AZ

Şəkillərdən baxan ömür - İlyas İsmayılov FOTOLARDA

Azərbaycanın sabiq baş prokuroru və keçmiş ədliyyə naziri, Ədalət Partiyasının sədri İlyas İsmayılov 17 fevral 2025-ci il tarixində müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın Reanimasiya şöbəsində vəfat edib.

İlyas İsmayılov 1938-ci il martın 20-də Tovuz rayonunda anadan olub. 1985-1990-cı illərdə baş prokuror, 1992-1995-ci illərdə isə ədliyyə naziri işləyib. Milli Məclisin III və IV çağırış deputatı olub.

Mərhum öz vəsiyyətinə uyğun olaraq Nardaran qəbiristablığında oğlu Etimad İsmayılovun yanında dəfn olunub.

İlyas İsmayılov sağlığında Modern.az saytının "Fotosöhbət" layihəsinin qonağı olmuş, redaksiyamıza təqdim etdiyi şəkilləri aşağıdakı şəkilatı sözlərlə şərh etmişdi.

Mərhum İlyas İsmayılovla "fötösöhbət"ə bir daha baxın:

 

İlk şəklimdir. Komsomola keçəndə çəkiblər. Geri boylananda nə qədər ağır günlər keçirdiyini hiss edirsən...

 

Tələbəlik dövrü... Sabirabadın Cavad kəndində pambıq yığımı... Şəkil məndən xəbərsiz yemək yediyim zaman çəkilib.

 

Atam İsmayılov Abbas Qara oğlu, milis işçisi olub. Mən 6 aylıq uşaq ikən atam 33 yaşında vəzifəsinin icrası zamanı həlak olub.

Soldakı anam Məleykə, o birisi isə xalam Məsimədir...

 

Sabirabaddan, pambıq yığımından qayıdırıq. Tələbə olub pambıq yığmamaq heç mümkün deyildi... Soldakı tələbə yoldaşım Sabir Daşdəmirov... O, fəlsəfə elmləri doktoru, professordur...

 

Tələbə yoldaşlarım. Solda Sabir Daşdəmirov və Çərkəz Musayev, sağdakılar rəhmətə gediblər: Yılmaz Axundzadə və Mürsəl İmanov ...

Bu da tələbəlik illərinin yadigarıdır... Rəhmətlik Zakir Zeynalov və Balağa Niftullayev...

 

Həyat yoldaşım Zəkiyyə xanımın gənclik illərinin şəklidir bu...

 

Bu şəkil Zəkiyyə xanımın Leninqradda tələbəlik vaxtlarının yadigarıdır...

 

Mərkəzi Komitədə işlədiyim vaxtlar... O zaman MK-nın təlimatçıları Rəsul Rəsulov və Nazim Manafov. 

Respublika prokurorunun müavini işləyirəm. Xankəndində iclas keçirirəm.

Aspirant olduğum vaxtlar... Leninqrad (indiki Sankt-Peterburq) bənzərsiz şəhərdir. Mənim həyatımda bu şəhər böyük rol oynayıb... Ortada hüquq elmləri doktoru, professor İsa Məmmədov, sağda Naxçıvanın keçmiş prokuroru Həbib Rzayevdir. 

 

Bu da tələbəlik şəkillərimdəndir... May bayramına çıxmışıq... Tofiq Qafarov, Zakir Zeynalov və mən...

Mərkəzi Komitədə işləyəndə ilk dəfə Azərbaycandan Türkiyəyə səfər edən turist qrupunun rəhbəri mən idim. Famil Quliyev və Məhəmmədiyyə Əliyevlə...

 

Hər zaman işimdə ciddi olmağa çalışmışam və qanundankənar bir iş görmək ağlıma belə gəlməyib...

 

1981-ci il. Batumidə məzuniyyətdəyəm... Solda xətrini çox istədiyim xalam oğlu Bədirəddin, ortada ixtisasca riyaziyyatçı Əhməd müəllim...

Azərbaycanın SSR-in prokuroruyam...

1994-cü il 22 noyabrda BMT-nin İtaliyanın Neapol şəhərində təşkil etdiyi beynəlxalq konfransda ədliyyə naziri kimi çıxış edirəm.

