Pezeşkian sanki Şəhriyarın ruhunu çağıraraq danışdı və elə bil vəd verdi, yəmin etdi:
"Heydər Baba, igid əmək itirməz!"
Bu cümlə, bir dövlət başçısının çıxışı olmaqdan çox, bir ulusun varlığını təsdiq edən nidaya çevrildi. Hər kəlməsi, ruhunda Şəhriyarənə nisgil daşıyan milyonlarla insan üçün bir işıq oldu. O, bir anlıq Rəisi-Cümhur kimi deyil, yanar ürəkli soydaş kimi danışırdı - içdən, dərin, könlünün ən həssas yerindən gələn səslə...
Amma elə bu anda, səhnəyə başqa bir səssizlik çökdü. Köməkçisi bir kağız gətirdi, tribunaya qoydu, dönüb getdi. Rəisi-Cümhurun üz-göz ifadəsindəki incə dəyişiklik, səsinin bir anlıq titrəməsi göstərdi ki, onun türkcə danışmasından rahatsız olanlar var. Bəzi dairələr bu çıxışın farsca davam etməsini istəyirdi. Hər şey göz önündə idi: İranın ali kürsüsündə oturan türkün - azərbaycanlının tam yetki sahibi olmasına icazə verməyən bir sistem, bir zehniyyət, bir mexanizm vardır.
Sözün yükü və üslubunun ismarıcı diqqətdən qaçmadı.
Pezeşkianın öz ismarıcını məhz Şəhriyar üslubunda verməsi təsadüfi deyildi. Çünki bu, sadə bir nitq deyildi - özünəxas anlam daşıyan siyasi və mədəni səsləniş idi. Şəhriyarın "Heydər Babaya salam" poeması təkcə bir poetik əsər deyil, Güney Azərbaycanın ruh halını ifadə edən bir manifestdir. Və Pezeşkian da məhz bu ruha incə toxunuş etdi...
O, bir daha sübut etdi ki, İranın içində tarazlıq məsələsi təkcə siyasi və iqtisadi güclərlə bağlı deyil - bu, eyni zamanda mədəni amil və dil məsələsinə bağlıdır. O, "Heydər Baba" deyərkən təkcə Şəhriyarın ruhuna deyil, həm də İranın dörd yanına, habelə Gündoğarın, Günbatarın bir çox guşəsinə səpələnmiş milyonlarla soydaşına səslənirdi elə bil. Onun səsinin titrəməsi, yalnız emosional bir məqam olmayıb, həm də mövcud (dəyişimə möhtac) gerçəkliyin təsdiqi idi. O bilirdi ki, türkcə danışması müəyyən dairələrdə rahat qəbul olunmur. Ancaq ismarıcını yetərincə aydın verdi və lazım olan mətni kövrək mətanətlə də olsa, söylədi.
Bəli, Pezeşkianın Təbrizdəki o çıxışı bir anlıq emosional hadisə kimi görünə bilər. Əslində, bu, çoxdan yığılıb qalmış bir enerjinin təcalla etməsi idi. Çağdaşlaşa bilməyən İranda azərbaycanlı Rəisi-Cümhurun seçilməsi tarixi hadisədir, lakin bu, yetərlidirmi? Sistem ona tam yetki vermək istəmir və bu, açıq-aydın görünür.
Tarixin gedişi göstərir ki, söz nə qədər boğulsa da, bir gün öz yerini tapır. - Su axar, öz çuxurunu tapar misali... Çıxan qan damarda durmaz dediyimiz kimi...
Pezeşkianın titrəyən səsi təkcə onun şəxsi hisslərinin yox, eyni zamanda bir ulusun uzun illər susdurulmuş, amma boğulmamış duyğularının əksi idi. O gün Təbrizdə səslənən bu sözlər nə qədər susdurulmağa çalışılsa da, artıq dünyanın dörd yanına yayıldı. Bu, təkcə İran sınırları içində qalmadı - bu, hər yerdə eşidildi.
İlələlbət, Təbrizə Gün doğacaq! İlklərin şəhəri (شهر اولینها) Təbriz, İranda baş verən bir çox ilklərin ocağı olduğunu bir daha doğrulayacaqdır!
Savalanda yatan igid - o, əmək itirməyən igid illa oyanacaq!
Ərk qalası, Bəzz qalası, Babək qalası şennənəcək, tonqallar gur yanacaq!
Ərbili unutmayan Ərdəbil bildiyini biləcək!
Xoy "hoydu, dəlilərim, hoydu!" deyəcək!
Mərənd nə bənd tanıyacaq, nə bərə...
Marağa marığa yatan kəmfürsətlərin önünü kəsəcək, yenə ulduzlar seyrangahına dönəcək!
Sulduz da, su və ulduz fəlsəfəsinə varacaqdır!
Qəzvin qəzavü-qədərlərdən İlahi qüdrətlə qorunacaq!
Bəs sənə nə ismarlayım, Salmas? -
Deyir:
Salmasa,
Xoydan gedək Salmasa;
Bəndə bəndəyə neynər,
Tanrı gözdən salmasa?..
Hələ, Urmu, Urmu! Susuzluqdan cadar dodaqlarına qan gələcək Urmunun!
Germi isə daha güney-batıya - Kərkükə sələnəcək!
Əskişəhirə, İçərişəhərə mistik salam göndərən Meşkinşəhr olacaq!
Maku, Bakı, Şəki, Ləkidə ürəklər eyni ritmlə döyünəcək!
Yarınlar bugünlərdən üstün olmağa borcludur!
Və mən Pezeşkiana umudlu deyiləm, umudlu olduğuma umudluyam! Tanrı bizə yar olu!
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
Əkbər QOŞALI