İlin ilk turniri olduğu üçün nəticəni pis hesab etmirəm.
Bunu "Report"a açıqlamasında cüdo üzrə yeniyetmə oğlanlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Emin İskəndərov deyib.
Mütəxəssis yığmanın Slovakiyanın Samorin şəhərində keçirilən Avropa Kubokunda 10 medal qazanaraq komanda hesabında ikinci olması ilə bağlı fikirlərini bölüşüb:
"2025-ci ilin birinci turnirində çox kollektiv iştirak edirdi. 32 ölkədən 600-dən çox idmançı burada mübarizə aparırdı. Gürcüstan, İsrail və başqa ölkələrin qatılması ilə rəqabət də artmışdı. Bundan sonrakı mərhələlərə də yaxşı hazırlaşacağıq. Avropa çempionatından əvvəl 2-3 Avropa Kuboku da olacaq. Ən azından bunların hamısında yüksək nəticələr əldə etməliyik ki, qitə çempionatına vəsiqə qazana bilək".
E.İskəndərov millinin komanda hesabında birinci ola bilməməsinə də toxunub:
"İkinci gündə iki cüdoçumuz yarımfinalda gürcü idmançılara məğlub oldular. Halbuki onların finala yüksəlmək şansı 80-90 faiz idi. Ani taktiki səhvə görə uduzdular. Yarışda belə hallar olur. Öz səhvlərinə görə məğlub oldular. Finala yüksəlsəydilər, bəlkə də komanda hesabında birinci yeri biz tutacaqdıq. Yarışa yollananlar ölkə çempionatının 1-2-ci nömrələri idi. 16 idmançı, 3 nömrələr gözləmə mövqeyindədirlər. Onları martda Türkiyənin Antalya şəhərində keçiriləcək Avropa Kubokuna aparacağıq. Kim yaxşı nəticə versə, növbəti mərhələlərdə iştirak edəcəklər. Avropa çempionatına isə hələlik vaxtımız var".
Qeyd edək ki, Azərbaycan cüdoçuları Samorində 10 mükafat əldə ediblər. Yeniyetmələr arasında Avropa çempionatı iyunun 26-29-u aralığında Şimali Makedoniyanın paytaxtı Skopyedə təşkil olunacaq.