Almaniyanın prokuroru Azərbaycana gəlmişdi. Onu SSRİ Baş prokuronun müavini Viktor Naydanovla  Lənkərana apardıq. O zaman Lənkəranın birinci katibi Dilruba Camalova idi. Sağda isə Məhəmməd Əsədov...

Balıq tutmağı çox sevirəm. Hətta deyə bilərəm ki, bu, mənim hobbimdir.

 

ABŞ-ın Azərbaycandakı səfiri Robert Finin mənə yaxşı münasibəti var idi. Vəfa Quluzadəni isə tanımayan yoxdur... 

 

Süleyman Dəmirəl Bakıya gəlmişdi.

Oğlanlarımın bu şəklini bütün ömrüm boyu cibimdə gəzdirmişəm...

 

Sovetlər dövrüdür...Baş prokurorlar Tiflisə toplaşıb...

Qayıdıb geri baxanda fəaliyyətimlə qürur duyuram...

 

Respublika prokuroruyam... Gurultulu illər... "Azərbaycan gəncləri" qəzetini redaksiyasında birbaşa telefon bağlantısı ilə vətəndaşların suallarına cavab verirəm. Şərəflə işləmək həyatımın mənası olub...

Süleyman Dəmirəl prezidentliyə namizəd kimi məni qəbul edib... O biri isə Türkiyənin Azərbaycandakı keçmiş səfiri Altan Karamanoğludur.

1998-ci il 12 sentyabr mitinqi. Əvvəldən danışdığımız kimi olmadı. Partiya rəhbərlərindən təkcə mən çıxdım o mitinqə...

Həyat yoldaşım Zəkiyyə xanım Tibb Universitetində farmakologiya kafedrasının müdiri işləyərkən...

Türkiyənin keçmiş Baş naziri Tansu Çillərlə...

Dövlət Baxçalı ilə 10 dəqiqə danışmalı idik. Ancaq söhbət elə alındı ki, biz yarım saat bir yerdə olduq. O, məni qapıya qədər ötürdü...

 

SSRİ Elmlər Akademiyasının müxbir üzvü Əhməd İsgəndərov Moskvada yaşayır.

Oğlum Mətin və hüquqşünas Aslan İsmayılovla Nyu-Yorkda...

Cəmil Ünal Türkiyədə Azərbaycan Kültür Dərnəıyinin rəhbəridir...

Elxan Şükürlü partiyamızın iclasını aparır...

Böyük oğlum Etimad şahmatı sevir... Görünür bəzən həyatda atacağın addımı şahmatdan öyrənməlisən...

Kiçik oğlum Mətinin toy mərasimi...

Oğlum Mətin öz ailəsilə birgə... İndi Amerikada yaşayırlar.

 

ABŞ-ın Nyu-Yorkdan olan senatoru Akkyerman 2003-cü ildə məni ölkəsinə dəvət etmişdi...

 

Rəhmətlik Fətulla Hüseynov sinif yoldaşım idi...

 

Təbrizdə-Şəhriyarın ev muzeyində...

 

Ortada akademik Cahangir Kərimov və sağda SSRİ baş prokuroru olmuş Suxarev... Moskvada "Hüquqi dövlət" kitabımın təqdimatında...

 

Balıqçı yoldaşlarım. Məhşur adamlardır...Tofiq Qafarov və Çingiz Müseyibov...

 

Şənlik tədbirlərinin birində lentə alınıb bu kadr... Sağda Mili Elmlər Akademiyasının müxbir üzvü Cəfər Mövsümov və hüquqşünas İdris Əskərov...

Nəvələr... Amma mən hələ "Dövlətdə dəvə, övladda nəvə" məsəlini hiss etməmişəm.

 

Moskva... Sağda keçmiş daxili işlər naziri Abdulla Allahverdiyev, Tahir Salahov və Midhət Abbasov...

 

Moskvada ""Hüquqi dövlət" kitabımın təqdimatından sonra... Avtoqraf verirəm... 

 

Milli Məclisdə...

 

Xoşladığım şəkillərimdəndir...

Allah rəhmət eləsin...

 

Seçilən
16
modern.az

1Mənbələr