"Qarabağ və Şərqi Zəngəzurun erməni işğalından azad edilməsi və minalardan təmizlənərək istifadəyə verilməsi də respublikamızın aqrar istehsal potensialını xeyli artırmışdır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin İntizam komissiyasının sədri, iqtisad üzrə elmlər doktoru, professor Eldar İbrahimov deyib: "Bu ərazilərdə müvafiq tədbirlərin tətbiqi kənd təsərrüfatı məhsul istehsalının artımına böyük töhfə verməkdədir. Həyata keçirilən bu tədbirlərin nəticəsidir ki, Azərbaycan ərzaq məhsulları ilə özünü təmin edən ölkə olmaqla bir çox məhsulları ixrac edir və onların həcmi hər il artır. Eyni zamanda, ötən müddət ərzində bu istiqamətdə həyata keçirdiyimiz tədbirlər nəticəsində neft-qaz ixracından əldə etdiyimiz gəlirlər hesabına iqtisadiyyatımızı şaxələndirməklə yanaşı, xarici borcumuzu 14 dəfə üstələyən valyuta ehtiyatı yaratmağa və işsizlik səviyyəsini 5 faizə endirməyə nail olmuşuq. Bu, hazırda iqtisadi cəhətdən inkişaf etmiş ölkələr üçün əlçatmaz bir göstəricidir. Bütün bunlar onu deməyə əsas verir ki, ölkəmiz Ümumdünya Ticarət Təşkilatına məhz indi üzv olmağa hazırdır və dövlət başçısının dediyi kimi, təkliflərimiz qəbul edilərsə, danışıqlar müsbət nəticələnə bilər. Hesab edirik ki, Çin ilə tərəfdaşlığımızın genişləndirilməsi də bu məsələni sürətləndirə bilər".Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31