AZ

Qadın dustaqlar da əfv olunacaqmı? Əfv Komissiyası üzvlərinin CAVABI

Ötən həftə Prezident yanında Əfv Məsələləri Komissiyası yeniləşmiş tərkibdə ilk iclasını keçirdi. Beləliklə, əfv üçün komissiyaya daxil olan müraciətlərin baxılmasına start verildi. Əfvi müzakirə olunan şəxslər arasında qadın dustaqlar da varmı? Varsa necə nəfərdir? Həmin müraciətləri qadın məhbusların özləri, yoxsa ayrı-ayrı hüquq müdafiə qrupları, təşkilatlar göndərib? Əfvi müzakirə olunan qadın məhbuslar hansı cinayətlərə görə məhkum ediliblər, neçə ildir həbsdədirlər?

Əfv Komissiyasının üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva Medianews.az-a bildirib ki, bu suallara cavab vermək hələ tezdir, məsələyə komissiyanın növbəti iclaslarının gedişində aydınlıq gələcək.

Medianews.az Əfv Komissiyasının üzvü, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyevə də müraciət edib. Ə.Nuriyev deyib ki, Əfv Məsələləri Komissiyasının fevralın 12-də keçirilən ilk iclasında komissiyanın bütün üzvləri iştirak edib: “İclasda 100-dən artıq müraciətə baxılıb. Bu müraciətləri məhkumların özləri, nümayəndələri, vəkilləri ediblər. Bununla yanaşı bir çox məhkumun əfv olunması ilə bağlı vəsatət qaldırılıb. Müraciətlər, vəsatətlər Əfv Komissiyasında diqqətlə müzakirə olunur. Komissiyaya yüzlərlə müraciət daxil olur. Biz zaman-zaman müraciətləri iclaslarda müzakirə edəcək, müvafiq rəylər hazırlayaraq cənab Prezidentə təqdim edəcəyik. Qeyd edim ki, ən müxtəlif cinayətlər üstündə məhkum edilmiş şəxslərin müraciətlərinə baxılır. Müraciət edənlər arasında xanımlar, kişilər, uşaqlar, yetkinlik yaşına çatmamış şəxslər var. Hər kəsin xahişinə baxılacaq. Fərq etmir qadındır, ya kişi, heç bir ayrı-seçkilik qoyulmayacaq. Əfv Komissiyasının əvvəlki iclaslarında da qadın məhkumların və onların nümayəndələrinin etdiyi müraciətlərə baxılıb”.

Ə.Nuriyev bildirib ki, “Əfvetmə haqqında əsasnamə”yə görə, əfv olunmaqla bağlı iki format var: “Biri müraciət formasıdır ki, bunu həm məhkumların özləri, həm də ailə üzvləri, nümayəndələri, vəkilləri edə bilərlər. Biri də odur ki, məhkumların əfv edilməsi ilə bağlı ayrı-ayrı subyektlər vəsatət qaldıra bilər. Vəsatət qaldırmaq səlahiyyəti olan subyektlər Milli Məclisin deputatları, ombudsman, qeyri-hökumət təşkilatları və həbsxana administrasiyasının rəhbərliyidir. Onlar həm qadın, həm  də kişi məhbuslarla əlaqədar vəsatət qaldıra bilirlər”.

Nailə Qasımova,
Medianews.az

Seçilən
68
medianews.az

1Mənbələr