Son 20 ildə Şabran rayonunun iki dağ kəndi – Dağbilici və Qələgah müəmmalı itkin xəbərləri ilə gündəmdədir. Bu yerlərdə insanlar səksəkə içində yaşayır, uşaqlarını küçəyə nəzarət altında buraxırlar. Elə böyüklər də küçəyə tək çıxmamamğa çalışırlar. Bu yerlər “Bermud üçbucağı”nı xatırladır, burada 4 insan – 2 azyaşlı qız, bir qadın və bir ailə başçısı izsiz-soraqsız yoxa çıxıblar.
Maraqlıdır ki, itkinləri itirənlər başqa tədbirlər də görüblər, onların Şabran rayon Qeydiyyat Şöbəsindəki sənədlərini də itiriblər. Onlardan illərdir heç bir xəbər yoxdur.
Bu 4 insanın oğurlanması, itkin salınması hadisələrini bir-birinə bağlayan, arxasında dayanan kimlərdir? Necə olub ki, bunca faktlar ortada ola-ola bu cinayətlərin üstü bu günə qədər açılmamış qalıb?
İlk itkin: Axşamçağı yox olan qadın
2005-ci ilin mayında Dağbilici kəndində sakitliyi qorxunc itkin düşmə xəbəri pozur. Sadə bir ailənin 35 yaşlı qızı Diləfruz Daşdıyeva həyətdə çörək bişirdiyi bir vaxtda, axşam çağı yoxa çıxır. Ailəsi, kənd sakinləri Diləfruzun axtarışına başlayır, amma heç bir iz tapılmır. Ailə polisə müraciət edir. Lakin günlər, aylar keçir, nəticə olmur.
O zaman Şabran Polis Şöbəsinin rəis müavini olan Məmmədmusa Hüseynov Diləfruzun anası Hürü Daşdıyevanı sakitləşdirir, ona deyir ki, qızını evlənmək məqsədi ilə Qələgah sakini, çoban Təvəkkül İsmayılov qaçırıb, hazırda Qubanın Çiçi kəndindəki fermada yaşayırlar. Ancaq Hürü Daşdıyeva bu xəbərə inanmır, qızını tapmaq ümidi ilə Çiçiyə gedir. Çiçidə isə Hürü Daşdıyeva Məmmədmusa Hüseynov tərəfindən aldadıldığını, ona verdiyi məlumatın yalan olduğunu öyrənir, kor-peşman geri qayıdır.
Məsələnin ən maraqlı tərəfi budur ki, Məmmədmusa Hüseynov Diləfruz Daşdıyeva itkin düşəndən az sonra Daşdıyevlərin Dağbilicidəki evlərinə gəlib. Anası Hürü Əliyevadan Diləfruzun fotolarını, pasportunu alıb və gedib. Hürü Əliyeva sonradan qızının pasportunu, fotolarını tələb edəndə Məmmədmusa Hüseynov pasportu, fotoları geri qaytarmayıb. Ona deyib ki, pasportu cırıb atıblar. Hürü Daşdıyevaya qızının fotosunun printerdən çıxarılmış surətini verib…
Bu ad – Məmmədmusa Hüseynov sonrakı itkin hadisələrində də təkrar-təkrar hallanacaq…
Diləfruz Daşdıyevanı ailəsindən başqa axtaran olmur, itkin düşməsi faktına görə də cinayət işi başlanmır.
Dağbilicidə isə qorxunc yoxaçıxmalar davam edir.
Diləfruz Daşdıyevadan sonra Dağbilicidən iki azyaşlı qız itir. 2007-ci ilin avqustunda Dağbilici növbəti dəfə daha ağır adam oğurluğu xəbərləri ilə sarsılır. Bununla kənddən oğurlanan qız-qadının sayı 3-ə çatır.
Məlum olur ki, Şabran bazarında meyvə satmaqla ailəsini dolandıran Zamir Məcidovun qızları 15 yaşlı Nailə və 8 yaşlı Reyhanə Məcidovalar evdən böyürtkən toplamaq üçün çıxıblar və bir daha geri qayıtmayıblar!
Məktəbli qızları Ənvər Müslümovun çobanı Təvəkkül İsmayılov oğurlayıb. Dağbilici sakinləri təşviş içində bu dəfə 2 azyaşlının axtarışlarına başlayır. Gecə-gündüz davam edən axtarışlar qızların izlərinin yaxınlıqdakı Qələgah kəndində itdiyini göstərir. Hətta qızların oğurlanmasının şahidi də tapılır. Kənd sakini Cəfər kişinin yeniyetmə oğlu qızların Qələgah kəndinə aparan yolun üstündə oğurlandığını deyir.
