AZ

İsrail Ordusu Livandan çıxıb

Bu barədə Livan hökumətinin adı çəkilməyən rəsmi nümayəndəsi "Agence France-Presse" (AFP) xəbər agentliyinə açıqlamasında məlumat verib. Onun sözlərinə görə, İsrail Ordusu sərhədboyu kəndlərdəki bütün mövqelərdən çəkilsə də, 5 strateji nöqtədə qalmağa davam edəcək.

"Öz növbəsində, Livan Silahlı Qüvvələri ərazini tədricən nəzarətə götürür",- rəsmi nümayəndə söyləyib. Livan Beynəlxalq Yayım Korporasiyasının məlumatına əsasən, yerli qoşunlar gecə saatlarından etibarən Meys-əl-cəbəl, Bəlida, Yarun, Marun, Məhbib və s. sərhədyanı kəndləri İsrail hərbçilərindən təhvil alıblar.

Livan tərəfi bu prosesi təsdiqləsə də, İsrail Ordusu hələlik rəsmi açıqlama verməyib.
İsrail HƏMAS-ın Livan üzrə rəhbərini zərərsizləşdirib

Xatırladaq ki, ötən il noyabrın 27-də imzalanan atəşkəs sazişi nəticəsində İsrail və Livanın "Hizbullah" qruplaşması arasında ikiaylıq müharibə başa çatıb. (Müharibə dövründə İsrail "Hizbullah"ın ali rəhbərlərini, o cümlədən təşkilatın lideri Həsən Nəsrullahı aradan qaldırıb). Həmin vaxtdan indiyədək irili-xırdalı sərhədyanı toqquşmalar meydana gəlib. Sazişin şərtlərinə əsasən, İsrail Silahlı Qüvvələrinin bu ölkədən çıxması üçün 60 günlük möhlət verilib. Halbuki bu müddətin yanvarın 26-da qurtarması fonunda İsrail qruplaşmanın yenidən güc toplanmasından ehtiyatlanaraq, daha 30 gün vaxt istəyib. Yaxın günlərdə "Hizbullah"ın da öz qüvvələrini Livanın cənubundan çəkəcəyi gözlənilir. Nəticədə həmin ərazidə yeganə hərbi güc kimi Livan Silahlı Qüvvələri qalacaq.

Firudin Həmidli
AzVision.az
Seçilən
8
azvision.az

1Mənbələr