Qızıl Aypara - 105
Martın 10-da Azərbaycan Qızıl Aypara Cəmiyyətəinin yaranmasının 105-ci ili tamam olur. Yubiley ərəfəsində Cəmiyyətin yaranma və fəaliyyət tarixini yenidən xatırlatmaq istədik. Bu məqsədlə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanova müraciət etdik. Novruz müəllim AzQAC-ın keçdiyi şərəfli yol və icra etdiyi humanitar missiya barədə bunları dedi:
-Dünyada humanitar və xeyriyyəçilik sahəsində fəaliyyət göstərən müxtəlif təşkilatların mövcudluğu hamıya məlumdur. Belə təşkilatların arasında dünyanın hər bir yerini əhatə edən, geniş şəbəkəyə və zəngin tarixə malik Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatını xüsusi vurğulamaq daha doğru olardı. Bu ideyanın banisi və Beynəlxalq Hərəkatın qurucusu isveçrəli iş adamı, sülh üzrə Nobel mükafatçısı Anri Dünandır.
Sonralar ayrı-ayrı dünya dövlətləri bu hərəkatın zəruriliyini və ciddiliyini nəzərə alaraq, öz ölkələrində belə bir humanitar missiya ilə məşğul olan təşkilatın yaradılmasına razılıq verdilər.
Təbii ki, belə bir xeyirxah hərəkata qoşulmaq demokratik yola qədəm qoymuş Azərbaycan üçün məqsədəuyğun idi. Azərbaycan dövlətinin bu beynəlxalq hərəkata qoşulması isə 1920-ci ildən başlayıb. Belə ki, həmin ilin mart ayının 10-da Azərbaycan Xalq Cümhuriyyətinin müdafiə naziri əvəzi, general-leytenant Əliağa Şıxlinskinin təşəbbüsü və Fətəli Xan Xoyskinin rəhbərlik etdiyi hökumətin qərarı ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyəti üçün hökumət tərəfindən 483.490 rubl məbləğində maliyyə vəsaiti ayrılmışdır. Lakin 1920-ci ilin aprel çevrilişindən sonra Cəmiyyətin fəaliyyəti məhdudlaşdırıldı. 1923-cü ilədək cəmiyyət Azərbaycanda formal olaraq Rusiya Qızıl Xaç Cəmiyyətinin nümayəndəliyi kimi fəaliyyət göstərmişdir.
İkinci Dünya müharibəsi illərində və ondan sonrakı dövrlərdə yaralı əsgərlərimizə göstərdikləri fədakar və qayğıkeş xidmətləri, qan donorluğu sahəsindəki, ümumiyyətlə şəfqət sahəsindəki xeyirxah işlərini nəzərə alaraq, bir çox şəfqət bacısı Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının ən yüksək mükafatı «Florens Naytinqeyl» (Florence Nightingale) medalı ilə təltif edildilər. Onların arasında AzQAC-ın şəfqət işçisi də olmuşdur. Bu gün Milli Cəmiyyətin 12 şəfqət işçisi də «Florence Nightingale» medalı ilə təltif olunmuşdur. Dünyada bu medala cəmi 1500 nəfərdən artıq şəxs layiq görülmüşdür.
1991-ci ildə “Azərbaycanın Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edildikdən bir neçə gün sonra Azərbaycan Qızıl Aypara Cəmiyyəti də özünün müstəqil fəaliyyətini elan edərək müvafiq qərar qəbul etmişdir. O çətin dövrdə Azərbaycan Qızıl Aypara Cəmiyyəti də özünün hüquqi bazasını itirir və fəaliyyəti məhdudlaşır. Məhz, ümumilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycan Qızıl Aypara Cəmiyyəti özünün yeni inkişaf dövrünə qədəm qoydu. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Milli Məclisin qərarına əsasən milli cəmiyyət dövlət tərəfindən rəsmən tanındı. Bundan sonra, 1995-ci ildə Beynəlxalq Qızıl Xaç Komitəsi Azərbaycan Qızıl Aypara Cəmiyyətini rəsmən tanıdı və həmin il Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasına tam və bərabər hüquqlu üzv kimi qəbul edildi.
Azərbaycanı böyük inkişaf yoluna, parlaq gələcəyə aparan Ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Fəxri üzvü, möhtərəm Prezidentimiz cənab İlham Əliyev 31 yanvar 2004-cü ildə «Azərbaycan Qızıl Aypara Cəmiyyətinə dövlət qayğısının artırılması haqqında» Sərəncam imzalamışdır. Bu qayğının davamı olaraq, 2007-ci ildə «Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında» Qanunun qəbulu Cəmiyyətin statusunun, hüquqularının, fəaliyyət istiqamətlərinin, hüquqi əsaslarının müəyyən edilməsi baxımından mühüm addım oldu. Ümumilikdə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Milli Cəmiyyətin fəaliyyəti ilə bağlı 9 fərman və sərəncam imzalamışdır.
