Cəmiyyətdə kişilərin zorakılığa məruz qalması çox vaxt gizli qalır və ya ciddi qəbul edilmir. Bunun əsas səbəblərindən biri patriarxal düşüncə tərzidir. Kişilər adətən güclü, dözümlü və emosional cəhətdən dayanıqlı fərd kimi təsvir olunduğuna görə, zorakılıq qurbanı olması barədə danışmaq onlar üçün çətin olur. Lakin bütün bunlara baxmayaraq ötən il 58 kişinin gender əsaslı zorakılığa məruz qaldığı açıqlanıb. Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
Cəmiyyətin uzun illər boyu formalaşdırdığı fikirlərdən biri də qadınların daha zərif, mərhəmətli və zorakılıqdan uzaq olmasıdır. Nədənsə, son zamanlar bu zərif cinsin nümayəndələrinin aqressiv, zorakı hərəkətlər etməsi ilə bağlı xəbərlərlə tez-tez rastlaşırıq. Doğmalarına ciddi xəsarət yetirən, hətta işgəncə verərək öldürən qadınlar da az deyil.
Maraqlıdır, zərif cinsin nümayəndələrini – qadınları zorakılığa təhrik edən hansı səbəblərdir? Ölkədə qadınların hüquqlarının qorunması üçün komitələr nəzərdə tutulub. Artıq kişilərin də zorakılığa məruz qalması hallarının artdığına görə, onlar üçün də komitə təşkil edilməlidirmi? Zorakılığa məruz qalmış kişilərin hüquqları qorumaq üçün nə etmək lazımdır?
Mövzu ilə bağlı Publika.az-a danışan millət vəkili Fazil Mustafa bildirdi ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi həm də ailə profili içində kişilərin də problemilə, yəni ailədaxili problemləri araşdırmaq, müəyyən bir prosesləri tənzimləməklə məşğul olur:
“O baxımdan da xüsusi olaraq bir kişi komitəsi təsviri, yaxud da kişilərin hüquqlarının qorunması halları ilə məşğul olan xüsusi bir quruma ehtiyac yoxdur. Lakin onu da qeyd edək ki, əvvəllər bu cür tendensiyalar çox geniş deyildi. Amma indi genişlənirsə yəqin ki, bu istiqamətdə də bir şeylər düşünülə bilər. Amma bu zorakılıq məsələsi təbii ki, real məsələlərdir. Cəmiyyətimizdə də tez-tez bu məsələlərlə bağlı hadisələrin xronikasına rast gəlinir və ciddi narahatlıqlar yaranır. Ona görə də bu, real vəziyyətdirsə, bunun üzərində düşünülməli və çalışılmalıdır ki, məsələlər elə tənzimlənsin ki, ailə institutu qorunsun”.
Millət vəkili onu da əlavə etdi ki, istər qadın, istər kişi zorakılığı qəbuledilməzdir və hər birinin adı zorakılıqdır:
“Artıq qadınların da bu sahədə müəyyən dərəcədə zorakılığın tərəfi kimi çıxış etməsi özü təhlükəli sindromdur. Çünki adətən daha çox zərif cinsin təmsilçiləri kimi qadınların zorakılığa məruz qalmasını görmüşük. Artıq qadınlar da buna məcbur olurlar. Çünki hansısa bir şəkildə zəruri müdafiə formatında bu məsələlərə münasibəti ortaya qoyurlar. Amma bütövlükdə bu məsələ ciddi şəkildə araşdırılıb, müzakirə olunmalıdır”.
Mövzu ilə bağlı saytımıza danışan Sağlam Cəmiyyət Hərəkatının rəhbəri Elçin Bayramlının sözlərinə görə, bu cür hallara bütün qeyri-sağlam cəmiyyətlərdə rast gəlinir:
“Ümumiyyətlə, cinsindən, tərəfindən asılı olmayaraq zorakılıq qeyri-insani hərəkətdir və yolverilməzdir. Bu halda sağlam psixologiyadan söhbət gedə bilməz. Bu, daha çox səhiyyənin, psixoterapiyanın problemdir. Çünki bu şəxslər ağır dərəcəli psixi xəstədirlər. Bu şəxslər qapalı dispanserlərdə ciddi müalicə almalı, sağaldıqdan sonra cəmiyyətə buraxılmalıdırlar. Çünki onlar ailədaxili zorakılıqla yanaşı, ağrı cinayətlər, zorlama, qətl və s. cinayətlər törədə bilərlər.
Aydın məsələdir ki, cəmiyyətdə hamı psixi cəhətdən sağlam deyil. Hansı cəmiyyətdə stress daha çoxdur, mənəvi deqradasiya daha yüksək gedibsə, qeyri-sağlam münasibətlər varsa, orada belə hallar həmişə olacaq. Amma bunun qarşısını almaq üçün müvafiq institutlar, sistemlər var. Bunun ən başlıca yolu da əhalinin kütləvi şəkildə psixi müayinəsinin təşkil olunmasıdır. Necə ki, insanlar üçün narkoloji müayinələr təşkil edilir, psixoloji müayinələr də təşkil edilməlidir. Çünki psixi problemli insanlar potensial cinayətkarlardır. Bunların azad şəkildə ortada gəzməsi doğru deyil.