Elektron ticarətin sürətlə yayılması insanların istənilən yerdən və istənilən vaxtda məhsul sifariş etməsinə imkan yaradır, bu da alış-veriş prosesini daha rahat və əlçatan edir. Rəqəmsal platformalar geniş seçim imkanı, qiymət müqayisəsi və çatdırılma rahatlığı təqdim edərək istehlakçıların marağını getdikcə daha çox cəlb edir.
Lakin eyni zamanda, fiziki mağazalar müştərilərə məhsulları yerində yoxlamaq, real ünsiyyət qurmaq və dərhal əldə etmək kimi üstünlüklər verir. Bütün bu faktorları nəzərə alsaq, onlayn alış-verişin inkişafı fiziki mağazaların tamamilə yox olmasına səbəb ola bilərmi, yoxsa ənənəvi ticarət formaları gələcəkdə də öz mövqeyini qoruyub saxlaya biləcəkmi?
Mövzu ilə bağlı sosioloq Lalə Mehralı Avtosfer.az-a açıqlamasında bildirib ki, onlayn ticarətin bu qədər geniş yayılması və həyatımıza sürətlə daxil olması, xüsusilə pandemiya dövründə yerli sahibkarlara ciddi zərər vurdu:
“Əksər sahibkarlar icarə haqlarını ödəyə bilmədi, vergi öhdəlikləri ilə bağlı çətinliklər yaşadı və satışları kəskin şəkildə azaldı. Pandemiyadan sonra isə bu tendensiyanın daha da güclənməsi yerli bazara mənfi təsir göstərdi. Xüsusilə də geyim sektorundakı sahibkarlar ciddi narahatlıq keçirdi.
Lakin hazırda bu durğunluğun qismən aradan qalxdığını müşahidə etmək mümkündür. Çünki ölkəmizdə insanlar artıq real mağazalardan alış-veriş edərir. Çünki onlayn sifarişlərdə məhsulların qiymətində ciddi artım müşahidə edirlər. Bu da yeni sahibkarların bazarda canlanmasına səbəb olub”.
Sosioloq əlavə olaraq qeyd edib ki, onlayn alış-veriş imkanları nə qədər genişlənsə də real mağazaların tamamilə yox olması mümkün görünmür:
“Çünki hələ də toxunaraq, hiss edərək, geyinərək yoxlamaq istəyən müştərilər var. Bu, yalnız geyim və aksesuar sahəsində deyil, digər kateqoriyalara da aiddir.
Düzdür, real mağazalarda müəyyən durğunluq müşahidə olunacaq. Lakin sahibkarlar buna hazır olmalı, bazar tələblərinə uyğunlaşmalı və daha sərfəli qiymətlər təklif etməlidirlər ki, müştərilər onlayn platformalardan deyil, fiziki mağazalardan alış-verişə üstünlük versinlər. Rəqabətə açıq olmaq və müştəri məmnuniyyətini ön planda saxlamaq bu dövrdə əsas şərtlərdən biridir”.
Marketoloq Elxan Mərdanlını fikirincə, son illərdə onlayn alış-verişin inkişafı və populyarlığının artması qlobal miqyasda ticarət sektoruna ciddi təsir göstərsə də bu tendensiyanın Azərbaycanda fiziki mağazalara eyni dərəcədə təsir edib-etməyəcəyi mübahisəlidir:
“Ölkəmizdə sahibkarların onlayn və fiziki mağazalar üçün ödədiyi vergi və rüsumlar arasında ciddi fərq olmadığına görə hər iki ticarət modeli bir-birini üstələmək əvəzinə paralel şəkildə inkişaf edəcək.
Azərbaycanda onlayn ticarətlə məşğul olan sahibkarlar fiziki mağazalar kimi eyni vergi və rüsumları ödəyirlər. Xüsusilə 15% gömrük rüsumu və 18% ƏDV tətbiq edildiyi üçün onlayn ticarətin ənənəvi ticarətə ciddi üstünlük qazanacağı ehtimalı aşağıdır. Bundan əlavə, sahibkarlar üçün digər xərclər, məsələn, anbar xərcləri, kuryer xidməti və logistika məsələləri də nəzərə alınmalıdır.
Onlayn mağazaların üstünlüklərindən biri fiziki məkan icarəsinə ehtiyac duymamalarıdır. Lakin bu, ümumi xərclərin azalmasına avtomatik zəmanət vermir. Çatdırılma, müştəri xidmətləri və onlayn platformaların idarə olunması da müəyyən xərclər tələb edir. Bu səbəbdən, Azərbaycanda onlayn ticarət fiziki mağazaları sıxışdırmaq əvəzinə, sadəcə alternativ bir seçim kimi formalaşır.
Azərbaycan kimi nisbətən kiçik bazarlarda həm onlayn, həm də fiziki mağazalar öz fəaliyyətini davam etdirəcək. Bunun bir neçə əsas səbəbi var:
1. Çatdırılma xərcləri və müştəri seçimləri: Alıcı məhsulu özü mağazadan alarsa, əlavə çatdırılma xərclərindən qaçmış olur. Xüsusilə, gündəlik istehlak malları və geyim sektorunda müştərilər məhsulu yerində görmək, toxunmaq və sınamaq istəyirlər.
2. Sosial və mədəni faktorlar: Fiziki mağazalar təkcə alış-veriş məkanı deyil, həm də sosial qarşılıqlı əlaqə və gəzinti üçün istifadə edilir. Xüsusilə böyük ticarət mərkəzləri və bazarlar bu baxımdan hələ də cəlbedici qalır.
3. Onlayn ticarətə güvənsizlik: Azərbaycanda bəzi müştərilər onlayn sifarişlərdə məhsul keyfiyyətinə və çatdırılma xidmətlərinə tam etibar etmirlər. Bu da fiziki mağazaların rolunu qoruyub saxlamasına kömək edir.
Dünyada olduğu kimi, Azərbaycanda da ticarətin gələcəyi fiziki və onlayn mağazaların birləşdirilməsi ilə formalaşacaq. "Click-and-collect" modeli (onlayn sifariş edib mağazadan götürmək) və çoxkanallı ticarət strategiyaları geniş yayıla bilər. Müştərilər onlayn sifariş edib fiziki mağazadan malı götürməyi daha rahat hesab edirlər ki, bu da fiziki mağazaların mövcudluğunu qoruyur”.
Martekoloq qeyd edib ki, eyni zamanda, yerli sahibkarlar rəqabətdə qalmaq üçün rəqəmsal alətlərdən istifadəni artırmalıdırlar:
“Azərbaycanda onlayn mağazaların inkişafı fiziki mağazaların tamamilə sıradan çıxmasına səbəb olmayacaq. Vergi və rüsum siyasətinin hər iki ticarət formasına eyni səviyyədə tətbiq olunması, çatdırılma xərcləri və müştəri davranışları bu iki modelin paralel şəkildə mövcud olacağını göstərir.
Buna görə də sahibkarlar müştəri ehtiyaclarını daha yaxşı qarşılamaq üçün həm fiziki mağazaların imkanlarını genişləndirməli, həm də onlayn ticarətə sərmayə qoyaraq müasir texnologiyalardan faydalanmalıdırlar. Yalnız bu yolla hər iki model uğurlu şəkildə inkişaf edə bilər.
Eltac Zülfüqaroğlu