Cari ildə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkında Çinin BYD şirkəti tərəfindən elektrik mühərrikli avtobusların istehsalı müəssisəsinin fəaliyyətə başlaması nəzərdə tutulur.
Agentlikdən FED.az-a bildirilib ki, artıq şirkətin istehsalı üçün lazımi infrastruktur qurulub, yaxın günlərdə isə istehsal xəttinin quraşdırılmasına start veriləcək, işlərin aprel ayında yekunlaşdırılması planlaşdırılır. May ayından etibarən isə ilk elektrikli avtobusların sənaye üsulu ilə yığımına başlanılacaq.
İllik istehsal gücü 500 ədəd elektrik avtobusu təşkil edəcək müəssisədə ilkin mərhələdə bir istehsal xəttində 5 ədəd avtobusun yığımı həyata keçiriləcək.
Növbəti ildən etibarən lokallaşdırma işlərinin daha da dərinləşdirilməsi və 2030-cu ilə qədər BYD markalı elektrik avtobuslara olan tələbatın 40 faizinin lokallaşdırılma hesabına ödənilməsi nəzərdə tutulur. İnvestisiya dəyəri 29 milyon manat təşkil edən layihə çərçivəsində 600 nəfər işlə təmin olunacaq.