Həyata keçirilən qanunsuz mərc əməliyyatı zamanı hesablarında 200 milyon dollarlıq pul hərəkəti olduğu təsbit edilən 33 şübhəli saxlanılıb.
7News.Az Türkiyə mediasına istinadən xəbər verir ki, əməliyyat 4 vilayətdə həyata keçirilib.
Belə ki, prokurorluq tərəfindən "cinayət törətmək məqsədi ilə təşkilat qurmaq", "xüsusi fırıldaqçılıq" və "qanunsuz mərc oynama" ittihamı ilə aparılan istintaq çərçivəsində polis qrupları İstanbulda əməliyyat keçirib.
Düzce, İstanbul, İzmir və Kocaelidə eyni vaxtda təşkil edilən basqınlarda 33 şübhəli saxlanılıb.
Şübhəlilərin evlərində edilən axtarışlar zamanı 2 ədəd sənədsiz tapança, 2 ədəd boş tapança, 1 ədəd ov tüfəngi, çoxlu sayda güllə, cinayətdə istifadə edilən 27 ədəd mobil telefon, 1 ədəd stolüstü kompüter, 2 ədəd noutbuk, 1 ədəd USB yaddaş, 1 ədəd SSD kartı, 1 ədəd HDD və 1 ədəd POS cihazı götürülüb.
Şübhəlilərin hesablarında ümumilikdə 200 milyon dollar dəyərində pul aşkarlanıb. Şübhəlilər dindirilmək üçün hüquq-mühafizə orqanlarına təhvil verilib.