Məlum olur ki, qızları kənddə böyük ferması olan Ənvər Müslümovun çobanı Təvəkkül İsmayılov oğurlayıb. Hadisə tez bir zamanda ölkə mətbuatına çatır və ajiotaj doğurur. Bakıda istintaq-əməliyyat qrupu yaradılır.
Təvəkkül İsmayılov oğurladığı 2 qız və 1 qadını Məmmədmusa Hüseynova təhvil verdiyini desə də…
Növbəti gün qardaşlardan Təvəkkül İsmayılov tutulur. O, istintaqa ifadə verərək Məcidova bacılarını oğurladıqlarını boynuna alır!
Həmçinin 2 il öncə Dağbilici sakini Diləfruz Daşdıyevanın da oğurladığını etiraf edir. O deyir ki, oğurladıqlarını Məmmədmusa Hüseynova təhvil verib. Elə həmin gün Abşeron-Samur kanalında meyit aşkarlanır. Meyiti aşkar edənlərin başında isə Məmmədmusa Hüseynov dayanır.
Məcidovların qapısına gətirilən meyit kimindir?
Avqustun 9-da Zamir Məcidovun Dağbilici kəndindəki qapısına təcili yardım maşınında bir meyit gətirilir, ailə meyiti qəbul etmir. Zamir Məcidov təhvil verilən meyitə baxış keçirdiklərini, meyitin qızı olmadığında israr edir, bildirir ki, bu, oğurlanmış qızlarının izini itirməyə hesablanan addımdır. Ailə cəsədi dəfn etməkdən imtina edir. Meyit bir gün Məcidovların qapısında qalır.
Sonradan kənd sakinləri məcbur qalıb Zamir Məcidovun qapısına qoyulmuş sahibsiz meyiti götürərək aparıb kənd qəbiristanlığında dəfn edirlər. Məcidovlar meyitin qızlarına aid olmadığından qəbirin ziyarətinə də getməkdən imtina edirlər.
16 il sonra, 2023-cü ildə o da izsiz-soraqsız yoxa çıxıb!
Həmin günlərdə isə Bakıda, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq aparılırdı. O günlərdə Təvəkkül İsmayılovdan sonra onun qardaşları Elnur, Elçin İsmayılovlar, ardından Ənvər Müslümovu da tuturlar. Ənvər Müslümov 9 ay istintaq altında qalır və sonradan azad edilir.
O isə 16 il sonra, 2023-cü ildə izsiz-soraqsız yoxa çıxır! O, həmin nahiyədə itkin düşən 4-cü adamdır.
Ənvər Müslümovun itkin düşməsi faktı ilə Dağbilicidən olan qız-qadınların oğurlanması arasında əlaqənin olub-olmaması hələ ki, bilinmir. Bilinən odur ki, Şabran Prokurorluğunda onun itkin düşməsi faktına görə Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İstintaq hansı məlumata əsaslanmaqla ferma sahibinin özünü öldürmə həddinə çatdığı qənaətinə gəlib, bilinmir!
Məcidovlar məhkəmənin Şabranda keçirilməsinə niyə etiraz edib…
2009-cu ildə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində 2 ilə yaxın davam edən istintaq bitir. İsmayılov qardaşlarına Cinayət Məcəlləsinin adam oğurluğu, zorlama, qəsdən adam öldürmə və digər maddələrlə ittihamlar verilməklə cinayət dosyesi məhkəməyə göndərilir.
11 epizodlu cinayət dosyesi Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə (indiki Bakı Ağır Cinayətlər Məhkəməsi) hakim Əhməd Quliyevin icraatına verilir. Məhkəmənin hazırlıq iclası Şabran rayon Məhkəməsində aparılır.
Məcidovlar məhkəmənin Şabranda keçirilməsinə etiraz edirlər. Ailə bildirir ki, Şabran məhkəməsində keçirilən prosesdə hakim heyətinə təzyiqlərin olacağına şübhə etmirlər. Buna görə də Bakıda, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə davam etdirilməsini tələb edirlər.
Məhkəmədə müttəhim Təvəkkül İsmayılov qorxunc etiraf edir!
O, Məcidova bacılarını oğurladığını və Şabran Polis Şöbəsinin o zamankı rəis müavini Məmmədmusa Hüseynova təhvil verdiyini açıq şəkildə deyir. İki azyaşlı qızı Qələgah kəndinin girəcəyinə yaxın yerdə böyürtkən kollarının yanından oğurladığını, həmin gecə uşaqları sağ-salamat aparıb Məmmədmusa Hüseynova təhvil verdiyini gizlətmir. O, 35 yaşlı Diləfruz Daşdıyevanı da oğurlayaraq Məmmədmusa Hüseynova təhvil verdiyini hakim heyətinin önündə etiraf edir.