105 il şərəfli inkişaf yolu keçmiş, ən qocaman humanitar, qeyri-hökumət təşkilatı olan AzQAC hal-hazırda sıralarında 350.000-dən çox üzvü, 20.000-ə yaxın könüllünü birləşdirir. Hazırda AzQAC-nin 92 rayon, şəhər, sahə bölməsi, 8 regional mərkəzi fəaliyyət göstərir. Beynəlxalq Hərəkatı respublikamızda təmsil edən Cəmiyyətin əsas məramı Hərəkatın 7 Fundamental prinsipini rəhbər tutaraq, müvafiq qanunvericilik çərçivəsində əhalinin aztəminatlı təbəqəsinə, münaqişə, təbii və texnogen fəlakətlər zamanı zərərçəkmişlərə təmənnasız ilkin tibbi-sosial, humanitar yardım və digər zəruri xidmətlərin göstərilməsindən ibarətdir. AzQAC-nin Fövqəladə hallara hazırlıq və cavabvermə, Miqrasiya, Sağlamlıq və qayğı, İlk yardım, Gənclər və könülüllər, Beynəlxalq Əlaqələr, İnformasiya və İctimaiyyətlə əlaqələr, Beynəlxalq Humanitar Hüququn və Fundamental Prinsiplərin yayımı, Humanitar yardım, Fondların artırılması və gəlirgətirmə, Axtarış xidməti kimi fəaliyyət istiqamətləri də var. Fəaliyyətimizi müxtəlif sahələrdə təkmilləşdirmək və koordinasiya etmək üçün Fövqəladə Hallar, Səhiyyə və Təhsil nazirlikləri, Dövlət Miqrasiya Xidməti, Beynəlxalq Miqrasiya Təşkilatı, ANAMA, QHT Forumu və digər tərəfdaşlarımızla memorandumlar imzalanmışdır.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti yarandığı 1920-ci ildən bu günədək əhalinin aztəminatlı ailələrinə, müalicəyə və yardıma ehtiyacı olanlara, tənha qocalara, miqrantlara və s. kimi kövrək qruplardan olan insalara fərq qoymadan humanitar missiyası çərçivəsində daim dəstək verir.
Silahlı münaqişə qurbanlarına, fövqəladə hallar nəticəsində zərər çəkmiş insanlara humanitar yardım və sosial xidmətlərin göstərilməsi sahəsində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin səmərəli fəaliyyətini nəzərə alaraq, AzQAC-nin Fəxri üzvü, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 7 aprel 2008-ci ildə hər il mart ayının 10-unun respublikada «Qızıl Aypara Günü» kimi qeyd edilməsi haqqında Sərəncam imzalamışdır.
Bu əlamətdar gün münasibətilə hər il mart ayının 10-u respublikada Cəmiyyətin yaranma ildönümü kimi təntənə ilə qeyd olunur və bir sıra silsilə tədbirlər həyata keçirilir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Sərəncamlarına əsasən aztəminatlı vətəndaşlara sosial xidmət və humanitar yardım göstərilməsi sahəsindəki xidmətlərinə görə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları orden və medallarla təltif olunmuşlar.
Bu illər ərzində AzQAC beynəlxalq təşkilatların dəstəyi ilə bir sıra mühüm layihələr də həyata keçirmişdir. Onlara İqtisadi təhlükəsizlik, Möhkəm İcmaların qurulması, Təhlükəsiz Oyun Meydançaları (TOM), İlk Yardım, Psixoloji dəstək, Qan donorluğu və Yerli icmaların fövqəladə hallar zamanı sağlamlıq üzrə dayanıqlılığının gücləndirilməsi, COVİD-19 ilə mübarizə layihələri daxildir.
Cəmiyyət eyni zamanda respublikada ümumbəşəri bəlaya çevrilmiş COVİD-19 pandemiyası ilə mübarizə çərçivəsində öz qüvvələrini səfərbər edərək humanitar missiyasını ləyaqətlə yerinə yetirdi. Pandemiya dövründə AzQAC-nin könüllüləri və əməkdaşları tərəfindən ehtiyaclı, ahıl insanların evlərinə humanitar yardımlar aparılmışdır. Bu layihə çərçivəsində əhali arasında maarifləndirmə işləri görülmüş, məlumatverici buklet və broşuralar əhali arasında paylanılmışdır. Mülki əhaliyə ərzaq, qeyri-ərzaq və sanitayzerlərin paylanılması işi də həyata keçirilmişdir. Mövcud vəziyyətlə əlaqədar olaraq dərhal operativ qərargahın yaradılması üçün göstəriş verdik. Operativ qərargah mütəmadi olaraq fasiləsiz fəaliyyət göstərmiş, istər yerli, istərsə də beynəlxalq təşkilatlarla onlayn görüşlər keçirmişdir. Keçirilən koordinasiya iclaslarında qəbul edilən qərarlar əasasında pandemiyadan zərər çəkən insanlara təxirəsalınmaz humanitar yardımların - ərzaq və qeyri-ərzaq bağlamalarının, sanitar-gigiyenik dəstlərin və s. paylanılması məsələsi öz müsbət həllini tapmışdır.
