydalarından danışır və bu qurumdan çıxmaq niyyətlərini inkar edir. Hayların baş naziri bir neçə həftə əvvəl keçirdiyi mətbuat konfransında düşdüyü vəziyyətin absurdluğunu etiraf edib: “Ermənistan iqtisadi göstəricilər baxımından Aİİ-də öndədir. Amma biz ölkəmizin gələcəyi ilə bağlı variantları formalaşdırmaq istəyini də görməyə bilmərik. Bu gün ölkəmizin strateji gələcəyi haqqında danışmaq üçün olduqca vacib mərhələdir”.                                   

Ölkəsinin “strateji gələcəyi” deyəndə Paşinyanın Qərbi nəzərdə tutduğu aydındır. Yerli ekspertlərin bəziləri Ermənistanın Aİ–NATO planlarını şərh edərkən Paşinyan komandasını uğursuzluq gözlədiyini açıq bildirirlər. Həqiqətən də öz deputatlarını belə səfərbər edə bilməyən hökumət yeni qanun layihəsini irəli sürməklə böyük riskə gedir, müxalifət isə qəti şəkildə onlara qarşı çıxır. Paşinyanın bu addımı Moskvanın Aİ ilə yaxınlaşmasına qarşı çıxması, erməni müxalifətinə təsir göstərməsi və Ermənistanda hərbi mövcudluğunu saxlaması fonunda daha təhlükəlidir. Bəlkə Paşinyan Moskvanı Avropa İttifaqının paramilitar missiyası ilə başlayacaq Qərbin bölgədə arzuladığı hərbi mövcudluğu barədə xəbərdar etmək istəyir?

İrəvan isteblişmentinin Avropaya yönəlik kursunda təhlükəli meyli qeyd etmək istərdik. Son zamanlar ABŞ və Aİ ilə münasibətləri “istiləşdirməyə” çalışan Paşinyan siyasi səhnəni tərk etmək üzrə olan siyasi fiqurlar və qüvvələrlə razılığa gəlir. Ümumiyyətlə, onun belə kontragentlərlə müəyyən sövdələşmələrə getməsi qəribə görünür. Ola bilsin ki, bundan baş nazirin altməqsədi daxildə getdikcə aşağı düşən reytinqini qaldırmaqdır. Hazırda Paşinyanın “Mülki müqavilə” partiyasının reytinqi son dərəcə aşağıdır. Son sorğulara əsasən, bu göstərici 11 faizə enib. Ən təəccüblüsü odur ki, Ermənistan rəhbərliyinin Qərbə doğru atdığı son addımlar cəmiyyətdə ümidsizlik yaradıb. Aİ-yə daxil olmaq haqqında qanun layihəsini Aİ-nin liberal qanadı, Emmanuel Makron və Ursula Fon der Lyayen tərəfindən qəbul edilir. Ancaq bu qanad siyasi səhnəni tərk etmək ərəfəsindədir. 
* * *
Hayastanın Avropaya inteqrasiyası üçün Brüsseldəki “istismar müddəti qurtarmış” elita ilə danışıqlar aparmağa çalışan Paşinyan Vaşinqtonda da erməni lobbisi üçün eyni hiyləgər taktikasını təkrarlayır. Orada çamadanını yığmağa hazırlaşan ABŞ-ın sabiq Prezidenti Bayden komandası ilə strateji tərəfdaşlıq xartiyasını bağlamağı bacarmışdı. Ardınca Paşinyan Birləşmiş Ştatların yeni lideri Donald Tramp səlahiyyətlərinin icrasına başlayandan dərhal sonra “Dini Etiqad Azadlığı üzrə Beynəlxalq Sammit” və “Milli etiqad səhər yeməyi”ndə iştirak etmək kimi komik bəhanələrlə Vaşinqtona səfər etdi. Demokratlar Partiyasına yaxın strukturların təşkil etdiyi həmin tədbirlərdən sonra Donald Trampla deyil, yalnız vitse-prezidentlə ayaqüstü görüşə bildi. Onun güvəndiyi ABŞ-dakı erməni lobbisinin Ağ evə yolu bağlanıb. ABŞ Senatının ermənipərəst üzvü, rüşvətxor Bob Menendez dəmir barmaqlıqlar arxasına atıldı, Qarabağ separatçılarının “xaç atası”, hazırda Bakıda məhkəməsi davam edən Ruben Vardanyanın dostu Samanta Pauerin “inşa etdiyi” USAID strukturu isə dağıdılır.                                                                                                                    

Amerika istiqamətinin Ermənistan üçün ümidsiz olduğuna əmin olan İrəvanın təcili olaraq ABŞ-ın yeni administrasiyasının əleyhdarları – Aİ liberalları ilə təmasları gücləndirməyə başlaması da təsadüfi deyil. Paşinyan Münxendə Aİ Şurasının prezidenti Antonio Kosta ilə görüşüb. Bu tipin kimliyi çox maraqlıdır. Kosta Brüssel bürokratıdır və bir sıra səs-küylü korrupsiya qalmaqallarından sonra vətəni Portuqaliyada baş nazir vəzifəsindən biabırçılıqla istefa verib və indi Brüsseldə “sığınacaq tapıb”... 

Yəni Qərbə üz tutan Ermənistanın indiki rəhbərliyi Avropanın mövqeləri zəifləyən, kürsüləri laxlayan liberal elitaya arxalanır. Bunlardan biri Almaniya Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Mixael Rotdur. Partiyası hökuməti tərk etmək üzrə olan Rot Ermənistan liderini çoxmənalı təbrik edib: “Avropa İttifaqına doğru atdığınız böyük addım münasibətilə sizi təbrik edirəm. Tarixi qərardır! Mən həqiqətən ümid edirəm ki, Aİ Ermənistanı fəal şəkildə dəstəkləyəcək. Rusiya imperializminə görə Gürcüstan və Ermənistanı itirməməliyik”. 
Ermənistanın Rusiya ilə gələcək qarşıdurmada rol oynayacağı açıq şəkildə proqnozlaşdıran bu mesajı alman Rok verir. Gördüyümüz kimi, Aİ-də əskisi tüstülənənlərlə Ermənistandakı “Avropaya inteqrasiya” tərəfdarları arasında əlaqələr bulanıqdır. Bu prosesdə İrəvan “mövsümi maxinasiyalarla” məşğul olan avantürist oyunçuya çevrilib.                             

Bakı Avropadan qaynaqlanan qlobal siyasi xaosun Cənubi Qafqaza sıçramasının qarşısının alınmasının zəruriliyini yaxşı anlayır. Bundan ən çox ziyan çəkənin məhz Ermənistan olacağı barədə isə İrəvan özü düşünməlidir. 

İmran BƏDİRXANLI
XQ

Seçilən
10
xalqqazeti.az

1Mənbələr