Proseslərdə tərəf olmayan Məmmədmusa Hüseynov, onunla bərabər Ənvər Müslümov da iştirak edirlər. Lakin Təvəkkül İsmayılovun bu etirafları Məmmədmusa Hüseynovun istintaqa cəlb olunması ilə nəticələnmir, onun özü də məhkəmədə ittihamları rədd edir. Təvəkkül İsmayılov isə məhkəmədə adam oğurluqlarını onun tələbi ilə həyata keçirməsini deməkdən yorulmur.
Şübhələrin üzərində cəm olduğu Məmmədmusa Hüseynov ittihamları rədd edir
Məcidova bacılarının valideynləri israrla Məmmədmusa Hüseynovun istintaqa cəlb edilməsini məhkəmədən tələb edirlər. Hakim Əhməd Quliyev bu israrları qulaqardına vurur, Zamir Məcidovun vəsatətlərini heç bir əsaslandırma aparmadan rədd edir. İş o yerə çatır ki, oğurlanmış məktəbli qızların valideynləri məhkəməni qeyri-obyektivliyinə, ədalətsizliyinə, oğurlanmış qızları ilə həqiqətin üzə çıxmasının qarşısını aldığına görə məhkəmə tərkibinə etiraz verir. Bu vəsatət də təmin olunmur. Naəlac qalan məktəbli qızların atası iş üzrə zərərçəkən məhkəməyə etiraz əlaməti olaraq sonrakı proseslərə qatılmır.
Zamir Məcidov məhkəmədə israrla istintaqın yanlış aparıldığını, cinayətin icraçısının həbsi ilə yanaşı dəstəkçilərinin, sifarişçinin də həbsini tələb edir.
Zamir Məcidov bəyan edir – Məmmədmusa Hüseynov istintaqa cəlb olunmayınca prosesə qatılmayacaq!!!
Hakim Əhməd Quliyev sona qədər zərərçəkənlərin vəsatətini əsaslandırma aparmadan təmin etmir, məhkəmə beləcə yekunlaşır!
Təvəkkül İsmayılov ömürlük həbsə göndərilir. Onun qardaşları isə ittihamların ən aşağı həddi ilə cəzalandırılır və bir neçə il sonra azadlığa buraxılırlar. Məcidovlar cinayətin tam açılması, övladlarının ölüsünün və ya dirisinin onlara qaytarılması üçün bu günə qədər də hüquq-mühafizə orqanlarına, ölkə rəhbərliyinə müraciətlər etməkdə davam edirlər.
Məcidovlar isə məhkəmənin qərəzli olduğunu iddia edərək etirazlarını bildirirlər. Lakin onların etirazları cavabsız qalır.
Şahid göldə batdı, Ənvər Müslümovun öldü-qaldısından isə xəbər yoxdur
Bütün bu hadisələrdən sonra, 2023-cü il mayın 21-də Şabran dağlarında yenidən müəmmalı bir itkindüşmə hadisəsi baş verir. 65 yaşlı Ənvər Müslümov evindən çağırılır və izsiz-soraqsız yoxa çıxır…
Törədilən cinayətin ən açar-kilid yeri Təvəkkül İsmayılovun ələ keçməsinə yol açan şahidin, Qələgah sakini Cəfər kişinin oğlu Rahib Qəniyevin həmin dövrdə kənd ərazisindəki göldə boğulmasıdır. İstintaq şahidin ölümündə kriminal iz aşkar etməyib. Ancaq bu boyda cinayətin yeganə şahidinin ölümü təsadüfə oxşamır.
Bütün bu hadisələrin ard-arda baş verməsi, bir-biri ilə əlaqəsi ortadadır. Sanki gizli bir əl, eyni zəncirin halqaları olan mübhəm cinayətlərin üzərindən sirr pərdəsinin götürülməsinə imkan vermir. Kimdir bu cinayətlərin arxasında dayanan? Yoxa çıxarılan Diləfruz Daşdıyevanın, Nailə, Reyhanə Məcidovaların, Ənvər Müslümovun taleyi necə olub? Şabranın dağ kəndlərində cinayətlərin izləri ört-basdır olunur, yoxsa burada daha qaranlıq bir sirr gizlənir?
Mübhəm cinayətlərlə bağlı araşdırmalarımız davam edir. Yaxınlarda Dağbilicidə oğurlanmış Məcidova bacılarının, Diləfruz Daşdıyevanın evlərindən, Qələgahda Ənvər Müslümovun qapısından hazırladığımız videoreportajları da təqdim edəcəyik.