Ermənistan Silahlı Qüvvələri tərəfindən 30 il müddətində işğal olunmuş torpaqlarımızın azad olunması uğrunda gedən və zəfərlə başa çatan 44 günlük Vətən müharibəsi zamanı AzQAC-nin əməkdaşları, fövqəladə mobil könüllü dəstələri və könüllüləri öz humanitar missiyalarına sadiq qalaraq cəbhəyanı ərazilərdəki yerlərdə istər mülki əhalinin təxliyyə olunmasında, istər humanitar yardımların göstərilməsində, istərsə də yaralıların xəstəxanalara çatdırılmasında köməkliklərini əsirgəməmişlər. Bərdə rayonunda öz humanitar fəaliyyətini həyata keçirən zaman AzQAC-nin fəal könüllüsü Məhərrəm Mustafayev Ermənistan Silahlı Qüvvələrinin mülki əhalini hədəfə alan raket zərbələri nəticəsində həyatını itirmiş, Fatma Bəbişova və Ülviyyə Hacıyeva isə yaralanmışdır. Müharibə zamanı həyatını itirmiş AzQAC könüllüsü Məhərrəm Mustafayevə görə beynəlxalq təşkilatların rəhbər şəxsləri, xüsusilə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının prezidenti Francesco Rocca, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının vitse-prezidenti və Türkiyə Qızıl Ayının prezidenti Kerem Kınık, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Peter Maurer tərəfindən bizə başsağlığı verilmişdir.
Pandemiya dövründə AzQAC-a dəstək olan Türkiyə Qızıl Ayını, Birləşmiş Millətlər Təşkilatnı, BMT-nin Uşaq Fondunu, TİKA təşkilatını xüsusilə qeyd etməliyik.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti 27 sentyabr 2020-ci il tarixdən etibarən hərbi münaqişə nəticəsində zərər çəkmiş mülki əhaliyə humanitar yardımlarını da uğurla icra etmişdir. Milli Cəmiyyət həm daxili imkanlarını səfərbər edərək, eləcə də tərəfdaş donor təşkilatlarla birgə fəaliyyətlər həyata keçirib. Bu müddət ərzində əsas hədəf qrupları müəyyən edilmiş, ilkin ehtiyaclar qiymətləndirilmiş və fəaliyyət planına uyğun effektiv tədbirlər öz səmərəsini vermişdir.
Bilavasitə göstəriş və tapşırıqlarıma əsasən ehtiyaclı insanların problemlərinin mümkün imkanları səfərbər etməklə həll edilməsi daim diqqətdə saxlanılıb və bu istiqamətdə humanitar missiya davam etdirilib. Cəmiyyətimiz heç bir fərq qoymadan bütün insanlara yardım etməyə hazırdır. 2023-cü ilin sentyabr ayında Xankəndidə yaşayan erməniəsilli əhaliyə ərzaqla humanitar yardımın edilməsində AzQAC-nin əməkdaşları və könüllüləri 29 gün Rusiya sülhməramlı kontingentin postu qarşısında çadırlarda qalmaq məcburiyyətində qalmışlar. Lakin çətinliklərə baxmayaraq biz öz üzərimizə düşən vəzifəni yerinə yetirdik və missiyamıza uyğun olaraq humanitar yardımı təyinat nöqtəsinə çatdırdıq.
Azərbaycan Qızı Aypara Cəmiyyətinin tərəfdaş donor təşkilatlarla işgüzar əməkdaşlıgı bu gün də davam etməkdədir. Müxtəlif sahələr üzrə qurulan səmərəli əməkdaşlıq fəaliyyətlərin əhatə dairəsinin genişlənməsi ilə yanaşı, eyni zamanda sosial məsələlərin həllində öz töhfəsini verməkdədir. Milli Cəmiyyətimizin bu sahədə gördüyü işlər bu gün də uğurla icra olunur. Qeyd edilən məsələlər ətrafında sistemli əlaqələndirmənin düzgün təşkili, yerlərdə ehtiyaclı kateqoriyadan olan insanların müəyyən edilərək humanitar yardımlarla təmin edilməsi, AzQAC-ın yerli bölmələri ilə birlikdə əsas istiqamətlərin müəyyənləşməsi prosesi indi də çox dəqiq aparılır. Nəticə etibarı ilə yekunda planlaşdırılan fəaliyyətlər tapşırıq və tövsiyələrim əsasında həyata keçirilir. Humanitar yardımların təşkili, anbara qəbul edilməsi, növbəti addım olaraq paylanışın müəyyən edilmiş ardıcıllıqla həyata keçirilməsi prosesi də uğurla davam etdirilir.
Bir sözlə, Azərbaycan Qızıl Aypara Cəmiyyəti yarandığı gündən öz mərhəmət missiyasına sadiqdir və bu gün də həmin missiyasını uğurla davam etdirir.
Şəmsiyyə Musaqızı,
Əməkdar jurnalist